“I Xəzər iqtisadi Forumu”na həsr olunmuş "dəyirmi masa" keçirilib

Xəzərlə bağlı Konvensiyanın imzalanması böyük uğur idi



Dünən Beynəlxalq Mətbuat Mərkəzində Türkmənistanın Azərbaycandakı Səfirliyinin və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin birgə təşkilatçılığı ilə "I Xəzər iqtisadi Forumu”na həsr olunmuş "dəyirmi masa" keçirilib. Tədbirdə millət vəkilləri, Xəzəryanı ölkələrin səfirlikləri, ziyalılar və media nümayəndələri iştirak ediblər. İlk olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının artırılmasının əhəmiyyətindən danışıb.

 Təşkilat sədri Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqəti çəkib. Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Xəzəryanı ölkə başçılarının iştirakı ilə bu ilin avqust ayının 12-də Türkmənistanda təşkil olunacaq I-ci "Xəzər İqtisadi Forum”unun vacibliyindən söz açan Rufiz Qonaqov keçirilən bu tədbirin məhz həmin Foruma həsr edildiyini bildirib.

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşankuliyev həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın bu ölkələrin suverenliyinə vacib təsir göstərdiyini bildirib. Səfir qlobal iqtisadi əməkdaşlığın genişləndiyi müasir dünyada Xəzəryanı dostluq və əməkdaşlığın əhəmiyyətini xüsusilə vurğulayıb:

 "Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın qəbulu tarixi uğur idi. Xəzər dənizi Asiya və Avropa arasında körpü rolu oynayır. Avqustda baş tutacaq forum Xəzər hövzəsi ölkələri arasında balanslı iqtisadi əlaqələrin qorunması, qarşılıqlı anlaşma məsələlərinə əhəmiyyətli töhfə verəcək. Bu iqtisadi forum üç hissədən: beynəlxalq konfrans, innovasiyalar konfransı və hövzə ölkələri arasında sənədlərin imzalanmasından ibarət olacaq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə çıxışı zamanı Xəzəryanı ölkələrin birgə səylərinin artırılmasında beyin mərkəzlərinin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif edib.

Həmçinin bildirib ki, iqtisadi təşəbbüslərin sistemli və effektli nəticələnməsi üçün beyin mərkəzlərinin rolu müstəsna xarakter daşıya bilər.

Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Xəzəryanı dövlətlərin əməkdaşlıq perspektivlərindən, qarşılıqlı fayda gətirən iqtisadi əməkdaşlığın bütün region ölkələri üçün səmərəliliyinin artırılmasının əhəmiyyətindən bəhs edib. Millət vəkili əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Xəzərin qlobal və regional əhəmiyyətli enerji layihələri ətrafında sabit inkişaf strategiyasının bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 

"BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Xəzər dənizində neft-qaz layihələri” mövzusunda çıxış edib: "Xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında əhəmiyyəti artır. Mövcud zəmində Xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlğı güclənməkdədir”.

"Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bildirib ki, Xəzərlə bağlı əsaslı proseslər ötən il Xəzər Konvensiyasının imzalanması ilə başlayıb: 

"Konsensiyanın qəbulunda Bakının müstəsna mövqeyi qabardılmışdı. Avqustun 12-də imzalanan konvensiyadan sonra Azərbaycan Prezidentinin Türkmənistana olduqca önəmli səfəri baş tutdu. 21-22 noyabrda gerçəkləşən səfər zamanı iki qardaş ölkə arasında 21 mühüm saziş imzalandı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir”. 

A.Camalqızı iki türk prezidentinin bəyanatlarında yer alan önəmli nüansları diqqətə çatdırıb: 

"Prezidentlərin imzaladıqları birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstək ifadə olundu. Bu, Aşqabadın Bakıya dost münasibətinin və ölkəmizin ərazi bütövlüyünə beynəlxalq hüquqa uyğun, ədalətli yanaşmasının bariz nümunəsidir”.

"Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Xəzər hövzəsi ölkələrinin qonşuluq və birgəyaşayış tarixinin çox qədim olduğunu deyib:

 "Bu qonşuluq və birgəyşayış dil, din, mədəniyyətlər birliyi ilə daha da dərinləşib. Sonradan dövlətlərin əlaqələrinin güclənməsinə xidmət edib. Dünya düzəninin indiki çağında və iqtisadi əlaqələrin inkişafı mərhələsində geosiyasi, regional qarşılıqlı münasibətlər bu əlaqələrin daha da dərinləşməsi və əlaqələrin əməkdaşlıq sərhədlərinin genişlənməsini zəruri edir. 

Xəzər hövzəsi ölkələrinin mühüm karbohidrogen ehtiyatlarına malik olması, neft və qaz ehtiyatları böyük dünyanın hər zaman diqqət mərkəzində olub. Neft və qaz ehtiyatlarının 4 faizinin cəmləşdiyi bu regionun əhəmiyyətli olması başadüşüləndir.

 Maraqlar müqabilində region ölkələri üçün əməkdaşlıq və inteqrasiya qaçılmazdır. Xəzərin statusu və karbohidrogen yataqlarının işlənməsi ilə bağlı ümumi razılığın olmaması, Xəzərin hüquqi statusunun müəyyənləşməməsi problemlər yaradırdı. Lakin bu mərhələ artıq arxada qalıb”.

Tədbirin sonunda çıxışlar ətrafında müzakirələr aparılıb.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu