Nəzarətsiz çimərliklərdə ölümə səbəb nədir? 


Bəzən vətəndaşlar paltarlarını çıxararaq, həmin lövhələrin üzərinə atırlar


 Dəniz mövsümü başlayandan bu günə olan məlumata görə, indiyədək 24 suda boğulan şəxs xilas edilib. Qurumun nəzarətində olan ərazilərdə ölüm hadisəsi baş verməsə də, nəzarətdən kənar olan çimərliklərdə bir neçə ölüm faktı qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili danışıb.

Müsahibəni təqdim edirik:

- Aqşin müəllim, çimərliklərdə təhlükəsizlik qaydaları necədir?

- Bütün çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməlidir. Bu qaydalar Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 saylı qərarı ilə təsdiqlənmiş Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında əsasnamə ilə tənzimlənir. Qaydanın 2.6-cı bəndində təhlükəsizlik tədbirləri haqqında məlumatlar yer alıb. Yəni çimərliklərin saxlanılması və istifadəsinə dair tələblər var. İlk növbədə çimərlik salınarkən, həmin o əraziyə dalğıclar vasitəsilə sualtı baxışlar keçirilməlidir. Sualtı təmizləmə işləri aparılmalıdır. Çimərlik elə müəyyən edilməlidir ki, sahildən dənizə doğru eniş olmalı və həmin eniş böyüklər üçün 1.75 sm olmalıdır. Həmin ərazilərə xüsusi məhdudlaşdırıcı nişanlar qoyulmalıdır. Bu nişanlar vətəndaşlara "bura qədər üzmək olar" mesajını verir. Məhdudlaşdırıcı işarələr bir-birindən 50 metr uzaqlıqda qoyulmalıdır və ərazi nə qədərdirsə, hər yerdə olmalıdır.

Bununla yanaşı dənizə baxış keçirilən zaman yeraltı suların çıxıb-çıxmaması müəyyən edilməlidiir. Çünki dənizdə çox mürəkkəb proseslər baş verir. Su altında qumun qaynaması olmamalı, sualtı axınların sürəti 5 m/san-dən artıq olmamalıdır. Bunların hamısı müəyyənləşdirilməli və əgər bunlar varsa, həmin ərazidə ümumiyyətlə çimərlik salınmamalıdır. Bütün çimərliklər xilasedicilərlə təmin olunmalıdır.

Mütləq şəkildə xilasetmə texnikası olmalıdır. Xilasedicilərin müşahidə aparması üçün 8-10 metr hündürülüyündə müşahidə qülləsi olmalıdır. Ərazidə xüsusi maarifləndirici lövhələr yerləşdirilməli, tibb məntəqəsi olmalıdır. Xilasedicilərin xidmət aparmaları üçün xüsusi şərait olmalıdır. Biz öz xidməti ərazilərimizdə bu tədbirlərin hamısını görmüşük. Eyni zamanda ictimai nəqliyyatdan, xüsusən metrodan istifadə edən sərnişinlərin maarifləndirilməsi məqsədilə metronun stansiya və qatarlarına çimərliklərdə təhlükəsizlik və davranış qaydaları haqqında məlumatlar yerləşdirilib.

Bizim bütün məntəqələrimiz həkim briqadaları ilə təmin edilib.

Ancaq nəzarətsiz ərazilər də var ki, orada xilasedici qüvvələr olmur. Özəl çimərlik operatorlarının da bir çoxlarında təhlükəsizlik qaydalarına riayət edilmir.

Qış mövsümündə Xəzər dənizində güclü küləklər olur. Həmin küləklər çimərlik ərazilərə müxtəlif yad cisimlər, daş-qaya parçaları gətirir. Bunların olmaması üçün dalğıclar vasitəsilə mütləq şəkildə baxış keçirilməlidir. Bəzən olur ki, dənizin içində yarğan olur, dənizə girən insan həmin yarğana, burulğana düşərək bata bilər. Boğulmanı da yaradan əsas səbəblərdən biri budur.

- Bəzən çimərlik ərazilərdə sıxlıq müşahidə edilir. Bu qanunla tənzimlənirmi?

- Çimərliklərdə istirahət üçün hər bir vətəndaşa böyüklər üçün 5 kv. metr yer ayrılmalıdır. Əgər çimərliyin 100 kv. metr sahəsi varsa, qanunla burada 20 nəfər istirahət edə bilər. Ancaq bizdə bəzən görürüsən ki, bu normalar kobud şəkildə pozulur.

- Hansı ərazilərdə daha çox suda boğulma hadisələri baş verir?

- Nəzarətdən kənar və özəl çimərliklər təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün bədbəxt hadisələr tez-tez baş verir. Ötən il Qızılqumda "Həyat" istirahət mərkəzinə təhlükəsizlik tədbirlərinin görülməməsi ilə bağlı 3 dəfə xəbərdarlıq etdik. Keçən il orada 3 nəfər boğulub öldü. Onlardan ikisi bir ailənin üzvü idi. Əgər orada 3 nəfər xilasedici olsaydı, belə faciə baş verməzdi.

- Ötən il nə qədər sudaboğulma halı qeydə alınıb?

- Ötən il bizim xidmətin əməkdaşları tərəfindən 304 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Bu 304 hadisə həmin ərazidə baş versəydi, bu 304 ölüm hadisəsi demək idi.

- Boğulmanın səbəbi nədir?

- Boğulmanın iki səbəbi var. Bu vətəndaş səhlənkarlığı və çimərlik müəssisələrinin buna şərait yaratmasıdır. Bəzən çimərlik fəaliyyəti ilə məşğul olan ərazilərə yaxınlaşanda bizə bildirilir ki, onlar çimərlik fəaliyyəti göstərmir. Təsəvvür edin restoran var, dənizin sahilinə stollar qoyulub, yemək və çay xidməti var. Amma dənizdə boğulan olsa məsuliyyət onluq deyil. Həmin müəssisələr başa düşmür ki, onlar vətəndaşın əraziyə gəlib, boğulmasına şərait yaradır.

- Özəl çimərlik sahibləri niyə təhlükəsizlik qaydalarına əməl etmir? Bunun üçün çox vəsait tələb edilir?

- Bilirsiniz, bu o qədər də böyük xərc tələb etmir. Bir xilasedicinin hazırlanması müəssisə üçün üstünlükdür. Onu da qeyd edim ki, hər adam xilasedici ola bilməz. Bəzən müəssisələrə xilasedicilərlə bağlı sual veririk. Bildirirlər ki, bəli var. Ancaq belə müəssisələr çox zaman digər işlərdə çalışan, ofisiant, kababçı və s. işçiləri xilasedici kimi təqdim edirlər.

- Hər adam xilasedici ola bilərmi?

- Xilasedici olmaq üçün insan fiziki və psixoloji cəhətdən sağlam olmalıdır. Çünki psixoloji cəhətdən sağlamlıq çox vacibdir. Bəzən belə hadisələr olur – məsələn hansısa göldə bir nəfər boğulurmuş, digəri onu xilas etmək istəyəndə o da boğulur. Çünki həmin adamlar psixoloji cəhətdən buna hazır olmurlar.

Eyni zamanda, xilasedicilər xüsusi kurs keçirlər. Suda boğulana necə yardım etmək olar, ona hansı hissədən yaxınlaşmaq olar, ona necə kömək etmək olar? Xilasedici kursu keçdiyi üçün nə etməli olduğunu bilir. Bəzən çimərlik operatorları buna önəm vermir. Üç xilasedici hazırlamaq müəssisə üçün böyük bir xərc aparmır. Amma hansısa müəssisədə ölüm hadisəsi baş verəndə bu müəssisə sahibi üçün böyük problemlər yaradır. Nəzərə alsaq ki, turistlərin əksəriyyəti təhlükəsizlik tədbirlərinə önəm verir, bu kimi halları turist itkisi kimi də qiymətləndirmək olar.

Məsələn, bu yaxın günlərdə Bilgəh qəsəbəsinin ərazisində yerləşən özəl çimərliklərin birində müqavilə əsasında sualtı baxışlar keçirdik. Sualtı baxış zamanı həmin ərazidən təxminən 3 maşın daş-kəsək və digər yad cisimlər çıxarmışıq. Su altında gizlənmiş bu yad cisimlər bir başa insan həyatı üçün təhlükədir. Çimrəliklərə sualtı baxış o qədər də böyük xərc tələb etməs'ə də, müəssisələr buna laqeyid yanaşır.

- Vətəndaşlar necə, qaydalara əməl edirmi?

- Biz əraziyə maarifləndirici lövhələr yerləşdirmişik. Vətəndaşlar bu lövhələrə qarşı çox laqeyd davranır. Mən özüm dəfələrlə bu kimi hallarla qarşılaşmışam. Baxırsan vətəndaş həmin lövhəni yerindən çıxarmağa çalışır. Bu lövhələr 3 metr hündürlükdə olan borulardan hazırlanır. Soruşanda ki, niyə belə edirsən, axı bu dövlətin əmlakıdır? Belə davab verir ki "avtomobilim batıb, aparıram ki, bunu təkərlərin altına qoyub, avtomobili çıxarım".
Bəzən vətəndaşlar paltarlarını çıxararaq, həmin lövhələrin üzərinə atırlar.
Bəzən isə, vətəndaşlar elə bil ki, çimərliyə istirahətə yox, həmin əraziləri zibilləməyə gəlir.
Bizim vətəndaşlarımızın çoxu manqalı yandırıb, qarpız kəsir, ətrafı zibilləyir. Yaxınlaşanda ki, qardaş niyə zibilləyirsən buranı? Sənə kobud cavab verirlər.
Küləkli havada vətəndaşlara dənizdə çimməyə icazə verilmir. Xilasedicilər vətəndaşlara yaxınlaşıb "çimmək olmaz, küləkdir" deyəndə cavab verirlər ki, "bəs siz nəyə lazımsınız".
Küləyin sürəti saniyədə 10 metrdən yüksəkdirsə, qanunvericiliklə çimmək qəti qadağandır. Mübahisələr böyüyür və iş hüquq mühafizə orqanlarına qədər gedib çıxır.

- Bildiyimə görə, digər bir problem uşaqların valideynlər tərəfindən nəzarətsiz buraxılmasıdır.

- Bəli. Digər bir problem valideyn nəzarətindən kənarda qalmış uşaqlarla bağlıdır. Valideynlərin başı qarışır, bir də ayılırlar ki, uşaq yoxdur. Bizə çox belə müraciətlər olunur. Bilmirik uşağı suda axtaraq, kənarda axtaraq. Nəzarətsiz ərazilərdə üstünlük təşkil edən ölüm səbəblərindən biri də budur.
Bu yaxınlarda Şıx qəsəbəsində nəzarətsiz ərazidə qadın öz rəfiqələri ilə çimərliyə gedib. Başı qarışıb, birdən ayılıb ki, oğlu yoxdur. Oğlunun da 14 yaşı vardı. Qadın oğlunun yanında olmamasından 2 saat sonra xəbər tutmuşdu. Bizim əməkdaşlarımız suya çıxıb axtardılar. Məlum oldu ki, bizim məntəqədən 700 metr kənarda uşaq batıb.
Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, 13 yaşından aşağı uşaqlar çimərliklərdə valideyn nəzarəti altında olmalıdı. 13 yaşına qədər uşaqlar müstəqil qərar verə bilmir. Amma valideynlər bunu nəzərə almır.

- Neçə məntəqəniz var?

- Qurumun respublika ərazisində 43 bölgədə məntəqəsi var. Onlardan 35- xilasetmə məntəqəsi, 8 –i dalğıc axtarış qrupudur. Onu da əlavə edim ki, bu il xilasediclər iyunun 1-dən gücləndirilmiş iş rejiminə keçib. Dənizdə saat 9.00-dan 20.00-a qədər çimməyə icazə verilir.