"Artıq yeni evimlə də tanış olmuşam" - Xalq artisti 

Heydər Anatolu: "Sənətkar üçün bu diqqətdən önəmli nə ola bilər ki?"

 Son günlər Prezident İlham Əliyev bir neçə sənət adamına ev hədiyyə edib. Dövlət başçısı bu günlərdə Xalq artisti Heydər Anatoluya da ev bağışlayıb. Qeyd edək ki, Xalq artisti  Heydər Anatolu mərhum müğənni  Anatolu Qəniyevin oğludur. 

Xalq artisti Heydər Anatolu ilə əlaqə saxladıq. Anatolu Qəniyevin oğlu «Şərq»ə açıqlamasında bildirdi ki, sevincinin həddi-hüdudu yoxdur: «Mən ölkə başçısı İlham Əliyevə ailəm və öz adımdan təşəkkürümü bildirirəm.

Dövlət tərəfindən hər zaman ailəmə və sənətimə qarşı diqqət hiss etmişik. Atam sağ olanda ulu öndər atamın sənətinə dəyər verirdi. O illərdən bu günə qədər mən dövlətimizin qayğısını hiss etmişəm. Əlbəttə ki, Prezidentimiz tərəfindən belə böyük bir hədiyyəyə sahib olmaq qürur verir.

İcra Hakimiyyətindən mənə telefon açıb bildirdilər ki, cənab Prezidentimiz mənə ev bağışlayıb. Artıq evlə də tanış olmuşam. Ailəmlə birlikdə yeni evimizi gördük. 3 otaqlı Yeni Yasamal ərazisində geniş mənzildir. Evim olsa da ailəm üçün darısqal idi. Artıq geniş mənzilə sahibəm. Övladlarım da bu xəbərə çox sevindilər.

Mən bir də cənab Prezidentimizə cansağlığı arzu edirəm. İlham Əliyev sənət adamlarını qayğı və diqqətlə əhatə edir. Sənətkar üçün bu diqqətdən önəmli nə ola bilər ki? Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.