ABŞ-İran gərginliyi müharibə ehtimalını gücləndirir

"Körfəz ölkələrində ABŞ-ın 5-ci hərbi dəniz bazası yerləşir. Bir də gizli hərbi bazalar, kəşfiyyat mərkəzləri var ki, bütün bunlar ehtimal olunan savaş zamanı böyük güc deməkdir"




ABŞ-ın Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib. Səfərin məqsədi İranla bağlı gərginliyi müzakirə etməkdir. Diplomat səfər zamanı deyib ki, bu yolçuluq İrana qarşı beynəlxalq koalisiyanın yaradılması istiqamətində ilk addımdır: "Sadəcə Körfəz ölkələrində deyil, Asiya və Avropada da İrana qarşı koalisiyanın yaradılması nəzərdən keçiriləcək”. Pompeo İranla şərt olmadan danışıqlara başlamağa hazır olduqlarını ifadə edib. 

Amerikalı diplomat Səudiyyə Ərəbistanından sonra Birləşmiş Ərəb Əmirliklərinə, ardınca Hindistana, daha sonra Yaponiya və Cənubi Koreyaya səfər edəcək. İranın Dəniz Qüvvələri komandanı Hüseyin Hanzadi də öz növbəsində bəyan edib ki, əgər Vaşinqton İranın hava məkanını pozarsa, Tehranın cavabı ağır olacaq. O bildirib ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulması Vaşinqtona sərt mesaj idi: "Oxşar vəziyyət yaranarsa, Tehran silaha əl atmaqda tərəddüd etməyəcək”.

Vaşinqton-Tehran gərginliyini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, İranla bağlı məsələ getdikcə daha da gərginləşməkdədir. Onun sözlərinə görə, ABŞ hərbi bazaları hazırda faktiki olaraq İranı dörd tərəfdən mühasirəyə alıb:

 "Körfəz ölkələrində ABŞ-ın 5-ci hərbi dəniz bazası yerləşir. Bundan başqa Küveyt, İraq, Əfqanıstan, Pakistan və Türkiyə ərazisində leqal Amerika hərbi bazaları var. Bunların yanında bir də gizli hərbi bazalar, kəşfiyyat mərkəzləri var ki, bütün bunlar ehtimal olunan savaş zamanı böyük güc deməkdir. Bütün bunları bir yerə cəm edəndə İranın açıq döyüşdə ABŞ və müttəfiqləri qarşısında müqavimət göstərməsinin mümkünsüz olacağı görünür. 

İranın ən son texniki göstəricilərə malik Amerika təyyarələri qarşısında Hava Hücumundan Müdafiə Sistemləri belə yoxdur. Ancaq iranlıların ümid etdiyi partizan savaş təcrübəsi var. İran-İraq savaşı, Livan və Fələstində İsrailə qarşı savaşçı qrupların hazırlanması, eləcə də 1990-cı illərdə Balkan yarımadasında Serbiya, Kosova, Bosniya və Herseqovinada, Yəmən, Əfqanıstan, İraq və daha neçə ölkədə silahlı müqavimət dəstələrinin hazırlanması, təlim keçən İran ordusunun bu istiqamətdə böyük təcrübə qazanmasına gətirib çıxarıb. O cümlədən İranın Yaxın Şərq coğrafiyasında təlim verib hazırladığı böyük militan qrupları var”.

Analitik xatırladıb ki, İran generallarından biri 5 region ölkəsində 200 mindən artıq silahlı savaşçının olduğunu bildirmişdi: 

"Ehtimal olunan savaşda İranın nizami qüvvələrinin ABŞ və müttəfiqləri qarşısında uzun müddət dayanması mümkün görünməsə də, savaşın sonrakı mərhələsində "gerilla savaşı"nda vəziyyət dəyişə bilər. Çünki iranlılar uzun müddətdir bu savaşa hazırlaşır və regionda körfəz keçidləri də daxil olmaqla ABŞ-ın bütün maraq nöqtələrini bilir və onları hədəfə çevirəcək. Bunu anlayan Ağ Ev İranı sanksiyalarla sıxmağa çalışır. Amerikanın sanksiyaları İrana ciddi təsir göstərə biləcək. Amma güman etmirəm ki, bu sanksiyaların nəticəsində İran iqtisadi və siyasi baxımdan tamamilə çökə bilər. Sadəcə olaraq danışıqlar prosesində Tehran rejimi daha passiv mövqe tutacaq”. Siyasi şərhçinin sözlərinə görə, Amerikanın İrana tətbiq etdiyi sanksiyalar neftin qiymətinə də təsir göstərəcək: "Azərbaycan özü də neft ölkəsi olduğu üçün bu sanksiyalar ölkəmizə ciddi mənada mənfi təsir göstərə bilməz. Çünki ən azı neftin qiyməti sabit qalacaq, ya da qalxacaq. Nəzərə alsaq ki, neft bazarına nəzarət süni şəkildə həyata keçiriləcək, bu baxımdan sanksiyaların bölgəyə ciddi təsir göstərəcəyi qənaətində deyiləm. Bir daha vurğulayım ki, Tehran ilə danışıqlarda onu daha ciddi güzəştlərə vadar etmək üçün bu sanksiyalardan bir taktika kimi istifadə ediləcək. ABŞ-İran münasibətləri gərginləşməyə doğru gedəcək, lakin bunu münasibətlərin sonu kimi dəyərləndirmək də düzgün deyil. Yaxın vaxtlarda danışıqlar prosesinin növbəti mərhələsinə başlanıla biləcəyini güman edirəm. Məhz bu vadaretmə nəticəsində əlbəttə ki, Tehran tərəfdən ciddi bəyanatlar veriləcək. Son nəticədə yenə də məsələ danışıqlar prosesində həll olunacaq”.

A.Rəşidoğlunun fikrincə, İranın nüvə sazişində qalmasına imkan verilməyəcək. Bu, birmənalı məsələdir: 

"Amma indi təzad ondan ibarətdir ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-la Avropa qitəsi arasında qarşıdurma müşahidə olunur. Artıq aparıcı Avropa ölkələri, məsələn, Almaniya daha müstəqil siyasət yeritməyə başlayıb. Bu baxımdan da onlar ABŞ-ın istəyinə boyun əymək fikrində deyillər. İran ABŞ-Avropa ölkələri arasında olan qarşıdurmadan istifadə edərək öz neftini Türkiyə və Avropa ölkələrinə sata bilər. 

Odur ki, Amerika sanksiyalarının o dərəcədə ciddi təsir göstərəcəyi ehtimalı azdır. İran və ABŞ arasında qarşıdurma Türkiyə, Azərbaycan, İran, Çin kimi ölkələrə hardasa, sərf edir. İranın Türkiyə və Çinə, o cümlədən Avropa ölkələrinə öz neftini çıxarmaq şansı var. Artıq ABŞ-ın dediyi qanun kimi qəbul edilmir. Buna görə də sanksiyaların uzadılması məhz ABŞ-ın istəyi, iradəsi və hikkəsi ilə həyata keçirilir. Yəqin ki, İran indi ikitərəfli əlaqələrə üstünlük verəcək. Bir daha qeyd edim ki, bu ölkələr - Türkiyə, Azərbaycan, Avropa ölkələri və Çin olacaq”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu