Sosioloqdan Ağstafadakı qan davası ilə bağlı SENSASİON FİKİRLƏR





Ağstafada törədilən dəhşətli cinayət «günümüzdə qan davaları qaldımı?» sualına açıq cavabdır.
Birisi əlinə avtomat alıb səhər çağı bazara gedir və oradakıları qanına-qəltan edir. 4 nəfəri öldürür, 3-nü yaralayır. Adını da «qisas» qoyur.

İndi cəmiyyətimizin, insanlarımızın 21-ci əsr təfəkkürü – qloballaşma ideyaları ilə yaşadığını necə iddia edək?

Sosioloq Əhməd Qəşəmoğlu «Sherg.az»a açıqlamasında insanların zamanla ayaqlaşa bilməməsinin səbəbini belə izah etdi:


- İndi sizə söyləcəyəklərimi məndən başqa kimsə sizə deməyəcək. Deyəcəklərimi hətta sensasion fikirlər adı altında təqdim edə bilərsiniz. İnsanlarda belə yanlış bir fikir var ki, zaman keçdikcə insanların şüuru da dəyişir, qloballaşma insanların daha da müasirləşməsini təmin edir, cəmiyyət mürəkkəbləşdikcə insanlar da dəyişir, 20-30 il əvvəlki düşüncələr də. Bu yanlış fikirdir. Cəmiyyətin mürəkkəbləşməsinin sürəti daha böyükdür, nəinki insanların maariflənsinin sürəti. Yəni, insanların şüuru cəmiyyətin mürəkkəbləşmə sürəti ilə ayaqlaşa bilmir. Cəmiyyət müasirləşib və mürəkkəbləşib, amma insanların şüuru 20-30 il əvvəlki kimidir. Burada bəzi yerli və xarici siyasi qüvvələrin bir çox texnologiyalardan istifadə etdiyini də unutmamalıyıq.

Hazırkı dövrdə insanların həssaslığa daha çox ehtiyacı var. 

Məsələn, mən təklif edirəm ki, həbsxanalarda sosial iş xidməti yaradılsın və məhbuslarla iş aparılsın. Ölkəmizdə 6 universitet bu sahədə mütəxəssis hazırlayır, amma bu işə barmaqarası baxırlar. Həbsxanalarda köhnə üsullarla iş aparılır. Halbuki müasir dövrün gərginliyi nəzərə alınaraq məhbusların azadlığa – ictimaiyyətə çıxmaları üçün hazırlıq aparılmalıdır. Belə olmasa, bu cür ağır qətl hadisələrinin çox şahidi ola bilərik. Mən məhz sosial işin vacibliyini vurğulayıram və cəmiyyətin tələbatının öyrənilməsini tövsiyə edirəm.

Xatırladaq ki, iyunun 17-də saat 08:00 radələrində Ağstafa rayonu Sadıxlı kənd sakini Elnur Süleymanov rayonun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarına gələrək orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanı «Kalaşnikov» avtomatından açdığı atəşlə qətlə yetirib, daha 3 nəfəri isə ağır yaralayıb. İlkin araşdırmalara görə, cinayətin şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədildiyi bildirilir.

Təxirə salınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı rayon Prokurorluğundan alınıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən davam etdiriləcək.

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu