“Taxılın qiyməti artıbsa, bu, çörəkdə də hiss olunacaq, amma...”

Fuad İbrahimov: “...Dövlət əlindəki imkanlardan istifadə edib qiymət artımının qarşısını ala bilər”


Qazaxıstan Azərbaycana satdığı taxılın qiymətini 13,6% bahalaşdırıb. Bu barədə adıçəkilən ölkənin İqtisadiyyat Nazirliyinin Statistika Komitəsi bildirib.

2019-cu ilin ilk rübündə Qazaxıstan xaricə 1,7 milyon ton taxın satıb. Onun 195,4 min tonu Azərbaycana göndərilib. Rəsmi Bakı buna görə 37 milyon dollar vəsait ödəməli olub.
Qazaxıstan tərəfi ölkəyə idxal olunan məhsulların da 3,1% bahalaşdığını açıqlayıb.

Bu məlumat Azərbaycanda çörəyin qiymətinin bahalaşacığına dair xəbərlərin yayılmasına rəvac verib. Taxılın qiyməti qalxıbsa, analoji olaraq bu özünü un məmulatlarının və əlbəttə ki, ən çox istehlak olunan çörəyin qiymətinə nə dərəcədə təsir göstərə bilər?

İqtisadçı Fuad İbrahimov «Sherg.az»a açıqlamasında un məhsulları və çörək məmulatlarında qiymət fərqinin yarana biləcəyini istisna etmədi, eyni zamanda hökumətin mövcud strateji ehtiyatlar və imkanlar çərçivəsində bahalaşmanın qarşısını almaq gücündə olduğunu dedi:

- Ticarət əlaqələri olan ölkələr arasında hansısa məhsulun qiymətində bahalaşma müşahidə olunursa, bunu dünya birjalarındakı vəziyyətə bağlamaq lazımdır. 

Qazaxıstan Azərbaycana ixrac etdiyi taxılın qiymətini artırırsa, deməli, dünya birjalarında taxılın qiyməti qalxıb. Dünya birjalarında açıq-aşkar ticarət əməliyyatları gedir. Hər hansı məhsulun qiymətindəki artıma bir neçə amil təsirə göstərə bilir. 

Məsələn, o məhsula yaranan tələbat, məhsulun istehsalındakı artım və ya azalma, həmçinin təbii kataklizmlər, ixracatçı ölkələrdəki ictimai-siyasi mənzərə… Taxılın qiyməti də bu məhsulun əsas ixracatçısı olan ölkələrdəki vəziyyətlə bağlı da ola bilər.

Qaldı ki, idxal edilən taxılın qiymətinin un və çörəyin qiymətinə təsirinə, əlbəttə, artımı qiymətlərdə əksini tapacaq. Taxılın qiyməti artıbsa, fərq təbii ki, hiss olunacaq. 

Amma dövlət əlindəki imkanlardan istifadə edib qiymət artımının qarşısını ala bilər. Məlumdur ki, ölkəyə gətirilən taxıl, buğda gömrük rüsumundan azaddır. Bu, özü taxıl və un məhsullarının qiymətinin qaldırılmasının qarşısını alır. 

Onu da deyim ki, Azərbaycan MDB-də qida təhlükəsizliyini təmin etmiş, strateji ehtiyatlara malik lider ölkələr sırasındadır. Bizim strateji ehtiyatlarımız, həmçinin imkanlarımız var ki, un və çörəyin qiymətinin qalxmasının qarşısı alınsın. Yəqin ki, hökumət bu imkanlardan səmərəli istifadə edəcək.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu