Yol-nəqliyyat hadisələri ilə bağlı dəhşətli rəqəmlər açıqlandı: “...40 gündə 93 nəfər ölüb” – Səbəb və çıxış yolları...





"Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol- nəqliyyat hadisəsi ilə bağlı dəhşətli rəqəmlər açıqlayıb. Ekspert qeyd edib ki, son 40 gündə 93 nəfər yol qəzalarında ölüb.

Onun sözlərinə görə, bu rəqəm təxminən günə 2 nəfərdən artıq insan deməkdir. Yol qəzaları, sürücü və piyada məsuliyyətsiziliyindən çox danışılsa da, neqativ hallar bitib-tükənmir. Dəfələrlə mətbuatda və televiziyalarda maarifləndirici məlumatlar paylaşılır. Sürücülərin və piyadaların diqqətli olması ilə bağlı daim çağırışlar edilir. Lakin "yol terroru” davam etməkdədir.

Daha ətraflı məlumat üçün "Sherg.az”a danışan E. Muradlı bildirib ki, 93 nəfər arasında 30-a yaxını piyadaların vurulması ilə bağlıdır.

Onun sözlərinə görə, əsasən yolun işıqlandırılmaması, piyadaların keçidlərdən istifadə etməməsi, eləcə də keçidlərin silinməsi və görünməz halda olması yol nəqliyyat hadisələrinə səbəb olur:

"Yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh olan qurumların səhvi ucbatından baş verən qəzalar da burada öz rolunu oynayır. Amma sürücülər tərəfindən törədilən hadisələr də az deyil. Sürücü bilir ki, avtomobili yüksək sürətlə idarə etmək təhlükəlidir. Onlara nə qədər izah olunur ki, təhlükəsizlik kəmərini bağlasınlar və sükan arxasında telefondan istifadə etməsinlər. Bəzən buna fikir vermirlər. Sonra da belə rəqəmlərin ortaya çıxmasının şahidi oluruq. Bu, çox dəhşətli bir rəqəmdir. Qəzalardan sonra maşınlara baxanda görürük ki, parça-parça olub”.

Ekspertin qənaətincə, yol polisləri sürücülərə dayanmadan müraciət edirlər ki, yorğunluq hiss etdikdə və yaxud hansısa xəsətlikləri olanda istirahət etsinlər:

"Lakin bu çağırışlara da əməl olunmur. "Yol hərəkəti haqqında” qanun 1998-ci ildə qəbul olunub. O zamankı iqlimlə indiki iqlim şəraiti bir deyil. 5 saat dayanmadan avtomobil idarə etmək olmaz.

Bəzən sürücülər avtomobilə "plyonka” çəkdirmək istəyirlər. Amma başa düşmürlər ki, bütün bunlar həm onların, həm də digər şəxslərin həyatı üçün təhlükəlidir. Belə şəxslərin sürücülük vəsiqəsini almaqla yanaşı avtomobillərini də duracaqda saxlamaq lazımdır”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu