Cəlil seçimi









Cəsarət Əliyev






Gör a, yüz il keçsə də, Cəlil cızdığından qaçmaq olmur: Özünü toz-torpağa sürtərək hönkür-hönkür ağlayan uşağın Lurça sevgisi və ədəbi "qab-qacağı” erməniyə "bulaşdırmış” Mirzə Cəlilə qarşı Usta Zeynal nifrəti. Bu, bizim gördüyümüz ikinci epidemiyadır. Keçən yüz illiyin, yanılmıramsa, 95-ci ilində də, Mirzə Ələkbər də, Mirzə Cəlil də topa tutulmuşdu. Onlar eli aşağılamaqda, elə "natamamlıq komleksi” aşılamaqda suçlanırdı. O vaxt, ilkin olaraq Anar, sonra da bir çoxları Cəlillə, Sabirlə bağlı baxışlarını ortalığa qoydular. Biz də, bir-iki cümlə ilə problemə toxunaraq Mirzə Ələkbəri, Mirzə Cəlili sosial təbiblər adlandırmışdıq və onlara qarşı "ədəbi virus”un vaxtaşırı yaranıb-yoxolmasını vurğulamışdıq. Ola bilər ki, "epidemiya” termininə əl atmaqla biz bir qədər ifrata varırıq, amma fakt budur ki, bu olay dövrü olaraq baş qaldırır. İndi də Mirzə Cəlil "erməniyə sevgi”də, "ədəbi eşşək” oğurluğunda suçlanır. 

Bəs baxış bucağını dəyişsək necə, axı qara piyar çağdaş dünyada ən yaxşı populyarlaşdırma vasitəsi kimi işlədilir. Ölkə dışını qoysaq bir yana, el içində nə Cəlil, nə Ələkbər, nə Üzeyir adları populyarlığa gərək duymur. Onda sorğu qalxır ki, bəs istək nədir?

Cəlili üstüörtülü plagiatda suçlayanların Yekaterina Qabaşvilinin "Maqdananın Lurça”sı ilə Cəlilin "Danabaş kəndinin əhvalatları”nı tutuşdurduqda tapdıqları ortaq nəsnə - bircə "eşşək”di. Hə də, indi də qalmışıq sorğu qarşısında: Cəlilin Məmmədhəsən kişinin qapısına bağladığı o eşşək Yekaterinanın "Lurça”sıdı, yoxsa Maqdananın uşaqlarının tapdığı o xotuğ, Xudayar bəyin minib əldən saldığı eşşəkdi? "Danabaş” və "Lurça”da yerlər, obrazlar, süjetlər fərqli. Qalır bir də, ideya. Bəs o necə, orjinal tapıntıdı, yoxsa ...
Orjinal ideya, yoxsa toplum problemi? Etnik toplumlar bir-birindən çox nəsnələrlə yanaşı həm də mentalitetləri ilə fərqlənirlər. Bu özünü fərd davranışı, həyat tərzi, peşə və onun incəsənətində, mədəniyyətin və mənəvi dəyərlərin yaranmasında göstərir. Dünyagörüşünün, mədəniyyətin, mənəviyyatın formalaşması ağır bir nəsnədir və bu yolda əksər toplumlarda etnik çalarlarıyla fərqlənən ümumi problemlər meydana çıxır. Elə bu da, bir çox toplumlar üçün ortaq olan ədəbi mövzuların yaranmasına nədən olur. Hansı mövzudan yapışsan görürsən ki, başqa toplumlarda da beləsi var. Ayrı-ayrı xalqların atalar sözləri bu oxşarlığı göstərən misallarla doludur. Təbiət biliklərində də bu məsələ çox aydın görünür. Bir qanun, bir teorem bəzən iki, bəzən də ayrı-ayrı ölkələrdə yaşayan çox adamın adıyla çağrılır. Ayrı-ayrı kəslər bir-birindən xəbərsiz bir qanunu tapıb, bir teoremin doğruluğunu göstəriblər.

Başqa bir halda isə, digər toplumda artıq populyar olan mövzudan xəbər tutulub və onu işləməyə başlayıblar. Belə hallara da, həm təbiət, həm də humanitar sahədə gərəyincə misal çəkmək olar. Bu, özünü ədəbi yaradıcılıqda da göstərib və kimsənin ağlına belə gəlməyib ki, başqasını plagiatda suçlasın (hansı ki, bu da istisna deyil). Nədəni? Ondan yana ki, bir kəsin orjinal ideyasından deyil toplum problemindən söhbət gedir. O problem axı bəşəridi. Başqa toplumda ədəbi yaradılan bir xəsisdən xəbər tutduqda, "bizim xəsis ki ondan da xəsisdir” – fikri ağıla gəlmir ki? Toplumun öz xəsis obrazının ədəbi yaradılmasında nə suç? Ərəblər istəsəydilər belə, "Leyli və Məcnun” kimi sevgi əfsanəsinin başqa toplumlarda işlənməsinə qadağa qoya bilməzdilər. "Romeo və Cülyetta” mövzusunun toxunulmazlığı haqqında da hansısa xalq tərəfindən bir bəyanat yoxdur. Təki işləyən tapılsın və bu vaxt plagiatdan danışmaq heç kimin ağlına belə gəlməz. Sevgi, mədəni-mənəvi gerilik problemləri bütün toplumlar üçün ortaq bir nəsnədir. Amma baxır bu problemləri kim hansı orjinallıqla ədəbiyyata gətirəcək.

Sorğunu - Cəlilin "Danabaş”ı, yoxsa Qabaşvilinin "Lurça”sı toplum halını daha tutarlı əks etdirir - kimi qoymaq daha yaxşı olmazdımı? Məgər Mirzə Cəlil başqa toplumun bizdə olmayan, mentalitet baxımından yad problemlərini yığıb "Danabaşa” gətirib və ədəbi cızıb, yoxsa özgə yazıçının ədəbi yazı və çatdırma üsullarına yiyə durub?! Qaldı bircə "eşşək”. Bir "eşşəy”in söhbətini edirsinizsə, onda ...
Eşşək oğurluğu? Gecə-gündüz işləməsinə baxmayaraq eşşəyin bütün dövrlərdə qazandığı ad nadanlıq – geridüşüncəlilik simvolu olmasıdır. Nədənini bilmirəm, öyrənməmişəm. Bəlkə kecliyi? Bəlkə də qanmazlığı! Amma kim bilir, eşşək bəzilərinə baxıb özünü qanmazlığa vurub, yoxsa insanlar onun qanmaz olmadığını başa düşmürlər? Qanmaz olsaydı axı batdığı yerdən bir də keçərdi. Bir də, yeri gəlmişkən deyim ki, quldarlıq dövrü bütün canlılar üçün bitsə də, bu canlı üçün hələ də qalır. Nə isə, qayıdaq "ədəbi eşşək” oğurluğuna.
Kiməsə qarşı ürək boşaltmaq istədikdə ya üzünə, ya da qarasına "eşşək” sözünü geninə-boluna işlətməklə nələr deyilmirki. "Eşşək” sözü də, elə özü də həyatda həmişə geridüşüncəlilik, geriqalmışlıq üçün ölçü vahidi kimi seçilib. Deyirsiniz bu, realist yazıçı qələmində həyatdan ədəbiyyata yeriməyəcəkdi?! Birdə ki, uzunqulağın ədəbiyyata gəlişi nəvaxtdan "Lurça” adıyla bağlıdı? Bəyəm bu olay "Lurça”nın kağız üzərinə "ayaq basması” ilə başlayıb ki?! Gündoğanda Molla eşşək belində söz oynadanda, oralarda hələ eşşəklə yalnız yük daşıyırdılar. Sonralar, amma "Lurça”dan çox-çox öncə, Cordano Bruno iki akademiyanı, bilik və dini akademiyaları tutuşdurmaq üçün "Killen eşşəyi”ni yaratdı. Onun eşşəyin dili ilə akademiyalarda baş verənləri cızması çox həyati olmaqla yanaşı, həm də Cordanonun sosial problemləri hansı çılpaqlıqla gördüyünü göstərir. Akademik geridüşüncəliliyin səviyyəsini göstərmək üçün Cordano, bir çoxlarının uzunqulaqdan da aşağı düşüncəli olduğunu Killen eşşəyinin dili ilə cızır. Yazı kinayəli gülüşlə bitir: Yupiter uzunqulağa deyir ki, yeri get, istədiyin yerdə yeri, istədiyin yerdə gəz. Mən səni akademik təyin edirəm ki, bundan sonra bir kimsə sənə qapını göstərə bilməsin. Yeri gəlmişkən, bu günə kimi Cordanonun kosmoloji düşüncələrinə görə yandırıldığını düşünənlər yaxşı olar ki, "Killen eşşəyi”nə bir baxsın (dilimizə çevrilib, təki oxumaq istəyən olsun).
Bəs nadanlığın səviyyəsi "eşşək”lə bitmirsə və daha aşağıdırsa, onda onu necə cızmaq olardı?! Ədəbi əsərdə mənfi gerilikdən yazası deyildilər ki! Əlbəttə ki, eşşəyin müsbət bir obrazını yaradaraq nadanlıqla yanaşı qoymaq bir ədəbi üslub olmaqla yanaşı, nadanlığın nə qədər dərinə işlədiyini göstərmək üçün yaxşı vasitədir. Onda, "eşşək” fonunda xudayarlarla bitməyən sosial mədəni-mənəvi deqradasiyanın çox dərinə kök atdığını daha asan görmək olur. Həm Cordanoda, həm Qabaşvilidə, həm də Cəlildə "eşşək obrazı” bir yaxşı, sevgi yönəli nəsnə kimi yaradılıb - ən nadan canlıya da sevgi var, ancaq xudayarlara yox. İnandırıcı deyil ki, Cəlil yaradıcılıq üçün həyatda gördüklərini, eşitdiklərini, Molla Nəsrəddinin noxtasından yapışıb sağa-sola sürüklədiyi uzunqulağı bir yana qoyub qonşuya "eşşək” dalınca getsin.
Cəlili "eşşək oğurluğu” və "erməni sevgisi”ndə suçlayanlar onun nadanlığı şişirtməkçün "erməni-eşşək” tutuşdurmasını çox işlətdiyini görmürlərmi?

Birisi yersiz və ya yarıtmaz iş tutduqda, yaramazlıq etdikdə, elə indi də "erməni” kəlməsi ilə dop-dolu hansı yaraşdırmalar işlədilmir ki – "erməni”sənmi, "ay erməni”, daha nələr-nələr. Eldə "erməni” obrazı yamanlıq, nadanlıq göstəricisi kimi işlədilib. Əgər savadsızlıq, dardünyagörüşlülük çox dərinə işləyibsə, onda fərqi göstərmək üçün müsbət "erməni” obrazına üz tutmaq, elə "eşşək”lə bağlı olduğu kimi, yerinə düşməzmi?! Cəlilin də "erməni sevgisi”, yəqin ki, erməni obrazı fonunda alçalmanın (Xudayarın Karapet qarşısında), qansızlığın, insafsızlığın, kallığın, dardünyagörüşlülüyün (Novruzəli) dərəcəsini göstəmək olub – ermənidən də alçaq, ermənidən də savadsız. Əlbəttə, bu ədəbi təsvirlərdə hərdən başqa toplumların bizə baxanda niyə irəlidə olması yanğısı da var. Cəlil bir çox hallarda, elə bu istəklə erməni ilə tutuşdurmanı işə buraxıb.
Cəlil bir yana, həyat belə misallarla doludur. Deyirlər, Füzuli yaradıcılığına həsr olunmuş bir toplantıda birisinin Füzuliylə bağlı çıxışında gah nala, gah da mıxa vurduğunu görüb erməni soyadlı araşdırmaçıya üz tutulub – ay erməni, gəl sən Füzulidən danış – deyilib. Belə deyim, çıxış edənin ermənidən də aşağı səviyyəli olmasını göstərmək üçün idi. Yaxud bu - niyə erməni bilir, bacarır, amma sən yox – demək idi. (Sonralar bəlli oldu ki, erməni soyadlı kəs heç də erməni deyilmiş. O, sovet dövründə ucdantutma erməni soyadı verilmiş albanlardan biri imiş. Soyadlar bəlli, amma dəyərmi).

