Hüquq müdafiəçisi dəstəklədi:“...Qadının ərini polisə şikayət etməsi, alqışlanmalıdır”





Gəncədə 14 yaşlı oğlunun döyən ata məhz ananın polisə şikayətindən sonra saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Belə hadisələr nadir hallarda baş verir. Hətta görünməmiş hadisə də adlana bilər. Məlumdur ki, bizdə ailə münaqişələri elə ailə daxilində də qalır. Evin sirri çölə çıxmır. «ev bizim, sirr bizim» məsəli, yəni. Ekspertlər isə həmişə bu fikirdə olub ki, ailədaxili münaqişələr ictimailəşməyincə və günahkarlar da cəzasız qalacağı müddətcə zorakılıqların qarşısını almaq çətin olacaq.

«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova "Sherg.az”a açıqlamasında Gəncədəki hadisənin gözlənilməz olduğunu dedi:

- Bu xəbəri eşidəndə sevindim. Ona görə ki, nəhayət qadınlarımızın hüquqlarını bilməsi və hüquqları uğrunda mübarizə aparması məsələsi var burda. Deməli, ana övladını qorumaq qərarına gəlib. Həm də yad birisindən deyil, uşağın atasından. Məişət zorakılığı, ailədaxili münaqişələr, qadının əri tərəfindən, uşaqların ata, yaxud ana tərəfindən zorakılığa məruz qalması ilə bağlı nə qədər məlumatlar alırıq. Zorakılığa məruz qalan təkcə qadınlar, ya da uşaqlar olmur. Bəzən kişilər də ailədə zorakılığa məruz qalır. Qayınana, qayınatanın da zorakılıqla üzləşməsi faktları kifayət qədərdi. Amma məhz bu situasiyada qadının ərini polisə şikayət etməsi, alqışlanmalıdır. Mənim üçün bu, sevindirici bir xəbərdir.

M.Zeynalova baş vermiş bu hadisəni aparılan təbliğat işlərinin nəticəsi kimi görür:

- Məişət zorakılığının qarşısının alınması haqqında qanunun təbliği və o cümlədən aparılan ictimai müzakirlər, sosial şəbəkələrdəki aktivlik, televiziya verilişlərində bu barədə danışılması artıq müsbət nəticə verir. Belə hadisələrdə qadının nə dərəcə təhsilli olması da böyük əhəmiyyət daşıyır. Ananın oğlunun hüquqlarının müdafiəsi üçün polisə müraciət etməsi normal bir haldır. Belə addımlar cəmiyyətdə birmənalı alqışlanmalıdır. Məncə, o qadın ətrafdakıların tənəsinə önəm verməməlidir. Bilməlidir ki, o doğru olanı edib.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu