Təbrizdə zibillikləri axtaranların sayı artır

Bu yolla dolanan 100 fərdin təxminən 80 fazinin ailə başçısı olduğu təxmin edilir



İranda iqtisadiyyatın dərin böhranla üzləşməsi və insanların dolanışığının çətinləşməsi nəticəsində bir çox ailə başçısı Təbriz kimi böyük şəhərlərdə zibil toplama işinə başlayıblar.

Fars xəbər agentliyinin yaydığı statistikaya görə, Təbriz şəhərində gündəlik 1000-1200 ton tullantı çıxarılır və 1500 nəfərin tullantı toplanması ilə məşğul olduğu təxmin edilir. Son zamanlarda bu işlə məşğul olanların sayı İranın böyük şəhərlərində sürətlə çoxalır.


Zibil toplamaqla məşğul olan fərdlər araba, üç təkərli motosiklet və kamyonetlə müxtəlif məhəllələrdə zibil qablarının içindən geri çevrilməsi mümkün olan materialları toplamaqla məşğul olurlar.

Bir araşdırmada müxtəlif məhəllələrdə bu yolla dolanan 100 fərdin təxminən 80 fazinin ailə başçısı olduğu təxmin edilir. Onlar digər ailə üzvlərinin köməyi ilə tullantılardan plastik, çörək qalıntısı, dəmir və karton toplamaqla özlərini dolandırırlar. Həmin 100 fərdin əksəriyyəti iki il əvvəl  bu işə baş vurub.


Etemadonline saytı bu işlə məşğul olanların artmasının səbəbini ölkədə inflasiya və dolların bahalaşması ilə izah edir.

Ekspertlər zibil toplamaqla ailə saxlamağa çalışan şəxslərin çoxalmasının səbəbini işsizlik və yoxsulluq, eyni zamanda dəmir, plastik və karton kimi geri çevrilməsi mümkün olan materialların qiymətində yüksəliş olmasında görürlər.

İqtisadiyyatın geriləməsi ilə bərabər ölkədə vüsət alan inflasiya üzündən artıq bəzi ailə başçıları bunun kimi təmiz olmayan və çox vaxt səhhətə zərərli işlərə məşğul olurlar.

Ekspertlərin fikrincə, bələdiyyənin zibil qablarından satıla biləcək materiallar axtarmaq həmin şəxsləri qan, dəri və ağciyər xəstəliklərinə, və digər yoluxucu xəstəliklərə düçar edə bilər. (Amerikanın səsi)

Son illərdə İranda inflasiya və valyuta qiymətlərinin yüksəlişi ölkə əhalisinin rifahına mənfi təsir göstərib. Sosial şəbəkələrdə yayımlanan zibil qablarını axtaran qadın, uşaq və gənclərin şəkilləri toplumun narazılığına səbəb olub.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu