Bu gün II və III qruplar imtahan verib - İmtahana mobil telefon keçirdilər (YENİLƏNİB)

Bu gün Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana mobil telefon və digər köməkçi vasitələr gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək.
Bu gün saat 16.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İyulun 8-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur.

10:17

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Sherg.az DİM-ə istinadən bildirir ki, Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılır. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent isə III qrup üzrə imtahan verir.
Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və 3 saat davam edəcək.
İmtahandan dərhal sonra – saat 16.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.