Ordumuzun uğurları Ermənistanı əndişəyə salıb

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı düşmənin yuxusunu ərşə çəkdirib



Türkiyəyə məxsus hərbi bazanın və türk qoşun birləşmələrinin Naxçıvana yerləşdirilməsi barədə yayılan xəbərlər Ermənistanda ciddi narahatlıq yaradıb. Düşmən tərəfdə Türkiyə-Azərbaycan qruplaşmasının yaradıldığı, yaxın gələcəkdə Ermənistana hücum edəcəkləri ilə bağlı informasiyalar dolaşmaqdadır. 
Ekspertlərin fikrincə, Türkiyə-Azərbaycan vəhdətindən təşvişə düşən İrəvan hökuməti məsələni regional müstəviyə daşımaqla, Rusiyanın Azərbaycana təzyiq etməsinə nail olmağa çalışır. Ermənilər Türkiyənin NATO üzvü olmasını da xüsusi qabardırlar. Əslində düşmən tərəf NATO amilini önə çıxarmaqla Moskvanı qıcıqlandırmaq məqsədi güdür. Ancaq hələ ki, Azərbaycan-Türkiyə əməkdaşlığı Rusiyada qıcıq yaratmır.

Ermənistanın narahatlığını "Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Azərbaycanda hansısa üçüncü ölkənin hərbi bazasının və qoşun birləşmələrinin olub-olmaması məsələsi dövlətimizin daxili işidir və suveren hüququmuzdur.

Analitikin sözlərinə görə, ötən illər ərzində Azərbaycan balanslı siyasət yürüdüb və öz ərazisinə heç bir ölkənin qoşunlarını soxmayıb: "Bununla bağlı Azərbaycana daim təkliflər edilsə də, rəsmi Bakı heç vaxt razılaşmayıb. Biz bunun müqabilində tam müstəqillik əldə etmişik. 

20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulmuş vəziyyətdədir, lakin dünya birliyi beynəlxalq hüququn pozulmasına göz yumur. Azərbaycanın hərbi doktrinasına əsasən ölkə ərazisində heç bir dövlətin hərbi bazası ola bilməz. Biz hər zaman neytral ölkə prinsiplərini davam etdirmişik. Bununla bağlı erməni mediasının yazdıqları həqiqətə uyğun olmayan xəbərlərdir”.

Z.Məmmədovun sözlərinə görə, Naxçıvanda və Azərbaycanın hansısa bölgəsində Türkiyənin hərbi bazasının olub-olmamasından asılı olmayaraq, qardaş ölkənin hərbiçiləri daim Azərbaycanın yanındadırlar:

 "Naxçıvan bu istiqamətdə xüsusi prioritet təşkil edir. Bilirsiz ki, Naxçıvanla bağlı Azərbaycanla Türkiyə arasında müəyyən anlaşmalar mövcuddur. Ona görə də kimsə Naxçıvana hücum etməyə cəhd edərsə, qardaş türk ordusu Azərbaycan silahlı qüvvələrinin yanında yer alacaq. Buna heç kimin şübhəsi olmasın”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu