"Yıldırım dəfələrlə bu məsələnin üstünə gəlsə də, İmamoğlu mövzudan yan keçdi” – ŞƏRH






"Türkiyədə 23 iyun seçkisində səs faizlərinin bir-birinə çox yaxın olacağını düşünürəm. Hələlik isə fikrimcə, cüzi fərqlə Əkrəm İmamoğlu rəqibindən bir addım öndə dayanır”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Türkiyədə AKP ilə CHP namizədləri arasında keçirilən tarixi debatla bağlı fikirlərini bölüşən analitik bildirib ki, debatda ən diqqət çəkən məqam bütün səslərin yenidən sayılması ilə bağlı AKP-nin irəli sürdüyü təklifə CHP-nin razılıq verməməsi barədə Binali Yıldırımın ortaya atdığı iddia olub:

"Maraqlıdır ki, həm moderator, həm də B.Yıldırım dəfələrlə həmin məsələnin üstünə gəlsələr də, İmamoğlu mövzudan yan keçdi. Bəlkə də İmamoğlu vaxt məhdudiyyətinə görə əlavə polemika açmaq istəməyib. 

Ya da ola bilsin, əsas mövzudan yayınmaq baxımından bunu rəqibin taktikası kimi dəyərləndirib. İstənilən halda CHP-nin rəsmi açıqlamasına ehtiyac var. İmamoğluya belə bir debat lazım idi. Ən azından ona görə ki, iqtidar televiziyaları seçkiyə bir həftə qalmış onun çıxışını başdan sona qədər yayımlamış oldular. Amma qəbul edək ki, ondan gözlənilən performans bu deyildi”.

Ekspertin sözlərinə görə, tərəfdarları İmamoğlundan rəqibini siyasi "knockdown” vəziyyətinə salacağı anları səbirsizliklə gözləyirdilər:

"Ümumiyyətlə, qarşılıqlı sərt ittihamlar, hərarətin yüksələcəyi, bir sözlə, gərgin müzakirələrin gedəcəyi ehtimal olunurdu. Bəlkə də tərəflər seçkiqabağı cəmiyyətdə qarşıdurma yaratmamaq və ümumi siyasi mühiti gərginləşdirməmək adına müzakirələrin nisbətən sakit axarda getməsini təmin etdilər. Bu da olduqca təqdirəlayiq haldır və Türkiyə demokratiyasının gələcəyi baxımındam nikbin düşünməyimizə imkan verir”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu