Böyük nailiyyət: "Artıq ölkəmiz sivilizasiyalararası dialoq mərkəzinə çevrilib"

"Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya Mədəni İrs Siyahısına qəbul edilməsi, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfədir ki, bu beynəlxalq miqyasda bir daha etiraf edildi".
Bu sözləri Sherg.az-a deputat İlham Məmmədov söyləyib. Millət vəkili qeyd edib ki, bu, boyük və irimiqyaslı tarixi hadisədir:
"Əlbəttə, ölkəmizin adına qazanılan bütün uğurlarda Prezident İlham Əliyevin, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əzmkar fəaliyyətini xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun Prezindenti kimi Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin milli-mənəvi dəyərlərinin qorunaraq dünyaya təqdim olunması heç bir müqayisəyə gəlməyən fəaliyyətdir. Mehriban Əliyevanın UNESKO ilə əməkdaşlıq çərçivəsində aktiv fəaliyyəti, müxtəlif ölkələrlə mədəni əlaqələri gücləndirməsi sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Məhz bunun nəticəsidir ki, artıq ölkəmiz sivilizasiyalararası dialoq, multikultural dəyərlər və tolerantlığın mərkəzinə çevrilib, dünya üzrə ən mötəbər beynəlxalq platforma statusunu qazanıb".
İ.Məmmədov qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi o deməkdir ki, artıq ölkəmiz dünya irsinin mərkəzinə çevrilib:
“Bu sessiya sanki dünya irsinin olimpiadasıdır, burada ayrı-ayrı ölkələr öz maddi və mənəvi sərvətlərini dünyaya təqdim edirlər və bunlardan hansı qəbul olunsa, o ölkə özünü qalib kimi hiss edir. Qalib olan ölkələr tarixə düşür. Tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız, doğma Qarabağımız azad olunsun. Nəticədə Şuşanın Cıdır düzü, İsa bulağı, Xarı bülbülü, Kəlbəcərin İsti suyu, Füzulinin Azıx mağarası, Ağdamın, Laçının, Cəbrayılın, Zəngilanın tarixi keçmişi də dünya mədəni irsinə daxil edilsin. Bunu biz görəcəyik, yaşayacağıq".