Nəsimi ədəbiyyatımıza kamil insan düşüncəsi gətirib

"Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği"


Bu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəffəkkir şairi İmadəddin Nəsiminin anadan olmasında650 il ötür.Yüksək idealları və məfkurəsi yolunda mübarizə aparan bu görkəmli şəxsiyyət daim şər qüvvələrə qarşı son nəfəsinə qədər fədakarcasına mübarizə aparıb. Və bu yolda öz həyatını qurban verməsi böyük bahadırlıq dastanı kimi 600 ildən bəridir ki, yaşamaqdadır. Məhz bunun üçün də Prezident İlham Əliyev Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə imzaladığı müvafiq fərmanla xalqımızın, dövlətimizin bu böyük şairinin irsinə ehtiramını ifadə edib. Bu tarixi qərarda cəmiyyətimizin Nəsimi şəxsiyyətinə münasibəti ifadə olunub. Onun düşüncə mirasına sevgi öz əksini tapıb.Ondan əvvəl və ondan sonra yaşayıb-yaratmış bütün fikir adamlarımız kimi, Nəsiminin də Azərbaycan xalqına və ümumən bəşəriyyətə mənəvi əmanətləri çoxdur. 

Bu gün danışdığımız saf, inci kimi cilalı, şirin ana dilimiz onun əmanətlərindəndir. Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiqliyi, yüksək humanizmi, tolerantlıq ənənələri, istiqlal ideyalarına bağlılığı, milli dövlətçiliyimizə sadiqliyi Nəsimi kimi dühalarımızın nurundan irəli gəlir. 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan olunması adi bir hadisə deyil. İctimai fikir tariximizdə müəyyən rolu olmuş hansısa şəxsiyyətin sadəcə yubileyinin keçirilməsi üçün atılan addım da deyil. Bu, daha çox Nəsimi ideyalarının aktuallaşdırılmasıdır. 

Belə mütəfəkkirləri yetirmiş Azərbaycan xalqının nə qədər böyük xalq olduğunun dünyaya nümayiş etdirilməsidir. Belə bir yanaşma ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində gördüyü işlərin daha uğurlu davamıdır. Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə o zaman ulu öndər sərhədləri dünyaya qapalı kiçik bir ölkənin şairinin yubileyinin UNESCO xətti ilə beynəlxalq miqyasda keçirilməsinə müyəssər oldu. Bakıda şairin möhtəşəm abidəsi ucaldıldı, adı paytaxtın inzibati rayonlarından birinə verildi. Heydər Əliyevin dəstəyi ilə çəkilən "Nəsimi” filmi yaxın-uzaq ölkələrə səs salıb. Bu gün də İ.Nəsiminin 650 illik yubileyi ölkənin əksər ali və orta təhsil ocaqlarında təntənəli şəkildə qeyd olunur. Onun böyüklüyü, ucalığı tələbə, şagird və eyni zamanda xalqın diqqətinə çatdırılır.

Qısa arayış: Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olub. Azərbaycan şairi, dahi mütəfəkkir İmaməddin Nəsimi adı ilə məşhurdur. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur. Şairin əsərlərinə diqqət yetirdikdə bəlli olur ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. İlk təhsilini Şamaxıda alıb. Dövrün elmlərini, dinlərin tarixini, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəyib. İslam və xristianlıq dinlərinin əsaslarına yaxından bələd olub. Quran, hədis elminə gözəl yiyələnib, tarix, psixologiya, etika, coğrafiya, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən qail olub. O, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl məzmunlu şeirlər yaza bilib. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsimi 3 dildə ana dili səviyyəsindən geri qalmayan şeirlər yazıb. Demək olar ki, Nəsimi şeirlərinin məzmun cəhətdən əsas mahiyyəti "Qurani-Kərim"in ideyasından kənara çıxmır.

Teymurləng hürufiləri ciddi təzyiqlərə məruz qoyduğu bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Mənbələrə görə, Nəsimi hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub.

Nəsimi yaradıcılığında bütövlükdə Azərbaycan xalqının ürəyinin səsi və döyüntüləri eşidilir. Nəsiminin yaşadığı dövr son dərəcə mürəkkəb, ictimai-siyasi ziddiyyətlərin olduqca kəskin olduğu zamana təsadüf edir. Bir tərəfdən Əmir Teymur, digər tərəfdən İldırım Bəyazid, başqa yandan isə Toxtamış kimi sərkərdələr öz iddialarını diktə etməyə çalışırdılar. Nəsimivə ustadı Nəimitəsadüfi adamlar deyildilər. Onlar zülmə, cəhalətə qarşı hürufilik və sufizm təriqətini, hərəkatını başlatdılar. Nəsimi Nizamidən sonrakı, Füzulidən əvvəlki Azərbaycan poeziyasının ən qüdrətli sənətkarıdır. Nəsimi özü və yaradıcılığı haqqında şeirlərinin birində belə deyirdi:

Hər kəs Nəsimi sözünü kəsb edə bilməz,

O bir quş dilidir, onu ancaq Süleyman bilir.

Nəsimi şeirlərində kamil insan məsələsinə də daim toxunurdu.

Nəsimi kamil insan düşüncəsi ilə ədəbiyyatımıza böyük ərmağan, düşüncə gətirdi. Bu düşüncə elə indi də insanlarımızın gedəcək yolunu müəyyənləşdirir.

”Ey könül, Mənsur ənəlhəqq söylədi,

Həqq idi, həqqi dedi, həqq söylədi.

Mərifət sirrini mütləq söylədi

Arif amənna-vəcəddəd söylədi.

Nəsiminin əsərləri içərisində "Bəhrül əsrar” qəsidəsi xüsusi maraq doğurur. Məlumdur ki, bu əsər dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi və nəsihətamiz fikirlərlə zəngindir.

Ayağını bu torpağa hörmətlə bas, unutma ki,

Şahlar başı torpaq olmuş gəlib-gedən üstə gəzər.

Əsərdə fəlakətlərlə dolu olan bir zəmanədə zülm və əsarət içərisində iztirablı, kədərli həyat keçirən insanların taleyi şairi dərindən düşündürür. Şair dövlət və sərvət yığmaq ehtirasına, acgözlüklə dünyanı soymağa, çapıb-talamağa çalışan tamahkar, qəddar ürəkli hökmdarlara, feodal məmurlarına istehza edir. Dövlətə, sərvətə pərəstiş edənlərin insanları əzmələrini pisləyir.

Simü –zər yığmaq üçün cəhd eyləmə Qarun kimi,

Hər xəzinə torpaq altında qalıbdır min kərə.

Sərvət ilə yüklənərsə kəştisi dövrün əgər

O tufanlı dəryada düşməz məgər şuri-şərə?..

Dünya birşandır, onun həm şəhdi, həm də zəhri var,

Şəhid üçün insan gərəkdir tab gətirsin nəştərə.

Nəsimi sözə dəyər verən şair olub. O, şeir və rübailərində hikmətli sözlərdən məharətlə istifadə edib.Azərbaycan dilinin gözəlliklərini, əzəmətini, zənginliyiniözünəməxsus şəkildə çatdırıb.

Düşdü yenə dəli könlüm gözlərinin xəyalinə,

Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə.

Al ilə ala gözlərin aldadıb aldı könlümü.

Alını gör nə al edər kimsı irişməz alinə.

Xalqın təəssübünü çəkmək Nəsiminin bütün yaradıcılığı boyu davam edib.

Yoxsul və zəhmətkeş adamlar Nəsimi nəzərində böyük məhəbbətə, böyük qiymətə malik olanlardır. Burada şair insanları sadəliyə, fədakarlığa, təvazökarlığa, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik olmağa, arif olmağa, mənalı, şüurlu həyat keçirməyə çağırır.

İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,

Bax, sədəf çılpaqdır, ancaq qəlbi bənzər gövhərə.

Aqil insan zər üçün öz ömrünü verməz hədər,

De, siçanlar nədən eşq yetirdin sən zərə?

Sən çörəkçün minnət etmə, hifs elə öz ruzini

Qafil ol kəsdir ki, ruziçin o, batmaz qan-tərə…

Nəsiminin şeirlərində Qurana müraciət olduqca çox yer alıb.

Ey cəmalın Qul huvəllahu əhəd.

Surətin yazısı Allahus Saməd.

Bir ucu zülfünün əzəl, biri əbəd.

Hüsnünə şeytanmış mən lə səcəd.

Nəsimi şeirlərini daha təsirli edən onun misralarında fəlsəfi düşüncənin daha geniş təcəssüm olunması idi. Onun fəlsəfi şeirlərini hər kəs başa düşə bilmirdi. Nəsiminin təbirincə desək, yaxşı söz, sonda yaxşı şeirə, yaxşı şeir isə yaxşı fəlsəfəyə çevrilir.

Daim ənəl-həqq söylərəm, neçünki Mənsur olmuşam,

Kimdur məni bərdar edən, bu şəhrə mənsur olmuşam.

Nəsimi şeirlərində əxlaq məsələləri də başlıca rol oynayıb. Əksər şeirlərində, mədəni, mənəvi, siyasi, ictimai, elmi və fəlsəfi əxlaqa daha geniş diqqət yetirilib.Nəsiminin tənqid hədəflərindən biri də özlərini arif kimi göstərən sufilər idi.

Bir məgəsdir balı yox.

Bir ağacdır barı yox...

Bu misralarda mütəfəkkir şair o dövrün hakim dairələrini, əqidəsiz din xadimlərini, riyakar zahidlərini özlərini balverən arıya bənzətmək istəsələr də, onları məgəs (milçək) adlandırıb, barsız ağaca bənzədib. Nəsiminin nəsihətamiz şeirləri də tərbiyəvi cəhətdən mühümdür. Şeirlərinin birində ədib təriqət çaşqınlığında qalanlara belə buyurur:

Ey könül hər bivücuddan can umursan, nə əcəb.

Bikərəmdən lütfilən, ehsan umursan, nə əcəb.

Bişəriətlər nə bilsün ənbiyanın şərtini,

Bitəriqətdən rəhe ərkan umursan, nə əcəb?!

Dahi Nəsimi ürfani eşqi olduqca geniş tərənnüm edir. Onun eşq haqda olan şeirləri fəlsəfi baxımdan dünya ədəbiyyatının şedevri sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha olmalıdır. Bunu isə yəqin əhli olan ariflər duyar. Nəsimi insanın yaradılışının mənbəyini eşqdə görür. Bəzən alimlər bunu qadın-kişi arasında olan eşqlə qarışdırır. Sual yaranır ki, bəs Adəmlə Həvvanı hansı insanların eşqi yaradıb? Nəticə bunu göstərir ki, Nəsimi yaradıcı eşqi önə çəkəndəilahi eşqi nəzərdə tutur. Hətta bu ölməz şairin məlum yanaşmasındansonra "Eşq haqqı”ifadəsi də dillər əzbəri oldu.

Eşqlə gəldi cəmi ənbiya

Eşq idi seyre süluke övliya

Eşqilə yola girərlər biriya

Eşqilə vasil olurlar tanrıya.

***

Eyni zamanda İ.Nəsimi

Ey könül, həqqsəndədir, həqqsəndədir,

Söylə həqqi kim, ənəlhəq səndədir,

Nuri-mütləq, zati-mütləq səndədir.

Müshəfin hərfi mühəqqəq səndədir.

misraları ilə insanlara tövsiyə edir ki, hər işində Allahı gör. Haqqı, dəyərləri hər şeydən üstün tut, gələcəyini bu yöndə qur.

Qeyd edək ki, Hələbdə Nəsiminin tərəfdarlarının çoxalması din xadimlərini təşvişə salır, onların fətvası ilə Nəsimi zindana salınır. 1417-ci ildə asılaraq dərisi soyulur. Deyilənlərə görə, şairin edamını təşkil edən din xadimi "Bu elə bir məlundur ki, hara qanından bir damla sıçrasa, oranı kəsmək gərəkdir” demiş. İşə bax ki, şairin qanından bir damla həmin dinxadiminin barmağına düşmüş, barmağının kəsilməsini istəyənlərə "mən söz olaraq demişdim” söyləyib.

Al-qan içində inləyən, həyatın son akkordlarını yaşayan Nəsimi burada bədahətən"Ağrımaz” qəzəlini ərz edib. Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır.

Ay ilə günəş üzün heyranıdır,

Mişk ilə ənbər saçın tərxanıdır,

Çün Nəsimi aləmin sultanıdır,

Dövr anın, dövran anın dövranıdır.

Nəsiminin ölümü gözəl ölümdü. Deyirlər onu soymağa dabanından başlayıblar, lakin o,idealından dönməyib. Onun haqqında çoxlu rəvayətlər də yaranıb. Rəvayətlərin birində söylənilir ki, ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar:

-Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?

Nəsimi qürurla cavab verir:

-Bəli, rəngim saralır.

Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm.

Günəş qürub edəndə saralar.

Nəsimini diri-diri soymaq, şaqqalamaq, onu sındırmaq olardı, lakin əymək olmazdı. Azərbaycan oğlunun bu ibrətli ölümü, xalqımızın, onun davam edib gələn nəsillərinin iradəliliyi, dönməzliyi rəmzi olub. Bu ölüm sözün əsl mənasında poeziyaya çevrilib. Şair öz ölümü ilə insanlığı heyran qoydu. Nəsimikönüllər fatehi idi. Şair ölümü ilə ölməzliyini təsdiq etmiş əbədi şəxsiyyətdir. Azərbaycanın əbədi şəxsiyyəti…

Böyük şair-filosof İ.Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz "ənəlhəq”ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə,əfsanələrə çevrilmiş mərdanə və amansız ölümüylə təbliğ və təsdiq etdi.

Onu da əlavə edək ki, hazırda Hələbdə Nəsiminin adını daşıyan köhnə bir küçə var. Böyük söz ustadının məqbərəsi oradadır.Yerli sakinlər Nəsiminin öz vətəni, öz dili olduğunu bilirdilər. Onlar bilirdi ki, Nəsimi doğma xalqının oğludur. Bu xalq isə bizik.

Mənsur: "Ənəlhəq!” söylədi,

"Mürtəddir!”–Elan etdilər.

Mənsur "mənəm həqq” söylədi,

Bağdaddaedam etdilər.

Ayyət Əhməd

Yazı "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu