Ekspertdən mühüm təklif: “Məktəblər son iki həftəni müzey dərsləri ilə əvəz etsələr, maraqlı olar”





Ölkəmizdə orta ümumtəhsil məktəblərində tədris ilinin iyunun14-dək davam etməsi bir çox valideyn və şagirdlərin narazılığına səbəb olub.

Bəzi valideynlər isti havada övladlarının məktəbə getməsini onların sağlamlığı üçün təhlükəli olduğunu deyirlər. Bəziləri də mayın sonundan etibarən məktəblərdə dərs keçirilmədiyini, hətta dərsliklərin şagirdlərdən yığıldığını iddia edirlər.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü "Sherg.az”a açıqlamasında bildirib ki, dərslərin 14-nə qədər davam etməsi yaxşı haldır.

Ekspert qeyd edib ki, artıq 5 ildir bu proses davam edir:

"Düşünürəm ki, valideynlər və şagirdlər artıq buna alışmalıdır. Aktual olmayan bir mövzuya nə üçün yenidən qayıdırlar anlamıram. Onsuz da dərslər 15 gün gec, yəni sentyabrın 15-də başlayır. O zaman uşaqlar günün altında olmurmu? İl ərzində tətillər var. Proqramda olan mövzuları çatdırmaq lazımdır. Bütün bunlar ondan iləri gəlir ki, məktəblərdə iki həftəlik müddəti maraqlı qurmaq lazımdır. Məktəb cəlbedici olmalıdır. 

Proqramlar elə hazırlanmalıdır ki, şagirdlər dərsə həvəslə yanaşsınlar. Özünü yorğun hiss edən şagirdlər də var. İnsanların hamısı eyni deyil. Məktəb tanıyıram ki, orada bütün işlər yüksək səviyyədə təşkil olunub. Həmin məktəbin şagirdi və müəllimləri də günəş altına çıxırlar. Həmin məktəb şagirdlərindən yorulub-yorulmadıqlarını soruşanda isə cavabları "nədən yoruluruq?” olur. Onlar deyir ki, dərs proqramlarımızı bitirməli, müzeylərə ekskursiyalara getməliyik. Bütün bunlara həvəslə yanaşırlar. 

Eynilə bu cür rənagərəng proqramlar bütün məktəblərdə tətbiq olunmalıdır. Məktəblərdə təlim maraqlı qurulanda və valideyn şagirdə dəstək verəndə problemlər yaranmır. Hesab edirəm ki, məktəblər son iki həftəni müzey dərsləri və digər maraqlı metodlarla əvəz etsələr, mübsət hallar yaşanar. Amma valideynlər də bu prosesə dəstək olmalıdırlar. Qanunvericilikdə tədris prosesinin iyunun 14-nə qədər olması qeyd olunub. Hətta bununla bağlı Nazirlər Kabinetinin də müəyyən qərarı var. Geriyə yol yoxdur, biz irəli getməliyik”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu