Dünyaya insanlıq “qol”u: “River Plate” stadionunu evsizlərin üzünə açan ilk klub oldu

Argentina futbol liqasının klublarından olan “River Plate” qışın gəlişi münasibətilə stadionunu evsiz-eşiksiz insanların üzünə açıb. Sherg.az xarici mediaya istinadən bidirir ki, “River Plate” klubu evsiz insanlara stadionda sığınacaq verməklə yanaşı onlara yemək-içmək də təşkil edir.

“El Monumental” adlandırılan Antonio Vespucio Liberti stadionuna gələn “Red Solidaria” Yardım Qurumunun rəhbəri Xuan Karr, üç gündür davam edən yardım aksiyasına 180 könüllünün qatıldığını qeyd edib: “İlk gün 242 evsiz insan stadionda yemək yedi. Bunlardan 103 nəfəri stadionda gecələdi. Dünən isə 340 evsiz gəldi və 114-ü gecəni burada qaldı.

Bu gün də soyuqdan donmamaq üçün ən az 120 nəfər burada gecələyəcək. Digər futbol klubları da “River Plate”dən örnək götürərək stadionlarını evsiz-eşiksiz, kimsəsiz olanların üzünə açacaq. Dünyada daha öncə stadionunu kimsəsizlərə açan bir klub olmayıb. Stadionu evsizlərə açmaq ideyası, 11 gün içində küçələrdə yaşayan 5 kimsəsizin donaraq ölməsindən sonra yarandı. “River Plate” də təklifimizi qəbul etdi”.