Dövlət sirridir: Kreml sualtı gəmidəki yanğınla bağlı detalları açmır

Rusiya Dəniz Qüvvələrinə məxsus yeraltı gəmi Barens dənizində yanıb, 14 dənizçi ölüb. Hadisə ilə bağlı ətraflı məlumat verilməyəcəyi açıqlanıb

Sherg.az Rusiya KİV-ə istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib ki, yanğınla bağlı məlumatlar dövlət sirri olduğu üçün açıqlanmayacaq: “Bu məlumatlar mütləq gizlilik kateqoriyasına daxildir. Dövlət və beynəlxalq təhlükəsizlik maraqlarına görə gizlilik təmin olunur. Məlumatların gizli saxlanması normal bir prosedurdur, qanundan kənar hal deyil”. 

Peskov həmçinin Rusiya prezidenti Vladimir Putinin yanğınla bağlı bütün məlumatlara sahib olduğunu da qeyd edib. Sualtı gəminin tapıldığı Barens dənizi Rusiya ilə Norveç arasındadır. Rusiya xəbər agentliyi TASS-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi hadisə ilə əlaqədar Norveçi məlumatlandırmayıb. Nazirlikdən verilən açıqlamada deyilik ki, sualtı gəmidə baş verən yanğın söndürülüb. Norveç tərəfinə isə bununla bağlı hansısa məlumat göndərilməyib. Qeyd edək ki, 2000-ci ildə Kursk nüvə sualtı gəmisi də Barens dənizində olarkən partlayış nəticəsində batıb, 118 dənizçi ölmüşdü. Bu arada Rusiya gəmidəki yanğınla bağlı detalları açıqlamasa da, rus mediasında yer alan xəbərlərə görə, yanğın AS-12 Loşarik tipli sualtı gəmidə baş verib. Loşariklər Rusiyanın ən böyük nüvə casus sualtısı olan Belqorodun alt qismində hərəkət edir. Rusiya isə gəmidə nüvə reaktoru olması iddialarını təkzib edir.