İrəvanın işğalçılıq siyasəti regionun geosiyasi bütövlüyünü pozub

"İstər “Qarabağ klanı”, istərsə də Paşinyanın hakim komandası bölgə üçün təhlükə mənbəyi olaraq qalmaqdadır"


Ermənistanda Nikol Paşinyan hökuməti ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında ziddiyyətlər kuliminasiya nöqtəsinə çatıb. Vəziyyət o həddədir ki, Paşinyan qondarma rejimə maliyyə yardımı ayırmağı da dayandırıb. Erməni mətbuatının yazdığına görə, İrəvan qondarma rejimin maliyyə yardımı barədə bütün xahişlərini rədd edib. Baş nazir Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın istefası şərtini irəli sürüb. 

Qondarma "prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də, keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Balasanyan "DQR prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfindən Dağlıq Qarabağ rejiminə tətbiq edilmiş sanksiya kimi qiymətləndirirlər. Yəni Paşinyan separatçı rejimi çökdürmək və Saakyanı özünə sadiq qüvvələrlə əvəzləmək üçün maliyyə dəstəyini dayandırır.

Ermənistan hökuməti ilə qondarma rejim arasındakı qarşıdurmanı "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, İrəvanın işğalçılıq siyasəti regionun iqtisadi və geosiyasi bütövlüyünü pozub. Bu baxımdan, istər "Qarabağ klanı”, istərsə də Paşinyanın hakim komandası bölgə üçün təhlükə mənbəyi olaraq qalmaqdadır:

 "Ermənistanda baş verən etiraz aksiyaları nəticəsində Serj Sarkisyan hakimiyyətinə son qoyulması, müxalif deputat Nikol Paşinyanın hakimiyyətə gəlməsi Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv dialoq mühitinin yaranacağına az da olsa ümid yaratmışdı. Çünki "Qarabağ klanı”nı devirən Paşinyan tamam fərqli siyasət həyata keçirəcəyini söyləmişdi. 

Bu mənada, işğal faktına görə Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid edən Azərbaycanla əlaqələrin bərpası düşmən ölkə rəhbərinə verdiyi vədləri yerinə yetirməyə imkan tanıya bilərdi. Bu, Paşinyanın erməni xalqı qarşısında etibarını itirməməsi üçün yeganə şansı idi. Lakin bunun əvəzinə ağır sosial-iqtisadi və siyasi böhran vəziyyətindən hələ də çıxa bilməyən erməni baş nazir siyasi rəqiblərindən canını qurtarmağa çalışdı. 

O, işğalçı ölkənin sabiq prezidenti Robert Koçaryanı həbs etdikdən sonra diqqətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, erməni generalı Yuri Xaçaturovun üzərində çəmləşdirdi. Devirdiyi Serj Sarkisyanı da oxşar taleyin gözlədiyi heç kimdə şübhə doğurmurdu. Lakin Kreml rəhbərliyinin barəsində cinayət işi qaldırılan generalın həbsinə "yaşıl işıq” yandırmaması Paşinyanın bütün planlarını alt-üst etdi”.

Analitik vurğulayıb ki, münaqişənin həlli ilə bağlı istənilən səviyyədə həyata keçiriləcək yumşaq diplomatiya "Qarabağ klanı”nın əlində Paşinyana qarşı fürsət və bəhanə yaradacaq: "Koçaryan-Sarkisyan cütlüyü problemin həllində sədd funksiyasını icra edirlər. 

Təsadüfi deyil ki, Paşinyan son çıxışlarının birində Azərbaycanla Dağlıq Qarabağ danışıqlarına hazır olduğunu bəyan edib. O, bununla əvvəlki fikirlərindən, yəni danışıqlarda qondarma rejimin də iştirak etməsi ilə bağlı şərtindən geri çəkildiyini göstərməyə çalışıb. Həmçinin, prosesin bərpasının müəyyən vaxt tələb etdiyini söyləyib. Ancaq Ermənistana kənar qüvvələrin böyük təsirinin mövcud olduğu hazırkı şəraitdə danışıqların hansı istiqamətdə inkişaf edəcəyi ciddi sual doğurur”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu