Əbülfəz bəy ilk növbədə atadır, Həlimə xanım da ana!.. - Məlahət Rzayeva yazır



 
Əziz və dəyərli, xətrini həqiqətən çox istədiyim, Aynur xanım, Vəfam (Allanverdiyeva), Ləman xanım... Rica edirəm, adlarınızın düzülüşünü kimin kimdən üstünlüyünə bağlamayasınız. Bəzi ziyalılarda bunu müşahidə etmişəm, ondan xatırlatdım. Küsürdülər ki, niyə şəkli birinci yox ikinci, kiminsə şəklindən sonra verilib. Sizin kimi ziyalı xanımların belə xırdalıqlara önəm verməyəcəyinə inanıram.

 
Dünən bir status paylaşdım, Elçibəyin mərhum həyat yoldaşı Həlimə xanımla bağlı. Yazmışdım ki, Həlimə xanımın yaşanmamış birinci xanımlıq həyatının müzakirəsini yersiz sayıram. Bu yazımla öz fikrimə xilaf çıxdığımın fərqindəyəm. Amma, nə edək, fəda olsun əziz həmkarlarıma. Mübariz xanımlara. İslam bizə bir-birimizlə mehriban davranmağı, qəlb qırmamağı, dözümlü olmağı, güzəştə getməyi (təbii ki, istisnalar var) təlqin edir. Bu prinsiplərə dayanaraq qısaca da olsa niyyətimi çatdırmaq istəyirəm.

 Əvvəla, dəyərli Aynur Camalqızı. Statusum yalnız sizə aid deyildi deyə, adınızı çəkmədim. Sizdən öncə Həlimə xanıml bağlı Vəfa xanım paylaşım etdi və fikirlərini yazdı və məncə məhz o, "birinci xanımlıq” müzakirəsini açdı. Burdaca Vəfanı, ərk edib şirincə qınayıram. Kaş etməyəydi. Sonra siz və daha başqa xanımlarımız mövzunu genişlətdi, o cümlədən də Ləman Ələşrəfqızı.

 Yazmısınız ki, fikrə dözümlülük bu qədərmi azdı sizdə? Yox. Əksinə, hesab edirəm ki, siz o cavabı yazmaqla dözümsüzlük göstərdiniz. Həmən. Mən öz fikrimi paylaşdım. Bu da mənim mövqeyim idi. Siz fikrinizi yazınızda bildirmişdiniz. Mən də bildirdim. Niyə dözmədiniz? "Cavab atəşi” açdınız?.. Heç incimirəm. Əsla.
 
Və bir daha, məcburən, fikrimi açıqlayıram. Rəhmətə getmiş br xanım – həm də çoxumuzun dəyər verdiyi bir xanımla bağlı ailəsi üçün ağır bir zamanda belə müzakirələr açmağı etik saymıram. Ümumiyyətlə, "bu şəxs xalqa məxsusdur” fikrinə söykənib onun həyatını, məhrəm məsələləri hərtərəfli incələmək metodunu qəbul etmirəm. Heç vaxt da etməmişəm. Xüsusilə Əbülfəz Elçibəylə bağlı. Və əlbəttə, ailəsiylə bağlı da həmçinin. Ona görə "yersiz” müzakirə adlandırdım ki, sualı ünvanlaya biləcəyəmiz insanlar artıq həyatda yoxdur. Nə Elçibəyə sual edə bilərik, nə də Həlimə xanıma. Bəs övladlarını üzməyə haqqmız varmı? Axı biz bilmirik bu anda, ana itkisinin ağırlığı altında qalan Çilənay, Ərtuğrul və ailənin digər üzvləri, nəvələr sizin və hamımızın yazdıqlarını necə qarşılayır?  

 Hətta daha realı budur ki, onlar kiminsə paylaşımını oxuyacaq vəziyyətdə deyillər. Bu, da pisdi. Çünki, başları ayazıyanda analarının, atalarının haqqında yazılmışları oxuduqda narahatlıq keçirə bilər, amma artıq cavab vermək imkanına malik olmaya bilərlər. Yenə deyəcəksiniz, Elçibəy ata deyil, Prezidentdi – eks? Həimə xanım da eks-prezident xanımı?.. Belə düşünmürəm. Əbülfəz bəy ilk növbədə atadır, Həlimə xanım da ana!.. O qədər belə övladlar görmüşük ki, atasına, anasına "kaş yanımızda olaydınız, bircə dəfə saçımıza sığal çəkəydiniz” deyiblər. Övlad üçün ata, istəyir Prezident olsun, istəyir fəhlə, ATAdır. Ana da həmçinin. Heç bir vəzifə atalıq də analıq vəzifəsini üstələmir. Siz xanımların yazdıqları isə, məndə, Həlimə xanımdan üstün olduğunuzun görüntüsünün formalaşması təəsüratı yaratdı. Bəli, siz ictimai aktiv, hətta, hazırda dəb olan ifadə - hiper-aktiv xanımlarsınız. Aynur xanım – Holdinq rəhbəri, təsisçi, baş redaktor, millət vəkili (qardaş Türkiyədə "eks” deyilmir), ictimai birlik sədri, Ləman xanım – ölkənin bir nömrəli jurnalistlərindən və çox fəal, sözünü deyə bilən, fikirlərini açıq ifadə edən, Vəfa xanım da jurnalistikada məktəb yaratmış şəxs, o da açıq fikirli, geniş dnyagörüşlü, zamannda qəzet rəhbərliyi etmiş xanım. Bəs Həlimə xanım? Əbülfəz Elçibəyin xanımı və ana! Fədakar ana!.. Fədakar və dözümlü həyat yoldaşı. Deyirsiz azdı? Gərək Elçibəyin yanına, hətta önünə düşüb hərəkat adamı olaydı? Olmadı. Bəlkə heç istəmədi? Biz Həlimə xanımı bu qədərmi yaxından tanıyırıq ki, onun hansı keyfiyyətlərə, hansı istəklərə malik olduğunu bilək? Aşağı-yuxarı bir-iki dəfə həmsöhbət olmuşuq onunla. Həlimə xanımla şəxsən 2001-ci ilin iyununda görüşmüşəm. Elçibəyin vəfatının ildönümündəevlərinn qonağı olmuşam və ailə üzvləri ilə söhbət etmişəm. Həlimə xanım o zaman da az danışdı. Elçibəyin qızı Çilənay xanım da suallarıma çox sakit, təmkinli, tövrünü pozmayacaq çəkildə cavablar verirdi. Ailə təpədən dırnağa səbir və dözüm mücəssəməsi!.. Həmçinin, hər kəsin hüququnu tanıyan. Demokrat, anlayacağınız. Elçibəy kimi! Biz bilirikmi ki, Həlimə xanım ictimai aktivliyi seçmiş olsaydı, həyat yoldaşı ona qadağa qoyacaqdı, ya yox? Bəy, "qadın ailə içində olsa yaxşıdır deyirdi, amma bunun məhz Həlimə xanımn seçimi olmadığı nə məlum? Axı biz bunu ondan heç soruşmamışıq da. Zamanında biz "Həlimə xanım, niyə siyasi-ictimai proseslərə qatılmırsınız” kimi br sual vermişikmi o xanıma ki, indi də "niyə gizlədildi?” deyə həyat yoldaşını qınayırıq? Hər kəs seçimində azad deyilmi? Niyə başqasını özünüz kimi görmək istəyirsiniz? Sizin, mənim bəyəndiyim yaşam tərzi bir başqası üçün bəyənilməyən ola bilər. "O, prezident xanımı idi, gərək üzdə olaydı” kimi iddialar da şəxsi istəklərə söykənir ancaq.

 "Bu bizim fikrimizdi, dözümlü yanaşın” deyirsiniz, irad bildirirsiniz. O zaman "kölgədə qalmaq” da Həlimə xanımın seçimi ola bilər ehtiyatlılığı ilə, gəlin, boşuna narahat etməyək sevdiyimizi iddia etdiyimiz xanımı. Həm də artıq Haqq dünyasına qovuşmuş, həyat yoldaşı ilə görüşə gedən xanımı. Həlimə xanım yüksəkdə dayanan xanımdı. Aktiv olmasa da. Qadın lider olmasa da. Onun dayandığı yüksəkliyi – həyat yoldaşı və Ana yüksəkliyini Allah təyin edib. İstəsək də qarışa bilmərik. Və nə yaxşı ki, belə bir "lyüksümüz” də yox.

 Birinci xanımlıq məsələsinə gəlincə, əziz xanım həmkarlarım. Siz məndən də yaxşı bilirsiniz ki, Azərbaycanda birinci xanımlıq institutunun yaranması Mehriban xanım Əliyevanın adıyla bağlıdır. Mən də sizin qədər bundan çox məmnunam və birinci xanımın fəaliyyətini alqışlayıram. Geriyə baxsaq, bir az da çox geriyə - sovet illərinə, mərhum Heydər Əliyevin həyat yoldaşı, akademik Zərifə xanım Əiyeva nə qədər aktiv idi, soruşsam, nə deyərsiz? Heydər Əliyev Azrbaycan KP MK-nın birinci katibi olduğu dönəmlərdə Zərifə xanım onunla birgə iclaslaramı qatılırdı, bölgələrə səfərəmi çıxırdı, xarici ölkə səfərlərində ona yoldaşlıqmı edirdi? Zərifə xanım həkim, alim idi - akademik. Öz peşəsi ilə məşğul olurdu. Ən gözəl peşəsi isə ANALIQ idi. Və Zərifə xanımın ən gözəl fotoları ailə üzvləri ilə birlikdə çəkdirdiyi fotolardır. Deyəcəksiniz o zaman belə təcrübə yox idi sovetlərdə. Elə sözümün də canı budu. 80-90-cı illərdə məgər biz birinci xanımlıq ənənəsi gödükmü? Kamran Bağırovun, Vəzirovun, Ayaz Mütəllibovun xanımları göründülərmi? Ümumiyyətlə sovetlərdə birinci xanımlıq institutu yox idi. Biz ABŞ prezidentlərinin xanımlarıyla xalqı salamlamaları görüntülərini hərisliklə izləmirdikmi televiziyada, çox qısa süjetlərdə olsa da. Ya da xarici jurnallarda fotolarına baxırdıq. Sovetlərdə birinci xanımlıq lənətə gəlmiş Raisa Qorbaçova ilə başladı. Əzabını hələ də çəkirik. Elçibəy böyük demokrat idi və bu ətrafında fəal qadınların toplaşmasıyla da təsdiqini tapırdı. Amma yenə də "bəs öz xanımını niyə arxa planda saxladı” sualı sizə rahatlıq vermirsə, yuxarıda artıq fikrimi yazmışam. Anlayış göstərəcəyinizə ümid edirəm.
 
Qaldı,”klaviatura cürətinə”, indiyədək kimsəyə, həmkarlarıma xüsusən, heç vaxt sayğısızlıq etməmişəm, etmərəm də. Cavabı gec yazmağımın səbəbi Ramazanı Şəvvalla davam etdirməyimdi. Ona görə dünən də gecə yazdım, bu gün də axşam yazmağa başladım. Həm də Quran oxuyuram. Şukran-Lillah. Əvvəlcə, Quran, sonra yazı. Və dediyim kimi, bundan belə Quran tapşırmalarımının daha bir sahibi Həlimə xanım olacaq. Allah o gözəl xanıma qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Amin.
Öpürəm sizi. Qucaqlayıram.

Hörmətlə, Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu