“Bu qədər tələbə ödəniş edə bilmədiyi üçün təhsilini yarımçıq qoyub” – ŞOK RƏQƏMLƏR





Ötən illər müqayisədə bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayında böyük dəyişiklik var. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu il dövlət sifarişli yerlərin sayı 8 min artıb.

DİM sədri bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min idisə, bu il onların sayı 20 mindir:

"Bu o deməkdir ki, müsabiqəyə buraxılacaq təxminən 40 min namizəddən hər ikincisi dövlət sifarişli yerdə təhsil almaq şansı qazanacaq. Məlumdur ki, müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə yaranır. Ötən il ödənişli əsaslarla olan müəyyən yerlər boş qalmışdı, namizədlər bu yerlərə ərizə verməmişdilər”.

Məsələ ilə bağlı "Sherg.az”a açıqlama verən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayının 20 min 500-ə qədər artırılması planlaşdırılır:

"Ötən il, 2018-ci ildə dövlət sifarişli yerlərin sayı 12 min 324 olub. Hazırda bakalavr pilləsində təhsil alan 164 min tələbənin 31 faizi ödənişsiz, 69 faizi ödənişli əsaslarla oxuyur. Ölkə prezidentinin qərarı ilə 2013-cü ildə təhsilin inkişafı ilə bağlı strateji sənəd hazırlanıb. Əsas istiqamət təhsilin əhatə dairəsinin genişlənməsi idi.

 Amma baha təhsil haqları ilə əlçatımlılığın təminatı mümkünsüz idi. Prezidentin fevralın 14-də imzaladığı sərəncama görə 2019-2020-ci il qəbul ilində rəqəm 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, 45 faiz olacaq. Gələn il 50 faizə çatacaq”.

Ekspert təəssüflə qeyd edib ki, son 5 ildə 7 mindən çox tələbə ödəniş edə bilmədiyi üçün təhsilini yarımçıq qoyub:

"Bu, təhsilli işçi qüvvəsinin itirilməsi deməkdir. Ona görə ödənişsiz təhsil yerlərinin sayını artırmaqla insanları təhsilə cəlb etmək olacaq. Hazırda Azərbaycanda 10 milyon vətəndaşın cəmi 17 faizi ali təhsillidir. Bu isə dünya standartlarından aşağıdır. Bundan başqa cənab İlham Əliyev 2019-cu ilin əvvəlində ali təhsil müəssisələrində ödənişsiz plan yerlərinin 50 faizə çatdırılması barədə sərəncam imzalamışdı. 

Bundan sonra isə I və II qrup əlilliyi olan şəxslərin təhsil haqqından azad edilməsi ödənişsiz təhsil alanların sayına kəskin şəkildə təsir göstərəcək. Vacib bir məqamı qeyd edim ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. 

Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur. Bu kateqoriyaya malik olan şəxslər var idi ki, onlar maddi imkanları olmadığı üçün ali təhsil ala bilmirdilər. Bundan sonra fiziki çatışmazlığı olan şəxslər də ödənişsiz ali təhsil ala biləcəklər. Onların cəmiyyətə adaptasiyası baxımından bu olduqca müsbət addımdır”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu