Medianın reklam problemi...

Reklam bazarının inkişafı ilə bağlı təkliflər paketi hazırlanıb



Azərbaycan mətbuatının ciddi problemlərindən biri də reklam bazarının inkişaf etməməsidir. Problem dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hətta hökumət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib. Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media nümayəndələrini qane etmir. 

Reklam bazarının inkişafı ilə əlaqədar görülən işlərdən və mövcud problemlərdən danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Şura tərəfindən təkliflər paketinin hazırlandığını və müvafiq dövlət qurumlarına təqdim edildiyini deyib. M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda kifayət qədər reklam var, sadəcə, onun şəffaflaşması, ədalətli paylanması problemi mövcuddur:

 "Reklam bazarının qaydaya salınması çox vacib məsələdir. KİV büdcəsinin formalaşması üçün bir çox mənbələr nəzərdə tutulub, burada ianələrdən satışa qədər çox variantlardan istifadə olunur. Ancaq əsas ağırlıq reklamın üzərindədir. Çox təəssüf ki, Azərbaycanda medianın rəsmən elan olunan reklam bazarı Azərbaycan iqtisadiyyatının durumuna adekvat deyil və KİV-lər üçün uyğunsuzdur. Həm Mətbuat Şurası, həm də KİVDF bununla bağlı təkliflər paketi hazırlayıb. 2018-ci ildə Şura tərəfindən 16 təklifdən ibarət paket dövlət qurumlarına verilib. İndi dövlət qurumları onu nə zaman müzakirə edəcəklər, nəticəsi nə olacaq, bu artıq başqa məsələdir”.

MŞ təmsilçisinin sözlərinə görə, təkliflərin əsas mahiyyətini reklamların verilməsi və paylaşdırılması ilə bağlı hüquqi mexanizmlərin yaradılması təşkil edir:

 "Bu gün "Azərbaycanda reklam yoxdur” demək olmaz. Reklam var, ancaq ədalətsiz bölünüb. Məsələnin ikinci tərəfi isə odur ki, reklamın qara formalarından istifadə olunur. Ən ciddi faktorlardan biri gizli reklam məsələsidir. Reklam açıq olmalıdır, reklam işarəsi altında verilməlidir və qarşılığında KİV-ə müəyyən ödəniş olunmalıdır. Verilən reklamlar arasında rəsmiləşdirilməmiş, elan olunmayan və bu yolla vergidən yayınan reklamlar çoxdur. Mətbuat Şurası elə bir mexanizm təklif edir ki, həmin mexanizm reklamın şəffaflaşdırılmasına imkan versin”.

M.Ələsgərli vurğulayıb ki, son vaxtlar sosial şəbəkələrin inkişaf etməsi reklamlarla bağlı problem yaradıb: 

"Reklam verən fikirləşir ki, KİV qurumuna ciddi ödəniş etməkdənsə, həmin reklamı özünün yaratdığı sosial şəbəkə üzərindəki səhifədə rahatlıqla paylaşa bilər. Bu məqam müzakirə olunmalı və müəyyən səliqə-sahman yaradılmalıdır. Nəzərə alaq ki, dövlət qurumlarının əksəriyyəti özlərinin media orqanlarını təsis ediblər. Ancaq onların heç bir imici, ciddi tirajı, ictimai rəyə təsir imkanları yoxdur. Buna baxmayaraq, dövlət orqanları elan və reklamları öz KİV-lərində yerləşdirirlər. Bu, haqsız rəqabətdir, həm də maliyyənin sağ cibdən-sol cibə axmasıdır. Onlar özlərinin informasiya təminatını ümummilli KİV-lər vasitəsilə həyata keçirirlər, ancaq reklamları özlərinin təyin etdikləri mediaya yönəldirlər. Reklam verilməsinin mexanizmi yaradılarsa, prosesdə şəffaflıq əldə olunarsa, problemlər də aradan qalxmış olacaq”.

Şura rəsmisi reklam verənlərin hansısa şərtlər irəli sürməsinin yolverilməz olduğunu deyib: "Reklam verənin tələbi reklamla bağlı ola bilər. Qanunda birmənalı şəkildə göstərilir ki, reklam verənin hansısa neqativ əməlinin işıqlandırılması qəbuledilməzdir. Əgər reklam verənin fəaliyyətində hansısa qanun pozuntusu varsa, KİV-in onu işıqlandırmamaq kimi bir öhdəliyi yoxdur. O başqa məsələdir ki, reklam verənlər "ərklə” davranırlar. Hazırda reklam verilməsində qeyri-şəffaflıq var. Düşünürlər ki, əgər nüfuzlu media qurumu onların reklamını verməsə, başqa şəkildə, qara yollarla öz reklamlarını edəcəklər. Qara yollar dedikdə aztirajlı KİV-ləri, sarı mətbuatı, sosial şəbəkələrdəki reklamı nəzərdə tuturam. Bəzən şirkətlər nüfuzlu media orqanlarında normal vəsait ödəyərək məhsulunu reklam etməkdənsə, maxinasiyalara gedirlər. Qeyri-peşəkar KİV-lərdə 10 qat ucuz qiymətə reklam verirlər və qalan pulu mənimsəyirlər.

