Kələkidə indiyədək belə dəfn mərasimi olmamışdı

Mirmahmud Mirəlioğlu: "Hətta Bakıda vaxt tapıb görüşməyənləri də Əbülfəz bəyin və Həlimə xanımın ruhu görüşdürdü"



Çağdaş Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum Prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli sosial şəbəkə üzərindən təşəkkür müraciəti yayıb. Təşəkkür Elçibəyin bu günlərdə haqq dünyasına qovuşmuş həyat yoldaşı Həlimə xanımın həm müalicə aldığı günlərdə, həm də cənazə mərasimində əməyi keçənlərədir. Təşəkkürün məntindən qısa nümunə veririk:

- Mart ayında müalicə üçün İstanbula gələn qayınanam Həlimə xanım Cərrahpaşa Tibb Fakültəsində bağırsağında yaranan şiş səbəbi ilə əməliyyat edildi. Sonrası üçün kimyaterapiya mərhələsi başladı. Bu zamandan başlayaraq, xəstəxanaya girişindən dəfn mərasiminə qədər yanımdan ayrılmayan MHP İstanbul İl Başqanının Türk Dünyasından sorumlu yardımçısı, can dostum Bülənt Maşaoğluna, Cərrahpaşa Tibb Fakültəsinin dekanı prof. dr.Sait Gönən və komandasına, cərrah professor, doktor Kağan Zenginə (kaş durumun ciddiyyətini söyləyəydi), ilgi göstərən Azərbaycanın İstanbuldakı Baş konsuluna, xəstənin durumunu diqqətdə saxlayan MHP İstanbul İl Başqanı Birol Gürə… Aqil bəy daha neçə-neçə ismi xatırladır, hər kəsə ayrı-ayrılıqda təşəkkür edir. Bu sırada Elçibəyin silahdaşları, Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçıları, Türkiyə və Azərbaycan ictimai-siyasi həyatında tanınan şəxslərin adları çəkilib. Və biz bu müraciətdən bildik ki, Həlimə xanımın vəziyyəti iyunun 13-ü ağırlaşıb. MHP millət vəkili, Silivri Medical Park xəstəxanasının sahiblərindən biri Həyati Arkaz təcili tibbi yardım maşını göndərib. 13-14 iyun tarixlərində Bülənt Pərvin Maşaoğlu və Zikri-Esmira Yazkan cütlüyü onları xəstəxanada tək qoymayıb. Həlimə xanımın vəfatı xəbərini alan kimi Silivri bələdiyyə başqanı Volkan Yılmaz xəstəxanaya gəlib. 

Cənazənin hava limanından Vətənə yola salınmasında ailənin yanında olan hər kəsə Aqil bəy təşəkkür edir, Azərbaycanda cənazənin Naxçıvana aparılması üçün xüsusi təyyarə ayrılmasına təlimat verən dövlət xadimlərinə, cənazə xərclərini öhdəsinə götürən və çələng göndərən Birinci vitse-prezident Mehriban xanıma təşəkkür edir. Kələkidəki dəfn mərasiminə qatılanlar arasında Elçibəy dönəminin baş naziri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu, sabiq dövlət müşaviri Arif Hacılı, sabiq millət vəkili Arzu Səmədbəyli, Elçibəyin köməkçisi Oqtay Qasımov, Naxçıvanın sabiq daxili işlər naziri Siyavuş Mustafayev də olub.

Aqil Səmədbəyli Həlimə xanımın vəfatı ilə bağlı hətta telefonla ailə üzvlərini arayıb başsağlığı verənləri də unutmayıb. Təşəkkürdə hər bir kəsin adı qeyd edilir. Sonda isə «əməyi keçən hər kəsə təşəkkür edirəm. Adını unutduqlarım haqqını halal etsin. Anam əvəzi qayınanam Həlimə xanımın yeri Cənnət, ruhu şad olsun. Tək təsəllim onu heç bir zaman üzməməyimdir» yazıb.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın dəfn mərasimində iştirak edib. Mirmahmud Ağa Kələki təəssüratlarını «Şərq»lə bölüşüb.

- Xəbər çatan kimi hər kəs səfərbər oldu, eşidən-bilən toplandı, Türkiyə ilə əlaqə saxladıq, sövq-təbii insanlar dəstə-dəstə cəmləndi, müzakirə aparıldı, hazırlıqlara başlandı, xeyli iş görüldü. Sonra Bəyin 6-cı mikrorayondakı mənzilinə getdik, orada toplandıq, cənazənin hava limanında qarşılanmasından tutmuş, Kələkiyə yola salınması və dəfn mərasimində iştiraka qədər bütün məsələləri müzakirə etdik. Səfərlə bağlı bir neçə variant vardı. 

Təyyarə ilə kimlər gedəcək, avtomobillə – Biləsuvar-Culfa yoluyla kimlər gedəcək, bu kimi məsələləri müzakirə etdik. Sizə deyim ki, adını bildiyiniz və bilmədiyiniz, ağla gələn və gəlməyən şəxslərlə söhbətimiz, müzakirələrimiz oldu. Təsəvvür edin, əgər cənazəni qarşılamağa və yola salmağa gələnlərin hamısı dəfn mərasiminə getsəydi, oradakı izdiham nəzərə alınandan dəfələrlə çox olardı. Təbii ki, müxtəlif səbəblərdən hamının getmək imkanı olmaya bilər. Durumlar müxtəlifdi. Kim kimi görüb, onu deyib. Sosial şəbəkənin bir xüsusiyyəti var ki, istifadəçi hansı sürətlə yazırsa, o sürətlə də ona reaksiya verilməsini gözləyir. Bu isə səhvdir. Ümumiyyətlə, dəfn mərasimi ilə bağlı hansısa tənqidi fikirlərin olmasını doğru saymıram. Kimlər orada olub, kimlər olmayıb, bunu müzakirə etmək düzgün deyil. Çox layiqli bir uğurlama oldu. Elçibəyin və xanımının adına və ruhuna layiq idi. Dəfn mərasimində çeşidli bir toplum vardı. Gecəni səhərədək oyaq qaldıq. O qədər zənglər gəlirdi ki, telefonlarımız iki dəfə söndü, yandı. Kələkidə indiyədək belə dəfn mərasimi olmamışdı. Cənazə bəyin evinə gətirildi, mərasim iştirakçılarının sayı çox olduğundan Bəyin qardaşının evinə də toplaşıldı.

Mirmahmud Ağa uzun illər sonra Kələkiyə təkrar dönən insanların keçirdiyi hissləri belə anlatdı:

- Mən tez-tez də olmasa, vaxtaşırı Kələkiyə gedirəm. Ötən il nəvələrim orada olub. Əlbəttə, Kələkini, Elçibəyin yurdunu uzun illər görməyənlər bunu Həlimə xanımın ruhuna borcludur. Hətta Bakıda vaxt tapıb görüşməyənləri də Əbülfəz bəyin və Həlimə xanımın ruhu görüşdürdü.

Mirmahmud Ağa sosial şəbəkələrdə Kələki məzarlığının «qup-quru», «çılpaq qayalıqlar» kimi təqdimatına önəm vermədiyini dedi:

- Xahiş edirəm, hər kəs gözlərini geniş açıb baxsın. O quru, çılpaq qayalıqların altında böyük sərvət, zənginliklər – qiymətli insanlarımız yatır. Kələki insanlarının bir özəlliyi də budur ki, «məni sərhəddə dəfn edin» vəsiyəti edirlər - «qəbrimiz sərhəddi qorusun»… Bir də ziyarətə gedənin kimliyinə və hara getdiyinə baxılır, üzərlərindəki həşəratlara yox.

Kələkidə dəfn mərasimində iştirak etmiş Pənah Hüseynlə də əlaqə saxladıq və fikrini öyrəndik.
P.Hüseyn, «mərhumənin yaxınları ətraflı məlumat verib. Mənim bir əlavəm yoxdur» dedi və bunu söylədi: «Dəfndə iştirak etmək Əbülfəz Elçibəy və Həlimə xanımın ruhu qarşısında borcumuz idi, onu yerinə yetirdik».

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu