Bölgələrdə “tək əl” sahibkarları narazı salır: satılmayan pomidoru yol kənarına tökdülər – Hiddət doğuran video

Nazim Bəydəmirli: “Sahibkarlar istehsal sahəsində monopoliya ilə üzləşirlər”
“Başa düşmək lazımdır ki, monopoliya həm sahibkara, həm dövlətə, həm də vətəndaşa ziyandır. Biz bahalı məhsulları almağa məcbur oluruq”











Ötənlərdə fermerin etirazını əks etdirən video yayılıb. Görüntülər Şəmkir rayonunda qeydə alınıb. Belə ki, sahibkar satılmayan pomidorları yolun kənarına ataraq etiraz edib.

Fermerin sözlərinə görə, əkib-becərdiyi pomidorları 5-10 qəpiyə, hətta pulsuz belə alan yoxdur. Məhz bu səbəbdən o bütün məhsulu atmaqla kəskin narazılığını ifadə edib.

Görəsən, bu cür neqativ halların baş verməsinə səbəb nədir? Sahibkarların narazılığını aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

Zaman-zaman belə videoların yayıldığını deyən iqtisadçı-ekspert Nazim Bəydəmirli "Sherg.az”a bildirib ki, hətta bir neçə il bundan qabaq Qubada almaların çayın qırağına tökülməsi ilə bağlı görüntülər var idi:

"Belə hadisələr fermerin çıxış yolunu görməməsindən və ticarət şəbəkəsinin olmamasından qaynaqlanır. Çünki fermer həyətyanı sahəsini və yaxud istifadə etdiyi torpaq sahəsini əkib-becərməli və ondan yararlanmalıdır. Sahibkar müəyyən kredit götürür, gübrə alır və digər xərcləri çəkir. Mövsüm bitdikdə isə malını satmağa çıxaran zaman bazarda iqtisadi inhisarçılıq olduğuna görə, məhsulunu sata bilmir. Müxtəlif bölgələrdə emal müəssisələri yaradılıb. Amma təəssüf ki, belə emal müəssisəsi yaradanlar digər sahibkarların kiçik və istehsal gücü aşağı olan obyektlərinin açılmasına maneçilik törədirlər. Ümumi iqtisadiyyatın böyük bəlası odur ki, biri market açır, digər sahibkar da gedib onun yanında hiper market yaradır və inzibatı yolla birinci obyekti sıradan çıxarır”.

İqtisadçının qənaətincə, ölkəmizdə kiçik emal müəsissələrinin açılmasına oliqarxiya imkan vermir:

"Bu müəssisələr ilkin emalını həyata keçirə bilər və məhsullarını böyük müəssisələrə sata bilər. Bölgələrdə "tək əl” funksiyası davam edir. Hər yerdə və bölgədə aqrar parklar yaradılır. Düzdür, bunlar müxtəlif böyük holdinqlər arxasında duran sahibkarlara aiddir.

Ölkəmizdə qanunlar kağız üzərində çox gözəl təsvir olunur. Amma faəliyyət zamanı sahibkarlar istehsal sahəsində monopoliya ilə üzləşirlər. Heç kəsə sirr deyil ki, 2013-cü ildə mənim də sahibi olduğum müəssisə sıradan çıxarıldı. Birdəfəlik başa düşmək lazımdır ki, monopoliya həm sahibkara, həm dövlətə, həm də vətəndaşa ziyandır.

Biz bahalı məhsulları almağa məcbur oluruq. Çünki bazara çıxışı məhdudlaşdırırlar, kimlərsə dövlət vəsaiti hesabına parniklər açırlar. Sahibkar da həmin situasiyaya əsəbləşir, əsəblərini cilovlaya bilmir və öz malını tullayır. Fermer belə etməklə özünə, cəmiyyətə sitəm edir. Bu sahibkarın mövcud iqtisadi vəziyyətə olan üsyanıdır”.


Yeganə Bayramova
Paylaş
Bizi Facebookda izləyin
menu
menu