Ermənistan işğalçılığını dünya qəbul edir: Fransa məhkəməsinin ədalətli qərarları Azərbaycan diplomatiyasının uğurudur





"Fransa inzibati məhkəməsinin Dağlıq Qarabağ separatçıları ilə bağlanan xartiyaları ləğv etməsinə dair qərarı onu sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur. Eyni zamanda, Ermənistanın bu günədək yalanlar üzərində həyata keçirdiyi siyasətin etirazla qarşılanması artıq onun əsl simasının dünyaya bəlli olmasına dəlalət edir”.

Bu fikirləri Sherg.az-a millət vəkili, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Fransa məhkəməsinin son qərarlarından danışarkən deyib. Xanım deputat qeyd edib ki, bütün dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüququn normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır:

"BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla həlli üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. Fransa məhkəməsinin son ədalətli qərarları erməni diasporunun hiyləgər siyasətinin deyil, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsi, eyni zamanda, Azərbaycanın simasında etibarlı tərəfdaşın itirilməməsi istəyindən də irəli gəlir. Artıq bütün dünya Ermənistandan fərli olaraq, Azərbaycan rəhbərliyinin haqlı, milli maraqlara söykənən qətiyyətli siyasəti ilə razılaşır, dünyada sülhün bərqərar olması üçün atdığı addımları görür və bu, hər kəs tərəfindən qəbul edilir, dəstəklənir. Ermənistanın isə işğalçılıq siyasəti, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri göstərir ki, Ermənistan həmin ərazilərin anneksiyasını davam etdirmək niyyətindədir. Bu da beynəlxalq hüquq normalarına ziddir və dünya ictimaiyyəti buna laqeyd qalmamalıdır”.

S.Fətəliyeva vurğulayıb ki, Minsk qrupunun həmsədri kimi Fransanın həqiqəti görməsi və proseslərin gedişində ikili standartlardan kənar addımlar atması beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunun qəbul edilməsini tam şəkildə özündə əks etdirir:

"Eyni zamanda, onu da qeyd etməliyik ki, bu uğurun əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanımın bu ilin martında Fransaya səfəri zamanı keçirdiyi görüşlər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Fransada erməni diasporunun dövlət siyasətinə təsir göstərmək cəhdlərinin və münasibətlərə kölgə salmaq istəklərinin üstündən xətt çəkdi. Eləcə də Mehriban xanımın səfər çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini Fransa hakimiyyətinin yüksək dairələrinə çatdırması, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətini xatırlatması müstəsna rol oynadı. Çox sevindirici haldır ki, Fransa da artıq əvvəlki illərdən fərqli olaraq ikili standartlar prinsipindən deyil, məhz üzərinə düşdüyü öhdəliklər prinsipi ilə hərəkət edərək ədalətli mövqeyini ortaya qoydu. Beləliklə, proseslərin gedişi göstərir ki, Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası daha da genişlənir”.

Deputat qeyd edib ki, Fransa məhkəməsinin veriyi ardıcıl qərarlar işğalçı Ermənistanda narahatlıq yaradıb:

"Azərbaycanın uğurla həyata keçirdiyi diplomatiya sayəsində Ermənistan özünün saxtalığının ifşasını gördü. Bu da təbii ki, İrəvanı əndişədə saxlayır. Ermənistan mifinin dağılmasından, işğalçılıq siyasətinin, yalanlarının ifşasından dərin narahatlıq keçirir. Bunu da mən Azərbaycanın diplomatik sahədəki qələbəsi sayıram”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu