Əsas prioritet ədalətli reklam formatının tapılmasıdır

Mətbuata şirkətlərin reklam verməsi üçün mexanizmlər olmalıdır
"Özəl sektorun mediaya baxışı, yanaşması dəyişməlidir. Onlar özləri maliyyə baxımından güclü medianın olmasında maraqlı olmalıdırlar"



(Əvvəli ötən sayımızda)

Azərbaycan mətbuatının ciddi problemlərindən biri də reklam bazarının inkişaf etməməsidir. Problem dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hətta hökumət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib. Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media nümayəndələrini qane etmir. Ötən gün "Yeni Müsavat”a açıqlamasında reklam bazarının inkişafı ilə əlaqədar görülən işlərdən və mövcud problemlərdən danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Şura tərəfindən təkliflər paketinin hazırlandığını və müvafiq dövlət qurumlarına təqdim edildiyini deyib. M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda kifayət qədər reklam var, sadəcə, onun şəffaflaşması, ədalətli paylanması problemi mövcuddur: 

"Reklam bazarının qaydaya salınması çox vacib məsələdir. KİV büdcəsinin formalaşması üçün bir çox mənbələr nəzərdə tutulub, burada ianələrdən satışa qədər çox variantlardan istifadə olunur. Ancaq əsas ağırlıq reklamın üzərindədir. Çox təəssüf ki, Azərbaycanda medianın rəsmən elan olunan reklam bazarı Azərbaycan iqtisadiyyatının durumuna adekvat deyil və KİV-lər üçün uyğunsuzdur. Həm Mətbuat Şurası, həm də KİVDF bununla bağlı təkliflər paketi hazırlayıb. 2018-ci ildə Şura tərəfindən 16 təklifdən ibarət paket dövlət qurumlarına verilib. İndi dövlət qurumları onu nə zaman müzakirə edəcəklər, nəticəsi nə olacaq, bu, artıq başqa məsələdir”.

MŞ təmsilçisinin sözlərinə görə, təkliflərin əsas mahiyyətini reklamların verilməsi və paylaşdırılması ilə bağlı hüquqi mexanizmlərin yaradılması təşkil edir: "Bu gün "Azərbaycanda reklam yoxdur” demək olmaz. Reklam var, ancaq ədalətsiz bölünüb. Məsələnin ikinci tərəfi isə odur ki, reklamın qara formalarından istifadə olunur. 

Ən ciddi faktorlardan biri gizli reklam məsələsidir. Reklam açıq olmalıdır, reklam işarəsi altında verilməlidir və qarşılığında KİV-ə müəyyən ödəniş olunmalıdır. Verilən reklamlar arasında rəsmiləşdirilməmiş, elan olunmayan və bu yolla vergidən yayınan reklamlar çoxdur. Mətbuat Şurası elə bir mexanizm təklif edir ki, həmin mexanizm reklamın şəffaflaşdırılmasına imkan versin”.

M.Ələsgərli vurğulayıb ki, son vaxtlar sosial şəbəkələrin inkişaf etməsi reklamlarla bağlı problem yaradıb:

 "Reklam verən fikirləşir ki, KİV qurumuna ciddi ödəniş etməkdənsə, həmin reklamı özünün yaratdığı sosial şəbəkə üzərindəki səhifədə rahatlıqla paylaşa bilər. Bu məqam müzakirə olunmalı və müəyyən səliqə-səhman yaradılmalıdır. Nəzərə alaq ki, dövlət qurumlarının əksəriyyəti özlərinin media orqanlarını təsis ediblər. Ancaq onların heç bir imici, ciddi tirajı, ictimai rəyə təsir imkanları yoxdur. Buna baxmayaraq, dövlət orqanları elan və reklamları öz KİV-lərində yerləşdirirlər. Bu, haqsız rəqabətdir, həm də maliyyənin sağ cibdən-sol cibə axmasıdır. Onlar özlərinin informasiya təminatını ümummilli KİV-lər vasitəsilə həyata keçirirlər, ancaq reklamları özlərinin təyin etdikləri mediaya yönəldirlər. Reklam verilməsinin mexanizmi yaradılarsa, prosesdə şəffaflıq əldə olunarsa, problemlər də aradan qalxmış olacaq”.

Şura rəsmisi reklam verənlərin hansısa şərtlər irəli sürməsinin yolverilməz olduğunu deyib: "Reklam verənin tələbi reklamla bağlı ola bilər. Qanunda birmənalı şəkildə göstərilir ki, reklam verənin hansısa neqativ əməlinin işıqlandırılması qəbuledilməzdir. Əgər reklam verənin fəaliyyətində hansısa qanun pozuntusu varsa, KİV-in onu işıqlandırmamaq kimi bir öhdəliyi yoxdur. O başqa məsələdir ki, reklam verənlər "ərklə” davranırlar. Hazırda reklam verilməsində qeyri-şəffaflıq var. Düşünürlər ki, əgər nüfuzlu media qurumu onların reklamını verməsə, başqa şəkildə, qara yollarla öz reklamlarını edəcəklər. Qara yollar dedikdə aztirajlı KİV-ləri, sarı mətbuatı, sosial şəbəkələrdəki reklamı nəzərdə tuturam. Bəzən şirkətlər nüfuzlu media orqanlarında normal vəsait ödəyərək məhsulunu reklam etməkdənsə, maxinasiyalara gedirlər. Qeyri-peşəkar KİV-lərdə 10 qat ucuz qiymətə reklam verirlər və qalan pulu mənimsəyirlər.

Xeyli vaxt keçməsinə baxmayaraq, həllini tapmayan problemlə bağlı "Şərq”ə danışan "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli deyib ki, medianın iqtisadi durumunun yaxşılaşdırılması üçün mükəmməl reklam bazarının formalaşdırılması haqda danışılır, təkliflər verilir. Ancaq təəssüflər olsun ki, hələlik buna nail ola bilmirik:

 "Əslində, bu o qədər də sadə məsələ deyil. Çünki söhbət dövlət büdcəsindən və ya müvafiq fondlardan birbaşa ayırmalardan getmir. Burada şirkətlərin, bir sıra reklam verən dövlət qurumlarının da iştirakçılığı bu və ya digər şəkildə reallaşır. Ümumiyyətlə, əsas prioritet ədalətli reklam formatının tapılmasıdır. Dövlət qurumları və özəl şirkətlərin reklam verməkdə maraqlı olması üçün gərək buna sövq edən mexanizmlər də olsun. Yəni reklamvericilər hansısa spekulyasiyalar etməsin, media orqanları öz çəkisinə görə reklam ala bilsinlər. Bunun üçün həm "Reklam haqqında” qanuna dəyişiklik edilməlidir, həm də medianın reklam təminatının ədalətli şəkildə həyata keçirilməsi üçün mexanizm hazırlanmalıdır. Ümid edirəm, yaxın vaxtlarda bu, baş tutacaq”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev isə "Şərq”ə danışarkən məsələyə bir qədər fərqli yanaşdığını deyib: 

"Əvvəla, hesab edirəm ki, özəl sektorun mediaya baxışı, yanaşması dəyişməlidir. Onlar özləri maliyyə baxımından güclü medianın olmasında maraqlı olmalıdırlar. Çünki rastlaşdıqları hər hansı çətinlik zamanı məhz ictimai dəstəyi qazanmaq, yaxud ədalətli rəqabət üçün hər zaman mediaya ehtiyac duyurlar. İkincisi, bu məsələyə bir az da "milli iş” kimi baxmaq lazımdır. Məsələ onda deyil ki, sən reklam verəcəksən və sənin müştərin artacaq. Sahibkarlarımız düşünməlidir ki, onların mediaya ayırdığı reklam bu sahənin güclənməsinə və beləliklə də dövlətin informasiya təhlükəsizliyinə dəstəkdir. Nəzərə alaq ki, ölkəmizə qarşı hər zaman informasiya savaşının şahidi oluruq. Sahibkarlar da bu mübarizəyə yardım etməlidirlər. Onların mediaya dəstəyi reklamdan başlayır”.

A.Niftəliyevin sözlərinə görə, böyük şirkətlərin reklam büdcələri olmalıdır və dövriyyələrinin müəyyən faizi qanunvericiliklə reklam bazarına xərclənməlidir: 

"Onlar isə bu işi öz bildikləri kimi, ədalətsizliklə, bir az da ordan qazanc götürmək məqsədilə edirlər. Düşünmürlər ki, bu, həm onların biznesinə, həm də ümumilikdə biznes mühitinə zərbədir. Eyni zamanda informasiya savaşında bizi silahsız qoymaqdır. Nəhayət, əlbəttə, istərdik ki, dövlətin bu sahədə nəzarəti güclənsin və şirkətlərin maliyyə hesabatlılığında reklam xərcləmələrinin şəffaflığı daha yüksək səviyyədə təmin edilsin. Üstəlik, reklam bazarının gücləndirilməsi üçün stimullaşdırıcı güzəştlər tətbiq edilsin. Məsələn, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər işlədikləri ölkədə xeyriyyəçiliklə məşğul olanda, öz ölkələrində vergi güzəştləri alırlar. Dövlət bunun fərqli güzəşt formalarını media reklamı verən şirkətlərə tətbiq edə bilər ki, bu da reklam bazarını genişləndirər. Çünki geniş maliyyə imkanlarına sahib güclü media həm də dövlətin marağındadır. Bir daha xatırladaq ki, informasiya müharibəsində öndə hər zaman media dayanır”.

"Redaktor.az” saytının rəhbəri, tanınmış telejurnalist Eldəniz Vəliyev də "Şərq”ə açıqlamasında bildirib ki, KİV-də reklam bazarının vəziyyəti bərbaddır. Onun sözlərinə görə, bu vəziyyət illərdir davam etsə də, hazırkı dönəmdə daha da acınacaqlı şəkil alıb:

 "Deyirlər ki, reklamlar media orqanları arasında bərabər paylanmır. Axı reklamlar media orqanları arasında niyə bərabər və ya qeyri-bərabər formada paylanmalıdır ki? Yanaşmanın özü qüsurludur. Reklam sahəsində qiyməti və əməkdaşlıq subyektini bazar tənzimləməlidir. Əgər bir əldən idarə olunacaqsa, deməli, ədalətlilik prinsipi ciddi şəkildə təhdid altında qalmaqda davam edəcək. Başqa cür ola da bilməz. Əgər reklam bazarına müdaxilə olunmasa, reklam verən tərəf daha oxunaqlı, daha baxımlı KİV-ə üstünlük verəcək. Nəticədə həmin media qurumlarının maddi bazası asılılıq sindromundan xilas olmuş olacaq. Digər tərəfdən, daha peşəkar çalışmaq üçün stimul yaranacaq. Bu zaman az effektli, qeyri-peşəkar media qurumları avtomatik olaraq sıradan çıxacaq. Bu zaman Azərbaycanda peşəkar, müstəqil media qurumlarından söhbət gedə bilər”.

Baş redaktorun fikrincə, reklam bazarında durğunluğun başqa bir səbəbi, ümumilikdə dünya iqtisadiyyatında baş verən proseslərlə bağlıdır: "İri və xırda şirkətlərin gəlirlərində əsaslı şəkildə azalmalar, reklam üçün ayrılan illik büdcənin məqsədli şəkildə azaldılmasına gətirib çıxarıb. Digər səbəb isə Azərbaycanda hələ də müəyyən sahələrdə inhisarçılıq meyillərinin qalmasıdır. Yüksək rəqabət mühiti reklam bazarında canlanmaya təsir edən əsas amillərdən biridir”.

Tanınmış jurnalist Azər Qaramanlı da mövzunu "Şərq”ə dəyərləndirərkən indiki şəraitdə reklam bazarından danışmağın mənasız olduğunu deyib: 

"Ümumilikdə KİV-də reklam bazarının formalaşması üçün cəmiyyətdə azad iqtisadi münasibətlər olmalıdır. Ancaq bizdə məmur iqtisadiyyatı mövcuddur. KİV-lərə reklamlar ictimai təsir gücünə görə deyil, tapşırıqlar əsasında verilir və bu da çox məhdud sayda olur. Bəziləri hesab edirlər ki, Azərbaycanda reklam bazarı çox məhdud və kiçikdir. Əslində bu heç də belə deyil. Azərbaycanın istehlak bazarı Gürcüstan və Ermənistandan ən azı iki dəfə böyükdür. Problem ondadır ki, bizim monopolistlər satış üçün bazara çıxardıqları malların reklamına o qədər də maraqlı deyillər. Çünki bazarı istədikləri kimi idarə edirlər, istədikləri malı istədikləri qiymətə satmaq imkanına malikdirlər. Əlbəttə, başqa səbəblər də var”.

İsmayıl Qocayev

Paylaş
Bizi Facebookda izləyin
menu
menu