Seyid Camal Ramil Usubova təşəkkür etdi: “Nazir dərhal göstəriş verdi, haqq öz yerini tapdı”





Bir neçə gün öncə Cəlilabad rayonundan paytaxta qayıdarkən avtomobil qəzasına məruz qalmış Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin daxili işlər naziri Ramil Usubova müraciətinə operativ reaksiya verilib.

Xatırladaq ki, yol qəzası zamanı S.C.Əzimbəylinin həyat yoldaşı, «Yeni Üfüq» İctimai Birliyinin sədri Sevinc Əzimbəyli də avtomobildə olub və bədən xəsarəti alıb.

«Sherg.az» S.C.Əzimbəyli ilə əlaqə saxlayıb. Şərqşünas bildirib ki, bu xəbər mediada yayıldıqdan sonra daxili işlər naziri Ramil Usubov məsələyə dərhal reaksiya verib və aidiyyəti qurumlar tərəfindən lazımi hüquqi addımlar atılıb.

S.C.Əzimbəyli çevik reaksiya göstərdiyi üçün R.Usubova təşəkkürünü çatdırıb:

- Biz o gün Cəlilabaddan xeyriyyə aksiyasından qayıdırdıq. Məqsədimiz dövlətimizə, dövlətçiliyimizə dəstək olmaq, aztəminatlı ailələrə qismən də olsa yardımçı olmaqdır. Cənab Prezident İlham Əliyevin sosial siyasətinin həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Məhz belə sosial aksiya məqsədilə Cəlilabada getmişdik və qayıdan zaman xoş olmayan hadisə yaşandı.

Qəza zamanı mən və həyat yoldaşım xəsarət almışdıq. Məhz qəza törədən avtomobilin sürücüsünün özündə olmaması və kimlərinsə onu mühafizə etməsi məni çox üzmüşdü. Lakin cənab nazir hadisədən xəbər tutan kimi dərhal göstərişlər verdi. 

Məhz nazirimizin müdaxiləsindən sonra haqq öz yerini tapdı. Günahkarlara qarşı hüquqi prosedur başladılmaqla yanaşı, qarşı tərəfdən bizə dəyən ziyan da ödənildi.

Daim dövlətçiliyimizin qorunması istiqamətində var qüvvəsi ilə çalışan, asayişin mühafizə olunmasında müstəsna xidmətləri olan Ramil Usubov bu addımı ilə bir daha göstərdi ki, Azərbaycan hüquqi dövlətdir və günahı olan kimsə qanundan yayına bilməz. Qanun qarşısında hamı bərabərdir. Mən bir daha cənab nazirə minnətdarlığımı bildirirəm.

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu