Koçaryandan sonra növbə Sarkisyanındır



Kapitan Jiqlov demişkən: “Oğru həbsxanada oturmalıdır"

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsi İrəvan-Rusiya münasibətlərinə neqativ təsir göstərəcək. Bunu “1in.am” saytına müsahibəsində rusiyalı erməniyönlü politoloq Stanislav Tarasov deyib. Onun sözlərinə görə, Paşinyanın siyasəti olduqca problematikdir: “Gələcəyə baxmaq yerinə, nədənsə, inqilabi hökumət daima geriyə baxır. Koçaryanı həbsə salmaqla Ermənistanın vəziyyəti yaxşılaşmayacaq. Vəziyyəti nəzərə almaq lazımdır. Bəlkə gələcəkdə digər hakimiyyətlər də Paşinyana oxşar ittihamlar səsləndirəcəklər? Bu, çox pis presedentdir”. 

Koçaryanın yenidən həbsi ətrafında cərəyan edən prosesləri “Şərq” dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, Koçaryandan sonra növbə erməni qanı üzərində prezident olmuş Serj Sarkisyanındır. Analitikin sözlərinə görə, 1998-2008-ci illərdə Ermənistana başçılıq etmiş Koçaryan əməllərinin cəzasını çəkməkdədir: “O, İrəvanla Moskva arasında oyun topuna çevrilib. İki ölkənin münasibətlərini onun vəziyyəti ilə də müəyyən etmək olar. Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. Ovaxtkı prezident Robert Koçaryan həbs olunub. Koçaryan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham olunur. Onun zaminə buraxılması qərarına Ermənistanın Baş Prokurorluğu etiraz etmişdi. Bu qurumun şikayəti əsasında Koçaryan yenidən həbs edilərək İrəvandakı “Kentron” təcridxanasına aparılmışdı”. 

Politoloq xatırladıb ki, keçmiş prezident zaminə buraxıldıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ədliyyə sistemini kəskin tənqid edib: “Bundan sonra ali məhkəmənin hakimi, ədliyyə naziri və bu sahədə işləyən bir sıra vəzifəli şəxslər istefa verdi. Bu günlərdə isə hökumət başçısı ədliyyə və hüquq-mühafizə orqanlarında islahatın tədricən həyata keçməsinin vacibliyini söylədi. Hətta Koçaryan zaminə buraxıldıqdan sonra Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsi tez-tez pozmağa başladı. Ölkənin müdafiə naziri David Tonoyan isə bir az da qabağa gedərək işğal altında olan Azərbaycan torpaqlarında təxribat törədən erməni hərbçiləri mükafatlandırdı. Bu nə deməkdir? Paşinyan Qarabağdakı separatçı rejimin başçılarını dəyişmək istəyir. Bununla da Azərbaycanın bu bölgəsində öz adamını erməni icmasının rəhbəri kimi görmək niyyətini gizlətmir. Bako Saakyan isə özündən əvvəlkilər kimi birbaşa Moskvanın göstərişi ilə fəaliyyət göstərir. Elə Koçaryanın zaminə buraxılmasında separatçı rejimin indiki və keçmiş başçısının fəallığı da bunu təsdiqləyir”. 

S.Soltan bildirib ki, Koçaryanın zaminə buraxılması Ermənistan və Qarabağdakı Rusiyayönlü erməniləri ruhlandırsa da, onların sevinci uzun sürməyib: “Keçmiş prezident hazırkı hakim siyasi elitanın fəaliyyətinə mane olur. Ona görə də “Görüş yerini dəyişmək olmaz” filminin qəhrəmanı kapitan Jiqlov demişkən:

“Oğru həbsxanada oturmalıdır”. Koçaryan da cinayətlər törətməkdə ittiham olunduğundan türmədə saxlanılmalıdır. Onun həbsdən çıxması isə Moskva ilə İrəvan arasında anlaşmaların yerinə yetirilməsinin göstəricisi ola bilər. Koçaryan və onun xələfi - keçmiş prezident Serj Sarkisyanın hakimiyyətlərinin təkcə azərbaycanlıların deyil, həm də ermənilərin qanı üzərində qurulduğunu Ermənistan ictimaiyyəti yaxşı anlayır.

Koçaryan və Sarkisyan Xocalıda tökülən qan üzərindən Ermənistanda hakimiyyətə gəliblər. 2008-ci ilin mart hadisələrində biri iqtidarı qan tökməklə o birinə təhvil verib. Nədənsə, təxminən, 20 il əvvəl baş vermiş bir cinayət hadisəsi unudulur”. 

Siyasi şərhçi bildirib ki, indi Moskva ilə İrəvan Koçaryanı top kimi o yana bu yana atır: “Koçaryandan sonra növbə Serj Sarkisyanındır. Törətdikləri qanlı əməllərə görə onların Azərbaycan və Ermənistan ictimaiyyətindən üzr istəməsi isə hələ gec deyil”.