Mövzu ilə bağlı fikirlərini bildirən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, ilk növbədə Türkiyə təcrübəsində olduğu kimi reklam bazarına nəzarət edən bir qurumun yaradılmasına ehtiyac var:

 "Reklam bazarı və mətbuatın reklam almaq imkanlarının genişləndirilməsi ilə bağlı Mətbuat Şurası bir neçə təkliflə çıxış edib. Neçə ildir ki, bu məsələ müzakirə olunur. Bundan ötrü ilk növbədə mətbuatla bağlı reklam agentliyinin yaradılmasına ehtiyac var. Bu istiqamətdə Türkiyə təcrübəsini Azərbaycanda tətbiq etmək olar. Hətta biz Türkiyədə Reklam Qurumu deyilən və qəzetlər arasında reklamın bölgüsü ilə məşğul olan bu orqanın nümayəndələrini də ölkəmizə dəvət etmişdik. Onlar burada müzakirələrdə iştirak etmişdilər. Çox təəssüf ki, bu təkliflərin hər biri təklif olaraq qaldı və reallaşmadı. Hazırda ölkədə reklam bazarı o qədər də ürəkaçan deyil və onun səbəbləri var. Səbəblərindən biri ondan ibarətdir ki, son dövrlər sosial şəbəkələr ənənəvi medianı və yeni medianı üstələyib. Sosial şəbəkələrdə hər bir şirkətin, hər bir təşkilatın, ümumiyyətlə, iqtisadi münasibətlərdə iştirak edən qurumların özlərinin sosial hesabları var və o hesablar üzərindən özlərinin reklam təbliğatını aparırlar. Hesab edirlər ki, ən doğru yol da bundan ibarətdir”.
Baş redaktor vurğulayıb ki, sosial şəbəkələr heç zaman peşəkar medianı əvəz edə bilməz: "Peşəkar medianın çox böyük təsir imkanları var və ciddi rəy yaratma imkanları sosial şəbəkələrdən daha çoxdur. Əvvəllər iri şirkətlər reklamlarını çap mediasına yox, televiziyalara verirdilər. Ancaq indi televiziyaların da reklamları məhdudlaşıb. Ona görə də reklam qurumu yaratmaq lazımdır, özəl strukturların, sənaye, ticarət və sairlə məşğul olan strukturların reklamlarını vahid bir platformada cəmləşdirmək lazımdır”.

A.Aşırlının sözlərinə görə, Azərbaycanda iqtisadi müstəqilliyi olan medianın mövcudluğu dövlətin nüfuzu baxımından da önəmli məsələdir. Buna görə də mətbuata reklam verən kommersiya şirkətlərinə müəyyən güzəştlərin edilməsi bu məsələdə stimullaşdırıcı rol oynaya bilər: 

"Biz əvvəllər əlavə bir maddəni də müzakirə etmişdik ki, milli brendimiz sayılan məhsulların reklamına pul ayıran şirkətlərə müəyyən qədər vergi güzəştləri olsun. Əgər bu güzəştlər olsa, şirkətlər də meyilli olar. Hazırda ölkədə bu istiqamətdə vəziyyət çox acınacaqlıdır. Mətbuatın reklam imkanları sıfıra bərabərdir. Bu durumun düzəlməsi üçün verilən qərarlara, təkliflərə hörmətlə yanaşmaq lazımdır. Mətbuatın inkişaf konsepsiyasından irəli gələn məsələlərə yenidən baxmaq, onları yenidən həyata keçirmək lazımdır. Beynəlxalq aləmdə bizim mətbuatı bəzən asılı mətbuat hesab edirlər. Çünki beynəlxalq aləmdə qəzetlərin yaşamasının 60 faizi reklamdan asılıdır. Bizdə isə reklam gəlirləri 1-2 faiz deyil. Bu səbəbdən Azərbaycan mətbuatı ilə bağlı dünyada müsbət fikrin formalaşması üçün mütləq qərar qəbul olunmalıdır və reklam qaydaları müəyyənləşməlidir”.

İllərdir həllini tapmayan problemlə bağlı "Şərq”ə danışan "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, mediada reklam bazarı xeyli daralıb. Xüsusən də yazılı mətbuat bu sahədə ciddi problemlərlə üzləşib:

 "Bütün dünyada mətbuatın əsas gəlir mənbələrindən biri reklamdır. Amma təəssüf ki, bizdə bununla bağlı imkanlar geniş deyil. Zaman keçdikcə bu imkanlar daha da azalır. Bu kontekstdə Mətbuat Şurasının təkliflər paketi ilə çıxış etməsi kifayət qədər zəruri məsələdir. Hətta fikrimcə, bir qədər də gecikmiş addımdır. Əslində bununla bağlı çoxdan dövlət orqanları ilə birgə iş çərçivəsində müxtəlif təklifləri dəyərləndirmək mümkün idi. Əgər reklam bazarının formalaşması ilə bağlı təkliflər artıq müvafiq dövlət qurumlarına təqdim olunubsa, qısa müddət ərzində həmin təkliflər üzərində iş başlaya bilər. Bununla da mətbuatımıza fayda gətirən qərarlar qəbul olunar”.

Baş redaktorun sözlərinə görə, reklam bazarını inkişaf etdirmək üçün dünya təcrübəsi də öyrənilməlidir:

 "Azərbaycan reallıqları nəzərə alınmaqla xarici ölkələrdəki praktikanı ölkəmizdə tətbiq edə bilərik. Dövlət təşkilatlarının reklam xarakterli müəyyən məlumatlarını mediaya yönləndirməyə çalışmalıyıq. Reallıq odur ki, dövlət qurumları, nazirliklər, komitələr reklam xarakterli informasiyalarını daha çox öz tabeliklərində olan, özlərinin təsis etdikləri media orqanlarında yerləşdirməyə üstünlük verirlər. Əslində bu da onların əhatə dairəsini məhdudlaşdırır, cəmiyyətə daha dolğun formada çatdırılma imkanlarını daraldır. Ümumrespublika səviyyəli elan və reklamların geniş auditoriyalı, səviyyəli qəzetlərdə, saytlarda yerləşdirilməsi daha əhəmiyyətli və effektiv olar”.

İ.Quliyev hesab edir ki, ilk addım kimi reklamların mərkəzləşdirilmiş qaydada paylanması təmin edilməlidir: 

"Türkiyədə belə bir qayda var ki, dövlətlərə məxsus elanlar mərkəzləşdirilmiş qurum vasitəsi ilə media orqanlarında paylaşdırılır. Azərbaycanda bu qaydanı tətbiq etmək mümkün olarsa, ənənəvi mediamız öz inkişafına kifayət qədər təkan verəcək maddi mənbə əldə etmiş olar. Təbii ki, digər təklifləri də dəyərləndirmək, üzərində işləmək mümkündür. Ümumən düşünürəm ki, qarşıdan gələn Milli Mətbuat Günü ərəfəsində bu məsələ daha da aktuallaşmalıdır. Dövlət orqanları mövcud problemə bir qədər də diqqətlə yanaşmalıdır. Məncə, Mətbuat Şurasının təklifi əsasında ictimai müzakirələr təşkil edərək konkret qərar qəbul etməyin vaxtı çoxdan çatıb”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də "Şərq”ə açıqlamasında vurğulayıb ki, reklam məsələsi mətbuatın ən ağrılı yeridir:

 "Biz uzun zamandır problemi qabardırıq, gündəmə gətiririk. Azərbaycanda az da olsa reklam bazarı var. Amma təəssüflər olsun ki, reklam bazarından ən az yararlanan mətbuat sahəsidir, xüsusən də ənənəvi çap mediası. Onlayn KİV-də bir qədər reklam var. Ümumilikdə isə qonşu ölkələrlə müqayisədə mediamızda reklam yox dərəcəsindədir. Bilirsiz ki, medianın müstəqil olması onun iqtisadi dayanaqlığından keçir. KİV maliyyə cəhətdən nə qədər güclü olarsa, bir o qədər müstəqil olur”.
Ekspert bildirib ki, mövcud problemi aradan qaldırmaqla bağlı dövlətin xüsusi proqramı, siyasəti var: "Bütövlükdə məsələni həll etmək üçün iqtisadiyyatın liberallaşmasına ehtiyac var. İndi bu prosesə start verilib. Proses dərinləşdikcə, biznes fəaliyyəti ilə məşğul olan qurumlar bazarda qalmağa çalışacaq və bu zaman reklamlarına maliyyə vəsaiti ayıracaqlar. Yalnız o halda medianın payına düşən reklamların həcmi arta bilər”.

Y.Məmmədlinin sözlərinə görə, jurnalistlər də bu məsələdə fəallaşmalıdır: 

"Bir müddət öncə gündəmə gətirdiyimiz Reklam Şurası məsələsini yenidən aktuallaşdırmalıyıq. Türkiyədə bu üsuldan istifadə edilir. Ola bilsin, sırf ona bənzər bir qurum yaratmağa ehtiyac yoxdur. Çünki bizdə KİVDF var, ancaq Fondun nəzdində ayrıca bir şura yaratmaq olar”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu