“Xaricdəki ünsürlərin buna sakit qalması onların mahiyyətini ortaya qoyur”




"Fransa məhkəmələrinin qondarma Dağlıq Qarabağ rejimi ilə imzalanmış "dostluq xartiyalarını” ləğv etməsi çox müsbət addımdır”.

Bunu "Sherg.az”a açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Birlik rəhbəri vurğulayıb ki, bu, sadəcə rəsmi Parisin separatizmlə mübarizədə yeni yanaşma ortaya qoyması demək deyil. Həm də Azərbaycan dövlətinin, cənab İlham Əliyevin, birinci vitse-prezidentin, eləcə də müvafiq qurumların Fransa ilə uzun müddətdir apardıqları yaxın əməkdaşlığın, strateji siyasi münasibətlərin məntiqi sonluğudur:

"Fransa ilə dövlətimiz arasında uzun illərə dayanan siyasi, iqtisadi və mədəni sahədə bir çox addımlar atılıb. Davamlı olaraq Fransanın millət vəkilləri, nüfuzlu siyasətçiləri Azərbaycanda səfərdə olublar. Zamanla qurulan strateji münasibətlər nəticə etibarı ilə Fransa dövlətinin özünün Ermənistanla və qondarma Dağlıq Qarabağ rejimi ilə münasibətlərində yeni bir yanaşmanın ortaya çıxmasını zəruri edib. Şübhəsiz, bu ilk növbədə Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsidir”.

F.Şahbazlının sözlərinə görə, xaricdəki anti-milli qüvvələrin bu məsələlərlə bağlı susqunluq nümayiş etdirməsi Azərbaycan cəmiyyəti üçün yenilik deyil:

"Əslində uzun zamandır anti-milli ünsürlərin qərəzli fəaliyyətini müşahidə edirik. Bu adamlar dövlətimizin beynəlxalq imicini zədələmək, ölkə başçısını, hakimiyyəti ləkələmək üçün hətta şeytanla belə əməkdaşlığa razı olarlar. İndiyə qədər Azərbaycanın milli məsələləri müzakirə mövzusu olanda biz onların ölkəmizlə bağlı müsbət mövqe ortaya qoyduğuna şahidlik etməmişik. Əgər yeganə məqsədləri hakimiyyətlə siyasi və normal mübarizə olsaydı, buna təbii yanaşardıq. Azərbaycan demokratik bir dövlətdir və siyasi mübarizə qəbulolunandır”.

Birlik rəhbəri vurğulayıb ki, ölkənin milli maraqları ilə bağlı məqamlarda xaricdəki ünsürlərin sakit qalması, hətta bir çox hallarda düşmənin mənafeyinə xidmət edən fəaliyyət göstərməsi onların həqiqi məqsəd və mahiyyətini ortaya qoyur:

"Həmin adamlar Azərbaycan əleyhinə hər cür addım atmağa hazırdırlar. Çox təəssüf edirəm. Düşünürəm ki, xalqımız prosesləri dərindən izləyir, analiz edir və lazımi nəticələri çıxarır”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu