"Təcili yardım"larda təcili dəyişiklik olmalıdır..."

Yoxsa hər gün media bir həkimin döyülməsi və qətli xəbərini yayacaq


Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülüb.

Hadisə rayonun Qaradəmirçi kəndində baş verib.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali bildirib ki, bu gün səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: "Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar. Bundan başqa, "təcili yardım" avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb".

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib, faktla bağlı araşdırmalara başlanılıb.
Təcili yardım həkimlərinə hücumların çoxmu şahidi olacağıq? Həm də təkcə təcili yardım həkimləri deyil ki, hücuma, təzyiqə məruza qalan, xəsarət yetirilən. Bəzən görürsən, xəstəxanada, hansısa müalicə müəssisəsində də xəstənin yaxınları, doğmaları həkimə hücum çəkir. İnsanın ruh halı mürəkkəb və dəyişkəndir, bu məlumdu. İnsanın doğması, yaxını, ailə üzvü ağır vəziyyətdədirsə, əsəbi, emosional olması, özünü ələ ala bilməməsi anlaşılandır. 

Hətta tibbi baxımdan ağır vəziyyət sayılmayan hallarda da məhz doğmamız olduğundan həyəcan keçirməyimiz və həkimin çağırışa tez gəlməsini arzulamağımız təbii qarşılanmalıdır. Amma istəklər həm də reallıqlardan asılıdır. Təcili yardım da çağırışa vaxtında çatmaq və xəstəyə ilkin tibbi yardımın tez göstərilməsini istəyir, lakin konkret səbəblərdən bəzən bunu edə bilmir. Təcili yardım gec gələndə də hücumlar, təhqirlər başlayır. Bəs necə olsun? Bəlkə təcili yardım briqadasına bir psixoloq da əlavə edilsin ki, evin qapısını ilk öncə o açsın, ailə üzvlərini sakitləşdirsin? Belədə bəlkə həkimlərin döyülməkdən canı qurtarar?

Həkim-terapevt Şahvələd Məmmədov təcili yardım briqadasına psixoloq əlavə edilməsi təklifimizin daşıdığı məqsədə anlayışla yanaşsa da, bunun mümkünsüz olduğunu bildirdi:

- Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Təcili yardım briqadasına həkim, feldşer və tibb bacısı daxildir. Psixoloqlar şizofreniya, psixoloji stres, gərginliklə bağlı çağırışlara gedir. Psixiatrik həkim briqadaları var və onlar təyinatı üzrə çağırışlara gedir.

Ş.Məmmədov qeyd etdi ki, vətəndaşların həkimlərə hücumlarının qarşısının alınması üçünsə, təcili yardım briqadalarının sayı mütləq artırılmalıdır:

- Ötən dəfə də bunu bildirdik ki, təcili yardım briqadalarının sayı günün reallığı ilə uyğun gəlmir. Əhali sayı artıb, xəstəliklər də əvvəlki illərə nisbətən 2 dəfə artıb. Ona görə də təcili yardım briqadaları çağırışlara gecikir. Dünən (srağagün) vətəndaşın əlini «loqonda» ilə kəsməsiylə bağlı çağırış vardı, biz həkim briqadası tapıb ora göndərə bilmirdik. Bütün briqadalar çağırışda idi. Təcili yardım briqadalarında ştat sayı artırılmalıdır. Paytaxtın 13 inzibati rayonu üzrə 22 təcili yardım stansiyası var, amma yenə də çatışmır. Briqadalar çağırışlara gecikmə ilə gedir, vətəndaşlar da narazılıq edir, həkimlərə hücum çəkirlər.

Ş.Məmmədov qardaş Türkiyədə təcili yardım strukturunda dəyişiklik edildiyini xatırlatdı:

- Məsələn, Türkiyədə təcili yardım briqadasının həkimi yalnız ağır çağırışlara qoşulur. Xəstəlik nisbətən yüngüldürsə, çağırışa paramediklər gedir. Yəni feldşer, tibb bacısı. Xəstəni stasionara yerləşdirmək zərurəti varsa, yol boyu ona lazımi tibbi yardım göstərilir. Bizdə də bu sistem tətbiq olunsa, həkimlər nisbətən sərbəst olar və çağırış sayı artdıqda, həkim özü ünvana gedər, bununla da vətəndaşlara təcili tibbi yardım göstərilər. Biz vətəndaşları da anlayırıq, onların həyəcan, stres keçirdiyini bilirik, amma vətəndaşlar da gərək həkimləri anlasın və gecikmənin həkimdən asılı olmadığına inansın. Bir az təmkinli olsunlar.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu