Dünyaya səs salmalıyıq - REPORTAJ 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Fikrimcə, vətənpərvərlik sözü dünyada ən çox azərbaycanlılara yaraşır. Əminəm ki, əksər insanlar mənim bu qənaətimlə razılaşacaq. Çünki tarix boyu Azərbaycanın keçmişinə baxdıqda torpağı, ərazisi uğrunda istər güclü imperiyalar, istərsə də müxtəlif dövlətlərlə qanının son damlasına kimi savaşan xalqın səlnaməsini görərik. Hər bir Azərbaycan oğlu, qızı üçün vətən, torpaq ən müqəddəs sözlərdən biridir. Hər zaman Azərbaycan xalqı vətənlə, torpaqla bağlı istənilən məsələlərə böyük həssaslıqla yanaşıb. Fikrimcə, son dövrlərdə sosial media istifadəçisi olan gənc vətəndaşlarımızın bu məsələlərdəki diqqəti, həssaslığı, yanaşması göz qabağındadır. Qeyd etdiyim düşüncələrimi bir daha gənclərdən əyani şəkildə duymaq məqsədi ilə paytaxt küçələrində gənclər arasında sorğu apardıq. Gənclərin vətən dedikdə ilk ağlına gələn nə olur? Vətən sevgisi onlar üçün hansı anlamı verir? Bu suallarla gənclərin fikirlərini öyrənməyə çalışdıq.
Vətənin hər qarışı canımdır
İlk olaraq suallarımı cavablandıran hərbiçi oğlu Məmmədov Rəfael bildirir ki, vətən bizim dünənimiz, bu günümüz, sabahımızdır:“Hərbiçi aliləsində böyümüşəm. 22 ildən artıqdır ki, atam hərbiçidir. Bu vaxtlar ərzində atam dəfələrlə vətənin dar günündə düşmənlə göz-gözə gəlib. Elə ona görə də vətən, torpaq sözləri mənim üçün böyük anlam kəsb edir. Hansı ki, həmin anlam mənim üçün xəyallarımdan belə ötədir. Yəni torpağıma kimsə göz diksə, həmin gözləri düşünmədən çıxararam. Heç fikirləşmədən cəbhəyə düşmənlə savaşmağa gedərəm. İnşallah gələcəkdə uşaqlarımı da bu cür tərbiyə ilə böyüdəcəm”.
Uğrunda ölən varsa, vətəndir
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Hacıyev Orxan deyir ki, vətən bizim anamızın, atamızın böyüdüyü, dədə-babalarımızın uyuduğu torpaqdır:
“Məncə, bütün Azərbaycan ailələri ilk olaraq övladlarına ana, ata və vətən sözlərini öyrədir. Elə buna görə də bizlər anamızı, atamızı nə qədər çox seviriksə, elə bir o qədər də yurdumuza, torpağımıza bağlı oluruq. Demək olar ki, Azərbaycanın bütün igid oğlanları və mərd qızları bir an da olsa, fikrindən, ağlından, ürəyindən Qarabağımızı çıxarmır. Bəli, Qarabağı... Hər dəfə bu adı eşidəndə mənim üçün sanki həyat dayanır. Çox qəribədir, heç bir dəfə də Qarabağda olmamışam. Çünki mənim 19 yaşım var. Lakin Qarabağımızı ermənilər mən anadan olmamışdan əvvəl işğal edib, tapdaq altında saxlayırlar. Şuşada, Laçında, Xankəndində, Xocalıda, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Ağdamda heç vaxt olmasam da, hər zaman o yerləri düşünmüşəm. Necə ki, bir əli beş barmaqsız düşünmək olmur, Azərbaycanı da Dağlıq Qarabağsız təsəvvür etmək mümkün deyil. Uşaqlığım boyunca valideynlərim, müəllimlərim həmin rayonların bərəkətli torpaqlarından, səfalı havasından, saf suyundan, qonaqpərvər əhalisindən danışıb. Təbii ki, bütün bu məlumatlarla yanaşı, sadaladıqlarımın hamısının necə vəhşiliklə, qəddarlıqla məhv edildiyindən də xəbər veriblər. Hər zaman ermənilərə nifrətim, kinim daha da artıb. Məncə, hər il yalnız fevral ayının 26-sı təqvimini dünyaya göstərməklə Ermənistanın necə bir dövlət olduğunu sübut edə bilərik. O günü, o tarixi heç vaxt yaddaşımızdan çıxarmaq mümkün olmayacaq. Çünki vətəndaşlarımızın, soydaşlarımızın o vəhşət gecəsi bütün Azərbaycan oğullarının və qızlarının dərdidir. Düşünürəm ki, bütün bunlara görə ermənilərə ən layiqli dərsini Azərbaycan ordusu verəcək. Necə ki, Aprel savaşında Azərbaycan öz gücünü Ermənistana və onların havadarlarına göstərdi, o gün bir də gələcək. Bütün dünya görəcək ki, bu haqq davasında Azərbaycan haqlıdır. Sona qədər də bu əzm, qətiyyət belə davam edəcək. Çünki Azərbaycanın güclü ordusu, iradəli Ali Baş Komandanı var”."Vətən uğrunda əmim şəhid, atam qazi olub”
Bakı Dövlət Universitetinin tələbəsi Səbinə Mirəliyeva söyləyir ki, vətənpərvərlik haqqında mövzular onun ən yaralı yeridir:
“Hər dəfə oğlanlar qızlardan daha çox vətəni sevdiklərini iddia etsələr də, bu belə deyil. Məncə, Azərbaycan oğlanları və qızları bərabər şəkildə torpağına bağlıdır. Vətən, torpaq sevgisi mənim böyüdüyüm ailədə tamam fərqlidir. Çünki 1993-cü ildə əmim Azərbaycan torpaqları uğrunda düşmənlə savaşarkən şəhidlik zirvəsinə ucalıb. Atam Qarabağ döyüşlərində qazi olub. Eyni zamanda müstəqillik uğrunda canlarından keçən bütün şəhidlərimizi, həyatlarını torpağa qurban vermək istəyən qazilərimizi düşündükdə məndə də vətənpərvərlik hissləri coşur. Çünki Azərbaycan indiki vəziyyətə, şəraitə asanlıqla gəlməyib. Müstəqillik yolunda, birləşib yumruq olmaq uğrunda çox şey qurban vermişik. Məncə, şəhidlərimiz, qazilərimiz elə bunun bariz nümunəsidir. Həmçinin Azərbaycan kimi bir dövlətdə heç bir gənc vətən sevgisini unutmaz. Çünki cənab Prezidentimiz İlham Əliyevin məcburi köçkünlərə, qazilərə diqqəti, bu yaxınlarda şəhid ailələrinə birdəfəlik 11 000 manatlıq ödəniş etməsi və digər qayğısı bizi ruhlandırır. Hər zaman Azərbaycanda şəhid, qazi sözü əziz tutulub və sona qədər də belə qalacaq. Bir də onu bilirəm ki, biz azərbaycanlılar vətən uğrunda yaşamışıq, vətən uğrunda ölümə hazırıq. Sonda da fikirlərimi Məmməd Arazın “Vətən” şeirinin bu bəndi ilə bitirmək istəyirəm.

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim 
Xəzanımdır, xəzanımdır, xəzanım”.
Qarabağ bizimdir, bizim olacaq!
Vətən həsrəti çəkən məcburi köçkün Qədir Babalı isə qeyd edir ki, vətənini sevmək, torpağını canından əziz tutmaq azərbaycanlılara aid xüsusiyyətlərdir:“Vətənpərvərlik sözünün nə demək olduğunu mən və mənim kimi torpaq həsrəti çəkənlər daha çox anlayır. Bəli, torpaq həsrəti... İllər əvvəl valideynlərim məcburi köçkün olub, dədə-baba yurdumuzdan çıxaraq Bakıya gəlib, burada yaşayıb. Heç vaxt atamın doğulub, böyüdüyü, yeridiyi, qaçdığı, nəfəs aldığı torpaqlarda olmamışam. Çünki 1993-cü ilin avqust ayının 25-də dədə-baba yurdum Cəbrayıl rayonu ermənilər tərəfindən işğal edilib. Sırf buna görə illərdir ailəm və mən torpaq həsrəti çəkirik. Hər dəfə atamın dilindən düşməyən o gözəl yerlərə, Qarabağıma çox şey qurban verməyə hazıram. Bütün məcburi köçkünlər, Azərbaycan oğulları kimi mənim də ən böyük arzum Ermənistanın zorla işğal altında saxladığı yurdumu, Qarabağımı mənfur düşməndən azad edib, ermənilərə gününü göstərməkdir. Gec, ya da tez, bu olacaq. İstər xoşluqla, istərsə də zorla Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq. Çünki Qarabağ bizimdir, bizim olacaq! Ali Baş Komandanımızın, Azərbaycan Silahlı Qüvvələrinin gücü ilə, ya da sülhlə biz o günləri görəcəyik. Artıq Ermənistan və onun ipini çəkərək hərəkətə gətirənlərin qarşısında əvvəlki Azərbaycan yoxdur. Hazırda hər kəsin qarşısında iqtisadiyyatı, siyasəti, yenilməz ordusu ilə dümdüz ayaqda duran Azərbaycan var. Məncə, ölkəmiz Aprel döyüşlərində bunu bütün dünyaya göstərdi və hamı da çox gözəl başa düşdü. Allahın köməkliyi ilə yaxın vaxtlarda torpağımızı geri qaytaracağıq və buna hər kəs kimi bütün qəlbimlə inanıram”.
Vətən bizim bütün sərvətimizdir
Afiq Nəbiyev bildirir ki, Azərbaycan onun üçün hər şey deməkdir:
“Vətən, torpaq sevgisi dilindən, cinsindən, dinindən, irqindən asılı olmayaraq hər insanda olmalıdır. Əgər yoxdursa, onda o, insan deyil. Hətta belə bir məsəlimiz var - "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Məncə, atalar bu məsəli əbəs yerə çəkməyib. Həqiqətən də elədir. Tez-tez işlə bağlı xarici ölkələrə gedirəm. Türkiyə, Gürcüstan, Rusiya kimi dövlətlərdə usta və ya fəhlə kimi işləyirəm. Aylarla Azərbaycanda olmuram. Amma ölkəmə gələndə tamam başqa hisslər keçirirəm. Gömrükdən Azərbaycana daxil olduqda sanki evimin qapısından içəri daxil olmuş kimi oluram. Düşünürəm ki, vətən sevgisi budur. Harda oluramsa olum, Azərbaycan kimi yer yoxdur. Allah nəsib etsə, övladlarımı da bu cür tərbiyə edəcəm. Onlara vətəni, torpağı, bir də erməni millətinin nankorluğunu ətraflı şəkildə başa salacam. Çünki vətən bizim bütün sərvətimizdir. Torpağımın hər qarışında Mübarizin, Fəridin və digər şəhidlərimizin qanı, canı, nəfəsi var. Ona görə də Azərbaycanın bir ovuc torpağını milyonlara dəyişməməliyik. Ermənilərə gəldikdə, məncə, onları biz yaddan çıxarsaq da, tarix, insanlıq unutmayacaq. Günahsız uşaqları, yaşlı qocaları, anaları, bacıları vəhşicəsinə qətlə yetirən yağıları bütün dünya tanımalıdır. Çünki bu gün Azərbaycana pislik edənlər, sabah başqalarına da həmin pislikləri yaşadacaqlar. O zaman hər kəsin ağlı başına yığışacaq. Ermənilərə görə minlərlə insan öz yurdlarından didərgin düşüb, torpaq həsrəti ilə qovrulurlar. Amma zamanın çarxı fırlanır. Bir gün o çarxın ucuna ermənilər günahları ilə birlikdə gələcək. O zaman Azərbaycanın ayaqlarına mərhəmət dilənməyə düşəcəklər”.
Ermənistandakı vəziyyəti Afrika ölkələrindəki duruma bənzədirəm
Bakı Dövlət Universitetinin tələbəsi Habil Mirzəyev vurğulayıb ki, babası, atası kimi gözünü belə qırpmadan torpağı uğrunda canından keçməyə hazırdı:“Hazırda ölkəmiz sanki qanadı qırıq quş kimidir. Çünki Qarabağımız düşmən işğalı altındadır. Amma bu günlər də keçəcək. Azərbaycan bu günə kimi bundan da ağır yollardan keçib, əzab-əziyyətə tab gətirib. Gec və ya tez, Ermənistan öz layiqli dərsini alacaq. Azərbaycan ayaqda durmağı illər əvvəl bacarsa da, Ermənistan hələ də sığınmağa qucaq axtarır. Məncə, onların bu günlərinə insanların yazığı gəlməlidir. Amma dəyməz. İnsanlar vicdanı olanlara mərhəmət etməlidir. Hazırda sosial mediadan Ermənistandakı vəziyyəti, yoxsulluğu, əhalinin ölkəni tərk etməsini, məmurların biri-birini yeməsini görürük. Lakin onlar yaxında bundan da pis günə düşəcəklər. Xocalıda etdikləri vəhşiliyin cəzasını çəkəcəklər. Əminəm ki, Ermənistan ordusu Azərbaycan silahlı qüvvələrindən ciddi şəkildə qorxur. Çünki ən yeni hərbi texnikalar, müasir silahlar, təcrübəli, professional hərbi qulluqçular Azərbaycandadır. Amma Ermənistanda ötən əsrdən qalan silahlar, hərbi texnikalar var. Yenilərini almağa iqtisadi gücləri də yoxdur. Azərbaycan Ermənistana Aprel döyüşlərində nəyə qadir olduğunu kəskin şəkildə göstərdi. Eyni zamanda Cocuq Mərcanlı, Lələ Təpə kimi əraziləri geri qaytarmaqla ölkəmizin bütövlüyünü düşmənə açıq bəyan etdi”.
Vətənini sevməyən, anasını da sevmir
Üzeyir Sadıqlı qeyd edir ki, hər kəs kimi vətəni canından çox istəyir:
“Bir neçə ay bundan əvvəl hərbi xidmətimi başa vurub, paytaxta gəlmişəm. Tam bir il altı ay müddətində vətən borcumu qaytarmağa, düşmənə aman verməməyə çalışdım. Amma indi buradayam. Lakin Azərbaycan darda qalsa, düşünmədən yenə cəbhəyə getməyə hazıram. Allahın izni ilə gələn il 2019-cu ilin bitməsini, 2020-ci ilin başlamasını Qarabağda qeyd edərik”.
Vətənpərvərlik azərbaycanlıların qanında var
Qasımov Qabil diqqətə çatdırır ki, vətənpərvərlik həm də ölkə əhalisinin firavan, rahat, təhlükəsiz yaşaması deməkdir. Hər bir insan əlindən gələni etməlidir ki, düşmən qarşısında güclü görünək:
“Amma bunu yalnız hərbi hissədə, bir il və ya bir il altı ay müddətində deyil, hər yerdə, hər vaxt etməliyik. Çalışdığımız qədər yaxşı işlər görüb, dünyaya səs salmalıyıq. Məsələn, "Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllim hərbi xidmətə getməsə də, arxa cəbhədə bacardığı işlərlə əsgərlərə, əhaliyə kömək etməyə çalışırdı. Məncə, bütün insanlar belə olmalıdır. Bir insanın vətənpərvər olması uşaqlıq yaşlarından ailə tərbiyəsi ilə başlayıb, zamanla formalaşır. İllər əvvəl Qarabağ döyüşləri zamanı doğulduğum Goranboy rayonundan insanlar könüllü olaraq döyüşə yollanıb. Hətta atam könüllü şəkildə getdiyi həmin döyüşlərin birində yaralanıb, qazi olub.
Atamın dayısı oğlu könüllü olaraq getdiyi döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Fikrimcə, vətən sevgisi budur. İlk dəfə Aprel döyüşlərində müharibənin nə demək olduğunu başa düşmüşəm. Gecə yarısı atəş səsləri, yaşadığım Səfikürd kəndində raketin hər yeri titrətməsi, evin az qala üstümüzə aşacaq qədər silkələnməsini həyəcanla yaşamışam. Həmin vaxtlar ali məktəbə hazırlaşırdım. Hər dəfə könlümdən müharibəyə getmək, düşmənlə savaşmaq hissləri keçirdi. Hazırda yenə elədir. Vətən nə vaxt çağırsa, düşünmədən düşmənin qarşısında sipər olmağa gedərəm”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.