“Ermənistan hökumətində münaqişənin həlli ilə bağlı konkret baxış yoxdur” – ŞƏRH

“Ermənistan hökumətində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aydın siyasi xətt yoxdur”. 

Bunu “Sherg.az”a açıqlamasında sabiq Dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. 
Ekspert bildirib ki, Paşinyanın Qarabağ münaqişəsinin həllində səmimi olduğunu söyləmək mümkün deyil: 
“Ermənistanın baş naziri “torpaqların qatarılması” dedikdə Dağlıq Qarabağ ətrafı rayonların bir neçəsini nəzərdə tutur. Ola bilsin, ara-sıra Paşinyan müəyyən qədər pozitiv düşünür. Lakin bundan əvvəl Sarkisyan və Koçaryan da buna bənzər ifadələr işlədiblər. Amma Dağlıq Qarabağ məsələsində həm indiki hökumətin, həm də “Qarabağ klanı”nın niyyətləri hər zaman tamamilə üst-üstə düşüb”. 
Analitikin sözlərinə görə, münaqişə ətrafında həddindən artıq dezinformasiyalar yayılır və bu da məqsədli şəkildə edilir
“Düşmən ölkədə bir qisim Paşinyanı tənqid edir, digər qrup isə müəyyən mənada baş nazirin reklamını aparır. Məncə, bunların hamısı görüntü üçündür. Real olan odur ki, hələki Ermənistan hökumətində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret baxış yoxdur.
Ona görə də Paşinyan nala-mıxa vurmaqla məşğul olur. Rusiyalı politoloqların bu istiqamətdə ard-arda verdiyi şərhlər də məqsədyönlüdür və ictimaiyyətlərin reaksiyasını öyrənməyə hesablanıb”