“İlin sonuna qədər çərçivə razılaşması baş tuta bilər”- PROQNOZ

“Azərbaycan tərəfinin biristiqamətli və dəyişməz siyasi mövqeyi nəticəsində Dağlıq Qarabağ danışıqları müəyyən mərhələyə qədər gətirilib çıxarılıb”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Politoloq bildirib ki, ilin sonuna qədər sülh sazişinin imzalanması üçün çərçivə razılaşması baş tuta bilər: 
“Paris, Moskva və Vaşinqton görüşləri əhəmiyyətli dərəcədə irəliləyişlərə səbəb olub. Artıq davamlı olaraq xalqları sülhə hazırlamaq barədə bəyanatlar verilir.
Ermənistanda baş verən siyasi dəyişiklilklər və hakimiyyətə yeni adamın gəlməsi fonunda danışıqlarda yeni nəfəsin yarandığını görmək istəsək də, əfsuslar olsun ki, Paşinyan fərqli addım atmağa cəsarət etmir. Ermənistanda baş verən dəyişiklikləri  “demokratiyaya keçid” kimi dəyərləndirməyə çalışsalar da, təqbiq olunan reformatik dəyişikliklər yalnız formal xarakter daşıyır. Avropaya inteqrasiya adı altında idarəetmə sahəsində edilən dəyişikliklər bu ölkədə demokratik ruhun gətirilməsinə xidmət edə bilməz. İlk növbədə demokratik cəmiyyətdə yaşayan insanlar və dövlətin özü azad olmalıdır. Rusiya son min ildə dövlətçiliyi olmayan bir xalq üçün Azərbaycan torpaqları hesabına dövlət yaratdı. Milli qürur və dövlətçilik ənənələri olmayan bir xalq onlar üçün göydəndüşmə şansı dəyərləndirmək əvəzinə yenə də qoltuq alrında isti yer axtarışındadır”.
Ekspert bildirib ki, Rusiyanın Qafqazda Ermənistan dövləti yaratmasından bu günə qədər onların arasındakı münasibətlər yalnız böyük dövlətin strateji maraqları üzərində qurulub: 
“Rusiyanın Ermənistana qarşı həm Çar Rusiyası, həm sovet və həm də indiki zamanda siyasi xətti dəyişməz olaraq qalır. Hələ də Ermənistan Rusiya üçün Cənubi Qafqazda forpost rolunu oynamaqda davam edir. 20-ci əsrin sonunda Ermənistan hüquqi müstəqillik almağa nail olsa da, Rusiya “Qarabağ klanı” vasitəsilə Ermənistanı quberniya səviyyəsində saxlamağı davam etdirdi. Paşinyanın qəflətən hakimiyyətə gəlməsi vəziyyəti bir qədər dəyişsə də hələ ki, Ermənistan çərçivədən çıxa bilmir. Rusiyapərəst “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırldıqdan sonra Paşinyan böyük sürətlə Qərbə inteqrasiya etməyi düşündü. Ancaq Moskvanın Dağlıq Qarabağ kartından məharətlə istifadə etməsi Paşinyanın bir ayağının Rusiyada qalmasına gətirib çıxardı. Lakin bütün bunlara baxmayaraq, Paşinyan ciddi cəhdlə okeanın o tayında dəstək axtarmaqdadır. Baş nazir Rusiyanın təsir dairəsindən maksimum itkilərlə çıxmağa çalışır”. 
Analitikin sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi andan erməni diasporaları ilə ciddi işləməyə başlayıb: 
“İlk olaraq fəaliyyətə Fransadan başlayan Paşinyan sonrakı fəaliyyətini ABŞ-da qərarlaşdırdı. Kaliforniya ştatının Qlendeyl şəhərinin iki dəfə meri seçilmiş Zareh Sinanyanı Ermənistanın diaspora işləri üzrə müvəkkili təyin etdi. Bu şəhərin əhalisinin üçdə biri erməni olmaqla yanaşı, onların şəhər sovetində icma olaraq nümayəndəlikləri də var. Qlendeyl şəhərinin Konqresdə nümayəndəsi isə ermənipərəst senator Adam Şifdir. Bu şəhərin Qafanla “qardaşlaşmış münasibətləri” də mövcuddur. Əsas hədəf Ermənistanın BMT-nin insan hüquqları şurasına seçilmək istəyidir. Müharibə şəraitində olan, işğal etdiyi torpaqlarda qanunsuz hərəkətlər edən, yüz minlərlə türkü öz yurdlarından didərgin salan və nəhayət atasının qəbrini görmək üçün evinə gələnləri həbs edib uzunmüddətli həbsə atan bir dövlətin insan haqqları şurasında təmsil olunması yolverilməzdir. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan xarici siyasəti dayanıqlıdır və Paşinyanın planlarına qarşı lazımi tədbirlərin görülməsi üçün potensialımız kifayət qədərdir. Dispora ilə iş komitəmiz və səfirliklərimiz bir an olsun öz fəaliyyətlərində boşluq və durğunluq yaratmamalıdırlar”.