“Ermənistanın təxribatları sonda ona gətirib çıxaracaq ki...”  - AKTUAL ŞƏRH 



“Azərbaycan Dağlıq Qarabağ problemində mövcud status-kvonun əleyhinədir. Biz vəziyyətin dəyişməsini, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını istəyirik”.

Bu barədə “Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu həmsədrlərin səfəri ərəfəsində təmas xəttində ordumuzun hərbi qulluqçusunun Ermənistanın atəşkəsi pozması nəticəsində qətlə yetirilməsindən danışarkən  bildirib.

O qeyd edib ki, Ermənistan yenə də cəbhə bölgəsində vəziyyəti gərginləşdirir: 

"Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməsi və Ermənistan müdafiə nazirinin bu qətli törətmiş hərbi qulluqçuya medal verməsi göstərir ki, Ermənistan hərbi təxribat yolu ilə vəziyyəti gərginləşdirmək və danışıqlar prosesini pozmaq siyasəti yürüdür.
2016-cı ilin aprelində də eyni hadisə baş vermişdi, ermənilər təxribat törətmişdilər.

Azərbaycan  isə buna cavab olaraq, əks hücumla torpaqların bir hissəsini azad etmişdi. İndi də hadisələrin inkişafı o istiqamətdə gedir. Ermənilərin törətdiyi təxribatlar sonda ona gətirib çıxaracaq ki, Azərbaycan yenə də döyüş meydanına atılaraq daha çox əraziləri azad etməli olacaq.

Açıq danışsaq, əslində atəşkəsin uzanması bizim maraqlara cavab vermir. Sülh danışıqları nəticə vermirsə, hərbi təzyiqləri artırmaq lazımdır.

Biz əbədiyyətə qədər belə bir öhdəlik götürməmişik ki, işğala dözməliyik, atəşkəsə riayət etməliyik. Xeyr! Əgər danışıqlarda nəticə yoxdursa, işğalçıya hərbi təzyiq artırılmalıdır”.