Bugünə kimi aşağısəviyyəliliyin şiddətləndirilməsi bəzən erməninin müsbət obrazının yaradılması ilə verilir. Elə indi də, "ay erməni, gəl sən Cəlildən danış” – çağırışı yerinə düşməzmi? Danışıblar da. Cəlili, erməniləri aşağılamaqda suçlayıblar. Nə deyəsən, bəlkə də onlar Cəlili bir çoxlarından daha yaxşı başa düşüblər. (Əlbəttə ki, onların Cəlilin toplum oyanışı istəyini, öz çirkli istəkləri ilə qaraladıqlarını gözdən qaçırmaq olmaz.)
Sosial təbiblər. Yaxın dövr Mirzə Fətəli ilə başladılan ədəbi gülüş, yanğı, acıma sosial ağrı-acıların sağaldılmasına yönəlib. Bu yolu tutanlar sosial-ədəbi təbiblərdir. Sosial-ədəbi təbabətin çox türləri olsa da, onlar ədəbi yarmaqla sağaltmaya üstünlük veriblər. Yaranda da, ağrıdır. Özü də bu ola sosial narkozun olmadığı vaxtlarda. Yaratdıqlarına ilişməyə yer qalmadığından, onları daha çox sosial cərrahlığı peşə seçməkdə suçlayıblar (xəstə uşaq həkimi görüb yamandı - deyən kimi). Suçlayırlar və yəqin ki, onların kəsib atmaq istədikləri gerilik nə qədər ki toplumlarda var olacaq, suçlayacaqlar. Belə olaylara da bir faciə kimi baxmaq yerinə, onlardan toplum halının öyrənilməsi üçün bir yardımçı kimi yararlanmaq yaxşı olar. Elə götürək bu söz çəkişməsini, onun ortalığa çıxması göstərir ki, təkcə dəqiq biliklərdə deyil, humanitar sahədə də orta və ali öyüddə işlər yaxşı deyil. O nədəndən də, öyrətmə və öyrənməni dəyişmək gərəkdi ki, humanitar bilikli də, dəqiq bilikli də, heç olmazsa bədii əsərlərdə yazıçıların "eşşək və erməni seçmək”liyinin niyəsini anlasınlar. Belə söz dartışmalarının yaxşı tərəfi odur ki, bir çoxları yenidən Mirzə Cəlil sözünə qulaq kəsilir. O ki qaldı yuxarıda qoyulmuş "istək nədir” sorğusunun cavabına, bizcə heç bir qərəzli istək yoxdur, yalnız və yalnız ... ki, bu da, daha ağır nəsnələrdən xəbər verir.

Çağdaş dövrdə baş verənlərə baxıban Sabir də, Cəlil də, Qabaşvili də, Qoqol da deyərdi ki, ovaxtki daş-qalaq, gerilik bizi öldürə bilmədi, amma indiki ədəbi kallıq bizi öldürəcək. Ovaxt mənə od vurdular, amma özləri alışıb yandı, indi baş verənləri görüb deyəsən axı mən də alışacam – deyib gileylənərdi Cordano. Sosial təbabət, özü də onun kəsib-doğrama, yarma üsulları indi də çox gərəklidir. Dünyagörüşü, düşüncə kallığını qabarıq göstərmək üçün elə bugün də sevgiyə bələnmiş bir "eşşəy”ə gərək var.
Gör a, yüz il keçsə də, Cəlil cızdığından qaçmaq olmur: Özünü toz-torpağa sürtərək hönkür-hönkür ağlayan uşağın Lurça sevgisi və ədəbi "qab-qacağı” erməniyə "bulaşdırmış” Mirzə Cəlilə qarşı Usta Zeynal nifrəti. Hə, indi özünüz deyin, kimi deyib gəlmişdi Cəlil.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu