Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib





Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk Dünyası Araşdırmalar Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin 27-ci ildönümü və məzun günü münasibətilə təntənəli mərasim təşkil olunub.



AZƏRTAC xəbər verir ki, türk dünyanın dahi övladları Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan mərasimdə qardaş ölkənin Azərbaycandakı səfiri Erkan Özoral, Xalq yazıçısı Sabir Rüstəmxanlı, Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, Şimali Kiprin Bakı təmsilçisi Ufuk Arça Turqaner, sabiq MHP-li millət vəkili Sinan Oğan, ATİB rəhbəri Camal Yangın və digər qonaqlar iştirak ediblər.

Mərasimi giriş nitqi ilə açan Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən TDAV rəhbəri Közhan Yazqan Bakı Atatürk Liseyinin türk dünyası üçün faydalı gənclər yetişdirməyə davam edəcəyini bildirib: 




"Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm. Məzunlarımıza arzum budur ki, Vətəninə, xalqına, bayrağına, türk dünyasına, "Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq əsgər kimi hər zaman ön sırada olsunlar”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında məzunları təbrik edərək, bu gənclərin ali məktəblərdə təhsil aldıqdan sonra müxtəlif sahələrdə Azərbaycana uğurla xidmət edəcəklərinə əminliyini bildirib.




Məzunları təbrik edən Xalq yazıçısı Sabir Rüstəmxanlı onlara uğurlar arzulayaraq, öz tövsiyələrini verib.

Tədbir geniş bədii proqramla davam edib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu