Xəzər dənizinin səviyyəsinin enməsi təhlükəli hesab olunmur





Xəzər dənizi qapalı hövzə olduğundan periodik olaraq səviyyə dəyişmələri baş verir. Dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur.

Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni, azalıb-çoxalma, dəniz səthindən buxarlanma və s. amillər dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir.

 Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında deyib.

Sonuncu dəfə ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş qalxıb-enmələrin müvəqqəti xarakter daşıdığını deyən R.Səttarzadə bildirib : "1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində, yəni, 1977-1995-ci illərdə səviyyə 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə görə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb. Bu sahəni tədqiq edən alimlərin fikrincə, Xəzər dənizinin səviyyəsinin artıb-azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil. Çünki adətən bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək”.

Şöbə müdiri onu da qeyd edib ki, Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzrə müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara bu barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini vəziyyətə uyğun planlaşdıra bilsinlər.

Nazirlik rəsmisi hazırda Xəzər dənizinin səviyyəsinin enməsinin ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmadığını da qeyd edib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu