“Regionlarımızda evdə doğum halları çox olur”





Qusar rayonu ərazisində ana və yeni doğulan uşağın meyiti tapılıb. Hadisə rayonun Suvacal kəndində qeydə alınıb.

Kənd sakini 27 yaşlı Ema Ağamuradova yaşadığı evin ərazisində uşaq dünyaya gətirdikdən sonra ölüb. Onun və dünyaya gələn uşağın meyiti aşkarlandıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Baş verənlərlə bağlı "Sherg.az”a açıqlama verən "Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib ki, ölən qadının hamililəyi ən azından sahə həkimi tərəfindən izlənməli idi:

"Ola bilsin ki, qadın hamilə kimi heç xəstəxana qeydiyyatına düşməyib. Məlumdur ki, bəzi hallarda regionlarımızda evdə doğum halları çox olur. 

Baş verən hadisə olduqca üzücüdür. Lakin statistik göstəricilərə baxsaq, bir neçə rayonlarımızda hər il 5-6 ananın xəstəxanada ya öz həyatını itirdiyini, ya da ana və körpənin öldüyünü görərik. Bəzi xanımlarımız hamiləliyə izlənilməli proses kimi baxmır və ciddi qəbul etmirlər. 

Əminəm ki, ölən qadın hamiləliyinə görə həyatını itirə biləcəyini düşünmürdü. Həmin xanımın anası və çevrəsində olan digərləri ona məsləhət verilməlidi idilər ki, həkimə müraciət etsin. 

Dövlətdən və sahə həkimlərindən gözləntilərimiz varsa, doğmalarımızdan da gözləntimiz olmalıdır. Yaxınlarımız bizə bir çox mövzularda köməklik etməlidir. Bəlkə ölən xanımın hamiləlik dönəmində olan proseslərdən xəbəri yox idi. Ona görə də yaxınları onu bu mövzuda istiqamətləndirməli idilər”.

G.Səfərova insanların bir-birinə biganə yanaşdıqlarını vurğulayıb:

"O qədər özümüzə qapanmışıq ki, ətrafda baş verən proseslərə təsir edə bilmirik. Axı qadının hamiləliyi heç olmasa son aylarda izlənilməli idi. Təəssüf ki, bu mövzuların hüquqi prosesini apara, konkret olaraq kim günahkardırsa, onu cəzalandıra bilmirik. 

Hətta klinikalarda belə hallar baş verəndə demək olar ki, çox vaxt həkim cəzasız qalır.Təəssüf ki, hələ hüquq və qanun bu proseslərdə rol oyanaya bilmir. Çox az sayda məhkəmə prosesində insan sağlamlığına dair kimsə cəza alır”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu