Effekt vermədi, niyə inad edirsiniz?

Əlahəzrət faktın qarşısında hamı baş əyməlidir
Dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası dəyər


Dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb.
Təhsil naziri Ceyhun Bayramov dərslərin sentyabrın 1-dən başlanması ilə bağlı sosial şəbəkələrdə ona ünvanlanan müraciətlərə münasibət bildirib. C.Bayramov deyib ki, nazirliyin bununla bağlı rəsmi mövqeyi dəfələrlə açıqlanıb.
"2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başlayaraq, iyun ayının 14-nə kimi davam edir. Artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün nəzərdə tutulur.

Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil olunsun".
Nazir, həmçinin qeyd edib ki, dərs ilinin müddəti dəyişdirilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb: "Sentyabrın ilk 2 həftəsi ilə iyunun ilk 2 həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən son 10 ilin temperaturu nəzərə alınıb. Digər göstərici isə havanın rütubətliliyi ilə bağlıdır. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".

Təhsil nazirinin açıqlamasında bir çox diqqət çəkən məqam var. Birincisi odur ki, nazir «ölsən də qəssab oğlu, sənə ərəb dilini öyrədəcəyəm» timsalı, «nə istəyirsiz, edin, istər lap istidən… «ölün», yox, belə deməyək, lap ağır olar, «boğulun», dərs ilinin vaxtını dəyişəsi deyiləm» mesajı verib. 

İkincisi də, etiraf edib ki, tədris ilinin başlanma və bitmə tarixlərində dəyişiklik edilsə də, dərsliklər köhnə qaydada qalırmış. Çünki yeni dərsliklər hələ bundan sonra nəşr olunacaq. Deməli, valideynlərin, şagirdlərin, təhsil ekspertlərinin and-aman eləyib, dərslər qurtarıb, müəllimlər keçməyə yeni mövzu tapmır, uşaqlar boş-boşuna məktəbə gedib-gəlir» sözləri həqiqət imiş.

Gülməlidir vallah. Olmazdı ki, əvvəl dərsliklər yenilənsin, tədris proqramı yeni tarixlə uzlaşdırılsın, sonra tədris ilinin müddətində dəyişiklik edilsin? Bu, çay gəlməmiş çırmanmağa və sağ qulağı sol əllə qaşımağa bənzəyir. Bənzəmir?!

Görək, ekspert nə deyir?

Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov «Şərq»ə açıqlamasında tədris ilinin sentyabrın 15-də başlayıb iyunun 14-də bitməsi praktikasının özünü doğrultmadığını dedi:

- Bu gün Azərbaycanın təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil. Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin keyfiyyətinin aşağı olmasına qədər xeyli həlli vacib problemlər var. Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz.

Amma bunlarla bərabər dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 15-nə kimi uzatmağa xüsusi ilə şəraiti yoxdur. Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb.

Ekspert hesab edir ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası dəyər, nəinki iyunun ortasında bitməsi:

- Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var. Həmçinin, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz.

Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil.

Hesab edirəm ki, ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15-də başlaması və 14 iyunda başa çatması özünü doğrultmur. 

Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabra "Bilik günü" assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü"nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi.

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu