Azərbaycanda özəl pensiya fondlarının yaradılması ciddi məsələdir

Məsələn, Rusiyada 90-a yaxın belə fond vardı, iflas etdilər, əhalinin pulları batdı



Azərbaycanda özəl pensiya fondlarının yaradılacağı gözlənilir. Özəl pensiya fondlarının üstünlüyü bundadır ki, vətəndaş ora ödəmə edir və bunun müqabilində hətta təqaüd yaşı çatmamış da pensiyaya çıxıb fond tərəfindən təqaüdlə təmin edilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. "Beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq. 

Planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır. Qanunvericilikdə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizminə, fəaliyyət dairəsinə, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq" - deyə nazir əlavə edib.

"Özəl pensiya fondları "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində araşdırılması və ölkədə tətbiqi mümkün olan sahələrdən biri kimi göstərilərək artıq pensiya sisteminin inkişafına dair plana daxil edilib".

Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, özəl pensiya fondlarının yaradılması müsbət addımdır və insanların daha təminatlı yaşaması üçün alternativ yığım imkanı hesab olunur: 

"Özəl pensiya fondunun üstün cəhətlərindən biri odur ki, bu vəsaitlərdən istifadə nəticəsində əldə edilən gəlirlərin faizləri yığım üzərinə əlavə edilir. Bu da vəsaitlərin artmasına gətirib çıxardır. Digər üstün cəhəti isə əvvəlcədən razılaşdırılmış şərtlər daxilində pensiya yaşına çatmadan belə təqaüd almağın mümkün olmasıdır. Həmçinin hesaba yığılmış vəsaitləri birdəfəlik götürmək olar. Əksər özəl pensiya fondları bu imkanları yaradır".

İqtisadçı Natiq Cəfərli «Şərq»ə açıqlamasında bildirdi ki, özəl pensiya fondlarının yaradılmasında 2 önəmli məsələ var:

- Özəl pensiya fondları məsələsi 10 ildən artıqdır ki, müzakirə olunur. Burada birinci önəmli məsələ sığorta sistemidir. Fost-major situasiya yaranarsa, vətəndaşın əmanətləri necə sığortalanacaq, dövlət dəymiş ziyanı qarşılaya biləcəkmi? Məsələn, Rusiyada 90-a yaxın belə fond vardı, iflas etdilər, əhalinin pulları batdı. Ona görə də sığorta sistemi mütləq olmalıdır. Özəl pensiya fondları öz fəaliyyətlərini sığortalamalıdır. Bunun üçün ya dövlət zəmanəti olmalıdır, ya da hansısa mexanizm fikirləşmək lazımdır ki, əhalinin əmanəti sığortalansın.

İkinci məsələ, mülki qanunvericiliyin tənzimlənməsidir. Mülki qanunvericilikdə nəzərdə tutulan müddəalar müqavilə şərtlərində əksini tapmalıdır. Fond təqaüdü vətəndaşla bağlanan müqavilə şərtlərindən irəli gələrək ödəyə bilər. Fondla vətəndaş arasındakı münasibətlər fərdi müqavilələrlə tənzimlənir. Bunun həyata keçirilməsi mexanizmi ciddi düşünülməlidir. O müqavilədən asılı olaraq şərtlərdə müəyyən güzəştlər də nəzərdə tutulur. 

Xarici təcrübədə belədir ki, fond illik hesabat verir və il ərzində əldə etdiyi gəlirdən yatırımçıya da sərf edir. İldə bir dəfə yatırımçının tətil xərclərini, təyyarə biletinin pulunu, otel xərclərini üzərinə götürür və sairə. Çünki fond vətəndaşın pul yatırımından gəlir əldə edir axı. Fond pulu əmanət kimi saxlamır, ondan istifadə edir, investisiyalara cəlb edir. Vətəndaşın fonddan alacağı məbləğ ora qoyulan puldan asılı olacaq. Belə təcrübə də var ki, vətəndaş fonda ödədiyi pulu birdəfəlik də ala bilir və bununla öz güzəranını təmin edir. Özəl fondların yaranması rəqabət mühitinin formalaşmasına yardım edir.

Bəs özəl fondlara ödəniş etmiş vətəndaş təqaüd yaşına çatdıqda dövlətdən də təqaüd ala biləcəkmi? Yoxsa, təqaüd üçün ancaq bir mənbəni seçmək məcburiyyətində qalacaq?

N.Cəfərli qeyd etdi ki, əgər vətəndaş illərlə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər edibsə, onun dövlətdən təqaüd almaq hüququ var. Təqaüdün məbləği yenə də edilən ödənişlərdən asılıdır. Ən azı minimum təqaüd ala biləcək. 

Çünki dövlətə edilmiş ödənişlər vətəndaşa təqaüd almaq hüququ verir.
İqtisadçı bildirdi ki, Azərbaycanda özəl pensiya fondlarının yaranması və fəaliyyəti üçün investisiya və qiymətli kağızlar bazarının olması vacibdir. Yaranacaq özəl pensiya fondu investor kimi etməlidir ki, gəlirləri olsun və vətəndaşları özəl pensiya ilə təmin edə bilsin.


Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu