Ermənilər yenə ifşa olundu

Fransanın hüquq sistemi hörmətini saxladı
Separatçı rejimi ilə bağlanmış dostluq xartiyasının ləğvi xarici siyasətimizin uğuru kimi də qiymətləndirilə bilər

Xəbər verdiyimiz kimi, Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsi fransız şəhərləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış daha bir neçə "Dostluq haqqında xartiya”nı ləğv edib. Məhkəmə Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri ilə Valans, Bur-le-Valans və Bur-de-Peak departamentləri arasında imzalanmış xartiyaları qanunsuz sayıb. Xatırladaq ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "dostluq xartiyasını” ləğv edib. İctimaiyyət nümayəndələri Fransa məhkəmələrinin ardıcıl qərarlarını erməni lobbisinə ciddi zərbə kimi dəyərləndiriblər. Onların fikrincə, Qrenobl şəhər məhkəməsinin bu addımı əvvəlki ədalətli qərarların məntiqi davamıdır.

Erməniləri məyus edən məhkəmə qərarları ilə bağlı "Şərq”ə açıqlama verən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Fransa məhkəməsi artıq 4-cü dəfədir Dağlıq Qarabağın separatçı rejimi ilə bağlanmış "dostluq və əməkdaşlıq xartiyası”nı ləğv edib. Ekspert vurğulayıb ki, Fransa oturuşmuş demokratik sistemi və müstəqil məhkəməsi olan dövlətdir: 

"Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsi kontekstində Fransanın mövqeyi tərəfsiz deyil, ancaq bu vəziyyətdə məhkəmə-hüquq sisteminin mükəmməlliyi ədalətli qərar çıxarmağa məhkumdur. Əks təqdirdə Fransa hüquq sistemi hörmətdən düşmüş olar. Bu hadisə eyni zamanda qondarma erməni genosidi ilə bağlı qərarda da öz əksini tapmışdı”. Analitikin sözlərinə görə, Fransa məhkəmələrinin bu cür qərarları ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə üçün presedent olmalıdır: "Qərarın verilməsini Azərbaycanın xarici siyasətinin uğuru kimi də qiymətləndirmək doğru olardı. Təbii ki, hadisələri izləmək və zamanında Azərbaycan əleyhinə atılan addımları məhkəmələrə daşıyaraq, ədalətli qərarların alınmasına nail olmaq XİN və diasporanın başlıca vəzifələridir”.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə də "Şərq”ə açıqlamasında bildirib ki, Fransa məhkəməsinin bu qərarı alqışalayiqdir: 

"Qondarma qurumla əməkdaşlıq edən digər ölkələri də bu addımlarından çəkindirmək lazımdır. Bunun üçün konkret və planlı iş aparılmalıdır. Çünki ermənilər məqsədli şəkildə işğal altında saxlanılan Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu müxtəlif təşkilatlara cəlb edirlər. 

Nə qədər qeyri-qanuni sayılsa da, onlar Dağlıq Qarabağda kütləvi tədbirlər keçirir, xarici ölkələrdən qonaqlar dəvət edirlər. Hər keçirilən tədbir və ya görüş də xarici mediada işıqlandırılır. Bütün bunların qarşısını almaq lazımdır. Fransa məhkəməsinin qondarma rejimlə imzalanmış "dostluq xartiyası”nı ləğv etməsini əldə əsas tutaraq erməniləri ifşa etməliyik. Bununla ermənilərin qeyri-qanuni əməllərini daim gündəmə gətirmək olar”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu