“Yazıçını, şairi şagirdlərin qarşısında əyləşdirmək dövrü keçib”





Şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir.

Bunu "Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir.

Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları barədə məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənənləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb:

"Mütaliə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Təhsil Nazirliyi mütaliəyə ciddi diqqət ayırır".

M.Vəliyeva ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişləri və mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Bəs ümumilikdə ədəbiyyatın orta məktəblərə girişi sərbəstdirmi? Ədəbiyyat dedikdə, əlbəttə, tədris proqramına uyğun olaraq dərsliklərə salınan şair və yazıçılar və onların əsərlərini nəzərdə tutmuruq. Məsələ çağdaş ədəbiyyatımızın nümayəndələrinin məktəblərlə nə dərəcədə əlaqəli olmasıdır. Yazıçı və şairlərimiz, publisistlər orta məktəblərə tez-tezmi dəvət edilir, məktəblilərlə onların görüşləri təşkil olunurmu? Çağdaş ədəbi nümunələr məktəb kitabxanalarına yol tapırmı?

Yazıçı-publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli «Sherg.az»a açıqlamasında son illərdə Təhsil Nazirliyinin həm yazı, həm oxu vərdişlərinin artırılması istiqamətində ciddi addımlar atdığını dedi:

- Məni dəfələrlə məktəblərə şagirdlərlə görüşə dəvət ediblər. Qısa müddət əvvəl Böyük Mərcanlı köçkün məktəbində görüşdə olmuşam. Dəvətlər çox olur, hamısına çatdırıb getmək də mümkün deyil. Hətta mən təklif etmişəm ki, skayp vasitəsilə şagirlərlə canlı bağlantı yaradaq və master-klass təşkil edək. Şagirdlər yazılarını göndərsin, müzakirə aparaq. Hansısa yazıçını, şairi məktəbə dəvət edib şagirdlərin qarşısında əyləşdirmək və görüşü sual-cavab şəklində aparmaq dövrü artıq keçib. Müasir texnoloji üsualardan istifadə etmək zamanın tələbidir. 

Müasir kommunikativ üsullar var və məncə, hazırkı dövrdə bu uşaqlarda daha böyük maraq oyadar, nəinki yazıçı, şairlə üzbəüz əyləşmək. Təhsil Nazirliyinin yazı, oxu vərdişlərinin aşılanmasına önəm verməyi çox müsbətdir. Vacib olan budur ki, yazı və oxu vərdişlərinin əhatəliliyi təmin edilsin. İnsanlar həyatda qarşılaşanadək sevgini, acını, ağrını, itkini ədəbiyyatdan öyrənir. Xüsusilə də uşaqlar – məktəblilər. Bu mənada məktəblilərə oxu, mütaliə vərdişləri aşılamaq əlbəttə, çox önəmlidir.

Məlahət

Paylaş

Bizi Facebookda izləyin
menu
menu