“ABŞ-la Türkiyə arasındakı ziddiyyət S- 400-lə bağlı deyil” – Türkiyəli professordan ŞƏRH

Hasan Oktay: “Problem birbaşa İranla əlaqəlidir.Ağ Ev rəhbəri Amerikanın İranla savaşında Ankara hökumətinin hansı mövqeni sərgiləyəcəyini hesablamağa çalışır”


"Prezident Ərdoğan öz açıqlaması ilə S- 400 sistemi məsələsinə nöqtəni qoydu”

Bunu "Sherg.az”a açıqlamasında Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib.

Professor bildirib ki, onsuz da söhbət əvvəldən bitmişdi. Sadəcə məsələ ictimaiyyətdə geniş müzakirə olunduğu və daim gündəm saxlandığı üçün hər kəsin ağlı qarışırdı:

"İnkişaf etməkdə olan ölkələr üçün yüksək müdafiə sisteminə təcili ehtiyac var. Əslində niyyətimiz o idi ki, S -400 tipli müdafiə sistemlərini Türkiyə öz yerli imkanları hesabına istehsal etsin və heç kimə möhtac olmasın. Lakin, bu, hələllik mümkün deyil. Yaxın zamanlarda Türkiyə müdafiə sistemi ilə bağlı yeni sınaqlar həyata keçirəcək. Ancaq o zamana kimi ölkənin yeni müdafiə sistemlərinə sahib olması zəruridir”.

Professorun sözlərinə görə, ABŞ-la Türkiyə arasında mövcud olduğu iddia edilən problemin əsas qaynağı S- 400-lə bağlı deyil. Problem birbaşa İranla əlaqəlidir:

"Bunu hər kəs yaxşı bilir. Ancaq mediada gedən müzakirələrdə Vaşinqtonla Ankara arasındakı qarşıdurmanın S -400-lə bağlı olduğunu iddia edirlər. Bundan sonra Türkiyə F 35 sistemi ilə bağlı danışıqları sürətləndirəcək. ABŞ prezidenti Donald Trampın iyul ayında Türkiyəyə səfəri xüsusi önəm daşıyır. Ağ Ev rəhbəri Amerikanın İranla savaşında Ankara hökumətinin hansı mövqeni sərgiləyəcəyini hesablamağa çalışır. Tərəflər arasında əsas anlaşmazlıq bununla bağlıdır.

 Əgər Türkiyə danışıqlar fonunda bəhs edilən hərbi texnikaları öz müdafiə sisteminə əlavə edə bilərsə, o cümlədən İran məsələsində Vaşinqtonu rahatladacaq vədlər verərsə, heç bir problem yaşanmaz. Türkiyənin müdafiə sistemi də yüksək səviyyədə qurulmuş olar”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 müdafiə sistemləri ilə bağlı məsələyə aydınlıq gətirib. Ərdoğan bildirib ki, Türkiyə S-400 müdafiə sistemini artıq əldə edib və müzakirələr başa çatıb: "Bu iş artıq bitmişdir. Önümüzdəki ay yeni sistemin ölkəmizə çatdırılması prosesi həyata keçiriləcək”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu