“...Öz evimizdə kimə gəldi uduzuruq” – Səbəblər sadalandı

"Bu problemlər ona gətirib çıxarır ki, 10 milyonluq ölkənin futbol həyatında 8 komanda çıxış edir. Onlardan da 5-i birbaşa AFFA-dan maliyyələşir. Artıq bu maliyyələşmə də qapanıb"



Dünən Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Yığmamız Slovakiyanı qəbul edib.

"Bakcell Arena”da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycan futbolundakı xoşagəlməz durumla bağlı "Sherg.az”a danışan "Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli ölkəmizdə futbol sahəsində işlərin düzgün qurulmadığını bildirib.

Baş redaktor qeyd edib ki, Azərbaycanda futbolçuların yetişdirilməsi sahəsində problemlər var:

"Məlumdur ki, futbolçuların yetişməsində aşağı yaşlardan başlayaraq yuxarı yaşlara qədər işlər görülür. Müəyyən infrasutukturlar, kadrlar, ləvazimatlar var, lakin həmin kadrların hazırlığı lazımi səviyyədə deyil. Ümumilikdə, ölkəmizdə futbolçu hazırlığının nəzəri hazırlığı düzgün qurulmayıb. Həmçinin futbolun idarəçiliyi ilə bağlı ciddi problemlər var. 

Bu problemlər ona gətirib çıxarır ki, 10 milyonluq ölkənin futbol həyatında 8 komanda çıxış edir. Onlardan da 5-i birbaşa AFFA-dan maliyyələşir. Artıq bu maliyyələşmə də qapanıb. Çünki, futbolda kütləvilik yoxdur. İş adamları, böyük biznes sahibləri, ölkəmizdəki beynəlxalq transmilli şirkətlər futbola yaxın durmurlar. Ona görə də futbolda kütləvilik yönündə müəyyən problemlər var”.

M.Rüstəmli vurğulayıb ki, Azərbaycan yığması o halda hansısa nəticəyə nail ola bilər ki, heç olmasa legionerlərdən qorunsun:

"Təəssüf ki, bunu da müşahidə etmirik. Belə problemlər üst-üstə yığılır və nəticədə biz öz evimizdə kimə gəldi uduzuruq. Nə Slovakiya, nə də Macarıstan Avropa futbolunun əsas sıralarındadır. Biz belə yığmalara məğlub oluruqsa, təbii ki, daha nəhəng və güclü komandalar olanda vəziyyət acınacaqlı olur”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu