Spiker Qarabağdan danışdı: “Biz əminik ki, münaqişələr öz həllini tapacaq”




Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası keçirilir.

Sherg.az-ın xəbərinə görə, iclasda çıxış edən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov deyib ki, 26 il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əminamanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürülməsi və həyata keçirilməsi baxımndan çox böyük potensiala malik olduğunu sübut edib:

"Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var. Bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərəsinin dəyişdirilməsində mühüm bir dövr təşkil edib. Qara Dəniz İqtisadi Əməkdaşlıq beynəlxalq və regional əməkdaşlığın gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılmasının və eləcədə TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir”.

Spiker vurğulayıb ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir:

"Təəssüf ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapacaq”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu