Şirməmməd müəllimin dərsləri bitməyəcək



Təkcə, media, jurnalistika deyil, ümumiyyətlə, Azərbaycanın ictimai fikri nəhəng bir simasını itirdi; Profsessor Şirməmməd Hüseynov haqq dünyasına qovuşdu. Ustadın ölümü ilə bağlı statusların birində kimsə belə yazmışdı – Şirməmməd müəllim o qədər enerjili idi, yorulmaq bilmirdi, adama elə gəlirdi ki, bu insan ölməyəcək. Daim yazacaq, araşdıracaq, tariximizin qalın qatlarına işıq tutacaq. Həm də təkcə mətbuat tariximizin yox, TARİXin.    

Şirməmməd müəllimlə vida mərasimi gözlənildiyi kimi Bakı Dövlət Universitetində oldu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Vergilər naziri Mikayıl Cabbarov, Mədəniyyət naziri Əbülfəs Qarayev də Şirməmməd Hüseynovun vida mərasimində iştirak etdilər.
Vida mərasimində ziyalılarımız dəyərli fikirlər səsləndirdilər. 

«Şirməmməd müəllim həyat dolu insan idi»

«Azərbaycan xalqına, jurnalistikasına ağır itki üz verib. İctimai fikrimizin sonuncu mogikanlarından biri, mənim universitet müəllimim Şirməmməd Hüseynov 95 yaşında dünyasını dəyişib».

Bunu yazıçı Sabir Rüstəmxanlı görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimində qeyd edib.

Rüstəmxanlı bildirib ki, Şirməmməd Hüseynov həyat dolu insan idi:

“Adam onun ölümlə üz-üzə gələcəyini təsəvvür edə bilmirdi. O, bütün ömrünü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına sərf edib. Azərbaycana öz ömrünü fəda etmiş insanların bioqrafiyasının toplanmasında böyük əmək sərf efib. O, qeyri-adi yaddaş sahibi idi. Məhəmməd Əmin Rəsulzadə, repressiya, AXC ilə bağlı çoxlarının unutduğu faktları ortaya qoymağı bacarırdı. Mən tələbə olanda Şirməmməd müəllim dekan müavini idi. Bir gün bir dostuma görə Şirməmməd müəllimdən qiymət istədim. Dedi ki, qiymət verməyəcəm, çünki savadsızdır. Və həmin tələbəni yadında saxladı. Dedi ki, bir gün o savadsız, həm də biqeyrət olacaq. Bu söz mənim yaddaşımda kök saldı.
Şirməmməd Hüseynov bir alim kimi çox fəal idi. M.Rəsulzadənin irsini araşdıran və toplayan insan kimi çox dəyərli idi. O, tələbələrinin, iş yoldaşlarının və onu sevənlərin yaddaşında əbədi qalacaq.

«Vətəndaşlıq borcunu öhdəlik hesab edirdi»

BDU-nun müəllimi Nəsir Əhmədli deyib ki, 1966-cı ildən bu günə qədər Şirməmməd müəllimlə birlikdə çalışıb:
“Həmişə onun qayğısını hiss etmişəm. 1956-cı ildə Səməd Vurğun rəhmətə gedəndə oğlu Vaqifə zəng ediblər ki, atan rəhmətə gedib. Telefonun dəstəyi onun əlindən yerə düşür. Sonra o bir şeir yazır: "Dünyanın ən ağır qanteli telefon dəstəyidir...” Dünən mən də eyni hissləri keçirdim. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Özümü pis hiss etdim. Çünki Şirməmməd müəllim mənim həyatımda çox böyük rola malik insandır. Universitetə qəbul imtahanından tutmuş bu günə qədər mənim hamim olub. Elm sahəsində, həyatda ağsaqqalım olub. Allah rəhmət eləsin. Ailəsinə, doğmalarına səbir versin".

Millət vəkili Fazil Mustafa bildirib ki, Şirməmməd Hüseynov öz vətəndaşlıq borcunu ölüm gününə qədər yerinə yetirməyi özü üçün öhdəlik hesab edən şəxsiyyətdir:

“Bu cür şəxsiyyətlər Azərbaycan tarixində nadir hallarda olur. Onun qoyduğu irs, yaşam tərzi, pedaqoji üslubu, vicdan və obyektivlik meyarları Azərbaycan cəmiyyətində etalona çevriləcək. Mən onu çox az sayda ziyalı ilə müqayisə edə bilərəm. Onlardan biri Xudu Məmmədovdur. O, Azərbaycan tarixindən gəlib keçmiş bütün obrazları, parametrləri ilə ideallara cavab verən kimlikdir. Onun irsi yaşayacaq. Onun obyektiv kimliyinin ortaya qoyduğu şəxsiyyət etalonu Azərbaycanda uzun müddət nümunə kimi göstəriləcək”.

Dərsləri səhərin lap erkən saatlarında olardı

Ustad haqqında tələbələri də maraqlı, eyni zamanda kövrək xatirələrini paylaşdılar. Onlardan biri də həmkarımız Yadigar Cəfərli oldu. Onun məqaləsini qısa ixtisarla təqdim edirik.   

«1990-cı ilin martı... 

Hələ Azərbaycanın müstəqilliyinə də bir ildən çox qalırdı. Və çoxu söyləyirdi ki, müstəqillik qazansaq, təbii sərvətlərimiz hesabına bütün respublika ərazisini bir neçə qarış qızılla örtmək olar.

Təkcə bir professor 29 il əvvəlin martında dərc olunmuş müsahibəsində deyirdi ki təbii sərvətlərə çox bənd olmayaq. İnsan kapitalına yönəlmək lazımdır: “...İndi dünya bazarında ən qiymətli məhsul elmi-texniki kəşflərdir. Belə məhsulun alıcıları da çoxdur. Mən bunu ona görə deyirəm ki, müstəqillikdən söhbət gedən kimi, hamı təbii sərvətlərdən danışır. Halbuki, təbii sərvətlər tükənmək üzrədir və əvvəl-axır da tükənəcək. Lakin tükənməyən bir şey varsa, o da insan beynidir”. 

Və o professor dünən 95 yaşında dünyasını dəyişdi...

O, tələbəliyimin ən unudulmaz xatirələrindədir. İlk dəfə qeydiyyatdan keçmək üçün 1996-cı ilin 30 avqustunda atamla birgə BDU-nun Jurnalistika fakültəsinə gəlib dəhlizdəki şəkillər arasında onun “Planetimizin mənzərəsi”ndəki tanış simasını da görəndə o qədər sevinmişdim ki...
Bizə xarici jurnalistika ilə bağlı mühazirələri 2-ci kursdan başladı. Hər şey bir kənara, şirin Şəki ləhcəsi ilə səsləndirdiyi fikirlər, arı çiçəklərdən bal çəkən kimi müxtəlif mənbələrdən toplayıb gətirdiyi maraqlı faktlar və cümlələrinin sonunda zənlə adamın üzünə baxıb dediyi “Bildin nə deyirəm” sualı hər şeyə dəyərdi. 

Dərsləri səhərin lap erkən saatlarında olardı. O qədər maraqlı keçərdi ki, hətta ən tənbəl tələbələr də bu mühazirələri qaçırmamaq üçün ondan əvvəl auditoriyada olardılar. Bir dəqiqə geciksəydin, içəri buraxmayacaqdı. Bu qədər sərt, yəni. Mühazirənin şirin yerində bilmədən qapını açıb dərsi ani pozan dəhliz avaralarını əsəbi vaxtlarında “Svoloç!” deyə yamanlamağı da vardı. Tələbələrlə arada Çin səddi saxlayan müəllimlərdəndi, bununla belə hamı ona böyük rəğbət bəsləyirdi. Çünki Şirməmməd Hüseynov insandan, müəllimdən daha çox canlı vicdan abidəsi kimi yaşayırdı, çalışırdı, insanlar arasında gəzib-dolaşırdı. Onun quruca kölgəsi BDU-nun Jurnalistika fakültəsindəki sağlam mənəvi-əxlaqi mühitin qorunmasına bəs edirdi. Və biz - tələbədən bir az çalışqanlıqdan başqa heç nə tələb edilməyən bu fakültədə təhsil almağımızla əməlli-başlı qürur duyurduq. 
“Son illər fakültədə az oluram. Birdən sizdən nəsə umanlar olar, mənə deməzsiniz ha” dilbədil tapşırardı və əlavə edərdi “Vaxt olub ki, yaramazlıq eləmək istəyənləri sürü ilə qovdurmuşam burdan. Bildin nə deyirəm?!”.

O, mühazirələrdə hətta dərs adına heç nə danışmasaydı belə, şəxsiyyəti ilə, davranışları ilə, təlqin etdiyi dəyərlərlə özü bir dərs idi. Deyirdi ki, yazı masasının arxasına keçəndə bəzən vaxtı hiss etmədən dörd-beş saat aramsız çalışır: “Moskvada aspiranturada oxuyanda yoldaşlar tez-tez məclislər qurardılar, məni də aparmaq istəyərdilər, getməzdim. Eyş-işrət, araq-çaxır mənlik deyildi. Əvəzinə Lenin kitabxanasında nəsə maraqlı bir fakt tapıb üzə çıxaranda mən də bundan zövq alırdım. İnsan cavanlığından faydalı işlərə vərdiş etməlidir. Yoxsa, ömür hiss olunmadan yanımızdan ötüb keçir, bir də görürsən ki, ortada heç nə yoxdur”.

Bizə dərs deyəndə yaşı 70-i çoxdan adlamışdı. Amma qəzeti eynəksiz oxuyurdu. Orası da vardı ki, günəşli yerdə, işıqlı iclas salonunda olanda dərhal qara gün eynəyini çıxarıb gözünə taxardı. Rejiminə bələd olan müəllimlərimiz deyirdilər ki, vaxtilə saat 13:00 olan kimi hətta dövlət imtahanını yarımçıq qoyub bir neçə dəqiqəyə naharını edib geri qayıdarmış. 

Şirməmməd müəllimi 95 yaşa çatdıran da bəlkə, bu mütəşəkkilliyi, daxili intizamı idi. 

Onun mühazirə vaxtı söylədiklərinin çoxunu sətirbəsətir dəftərlərimə köçürmüşəm. Amma indi məyusam ki, çatdırıb köçürə bilmədiklərim də çox olub. Kaşki o gözəl günləri, maraqlı mühazirə saatlarını bir də yaşamaq mümkün olsaydı...

Bir dəfə imtahan götürürdü, cavab vermək növbəsi mənə çatdığından qarşısındakı masada əyləşmişdim. Bu zaman arxa partalardakı qızlarımızdan birinin ağlamsındığını duydu. “Ay qızım, nə olub sənə?” “Müəllim, gözümə nəsə düşüb”. “Ay qızım, çıx bayıra gözündən çöpü çıxar, gəl də”. O, qapını arxasınca örtəndən sonra başını buladı, “Pah atonnan, indi ingilis, alman olsaydı, müəllimi vecinə almayıb çıxmışdı, yekə qızdı, bunun uşaq kimi ağlamağına bax”. 
Onda ikinci Çeçen müharibəsi yenicə başlamışdı, bölgədə ardıcıl terraktlar törədilirdi. Mühazirələrinin birində bu mövzuya diqqət yönəltdi. Şeyx Şamil hərəkatını əzmək üçün də yüz illər əvvəl tətbiq olunan bənzər hiylələri yada saldı. Sözünün bu yerində ikinci mənası bir qədər gülməli yozulan maraqlı ifadə işlətdi. Tələbə dostlarımızdan birini bu ifadəyə gic gülmək tutdu. O, gözlədi ki, dostumuz gülüb sakitləşsin. Amma oğlanın ürəyinə şeytan girmişdi elə bil, kirimək bilmirdi. Onda Şirməmməd müəllim dedi: “Ay oğul, icazə verirəm, çıx çölə doyunca gül, qayıt”. Və o çıxandan sonra təbəssümlə əlavə elədi: “Yaxın qohumum psixi xəstəxananın baş həkimidir. Deyir ki, Şirməmməd, sən hərdən biz tərəflərə bir baş çək. Çox maraqlı pasiyentlərimiz olur. Eləsi var ki, bütün günü dayanmadan elə hey gülür. İndi bu cavan oğlan da, yazıqdı, onlardan olmasın...”
Bir dəfə də «zaçot» günü idi. İçəri girəndə gördü ki, auditoriya ağzına qədər doludur. Mühazirələrdə, seminarlarda gözə dəyməyənlər də səliqə-səhmanla öz yerlərini tutublar. Bu vəziyyətə özünəməxsus tərzdə reaksiya verməsəydi, onda o, Şirməmməd Hüseynov olmazdı. “Həə, nömrə almağa gəlmisiniz?!” qəzəbli ironiya ilə davam etdi, “İndi alarsınız”. Və qıvraq addımlarla sıraların arasında dolaşıb başladı dərslərdə fəallıq göstərən tələbələri bir-bir işarə ilə auditoriyadan çıxarmağa. Bu, zaçotdan azad etmək anlamı verirdi. Mən də buna ümidli idim. Amma içəridən çıxardıqlarını çıxarıb sorğu-suala başlamaq üçün yerinə keçəndə ümidim qırıldı. Özümü sərt suallara hazırladım. Elə bu an gözü mənə sataşdı: “Sən nə gəzirsən burda, dur, çıx bayıra”. İçəridə qalıb suallara cavab verə bilməyənlərə isə zaçotu bir neçə həftə sonra kafedra müdiri yazası olmuşdu. Şirməmməd Hüseynov təhsildə, bilikdə güzəşt tanımazdı.

Sonuncu dərsində əfsus ki, özümdən asılı olmayan səbəbdən iştirak edə bilməmişdim. Uşaqlar dedi ki, hansısa fransız yazıçısının son dərslə bağlı maraqlı bir hekayəsi haqqında danışıbmış: müəllim səliqə ilə ən gözəl paltarlarını geyinib sonuncu dərsinə gəlir... 
Özündən dinləyə bilmədiyimə görə çox üzülmüşdüm. 

Amma onun dərsləri mənim üçün heç bitmədi ki... 

Əsl müəllim - dərsləri onun yoxluğunda da davam edən müəllimdir...
Professor Şirməmməd Hüseynovun dərsləri də mənim üçün həmişə bu şəkildəki obrazında davam edəcək. Əlindəki kitabı göstərib deyəcək ki, bax bundan yapışın, bundan. Keçmiş də, bu gün də, gələcək də kitablardadır, bilikdədir, vicdandadır, mənəviyyatdadır. 
Bildin nə deyirəm?! 
Yeri behişt olsun».