“Azərbaycan özünü sülh siyasəti yürüdən etibarlı ölkə kimi tanıda bilib”

“Nəzəri cəhətdən NATO və Rusiya generallarının görüşü başqa şəhərlərdə və ölkələrdə keçirilə bilərdi. Növbəti dəfə Bakının seçilməsi heç də təsadüfi deyil”
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloq Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 
Analitik bildirib ki, ötən illər ərzində Azərbaycan istər NATO-ya, istər Rusiyaya, istərsə də ümumi dünya ictimaiyyətinə özünü mehriban tərəfdaşlıq və sülh siyasəti yürüdən etibarlı ölkə kimi tanıtdıra bilib: 
“Rusiya və ABŞ-ın ayrı-ayrılıqda Azərbaycanla olan əlaqələrində inkişaf xətti, dövlətimizə və xüsusən Prezident İlham Əliyevə etibarları bu kimi görüşlərin Bakıda keçirilməsinə şərait yaradır. Şübhəsiz, belə görüşlərdə çox ciddi məsələlər müzakirə olunur. Bu seçim Azərbaycanın dünyadakı statusuna, beynəlxalq imicinə müsbət təsir göstərən amildir. Ölkəmiz illərdir ki, beynəlxalq mədəni və siyasi forumların keçirildiyi mühüm mərkəzə, sivilizasiya və dinlərlararası münasibətlərin platformasına çevrilib”.