Xan sarayında çinarın budağı qırıldı: 19 nəfər yaralandı, Bakıdan həkimlər göndərildi - (YENİLƏNİB)

Şəkidə Xan Sarayındakı çinar ağacının qırılaraq insanların üstünə düşməsi nəticəsində xəsarət alanlardan 4-nün vəziyyəti ağırdır.
Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.
Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcək.
14:39
İlkin məlumata görə, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb.
Bunu APA -ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
K. Quluzadə deyib ki, həmin şəxslərin əksəriyyəti ambulator yardım alandan sonra evə buraxılacaq: "4 nəfər orta və ağır xəsarət alıb. Xəsarət alanlar arasında həm xarici, həm də yerli vətəndaşlar var. Hüquq-mühafizə orqanları ilə birgə araşdırmadan sonra daha geniş məlumat veriləcək. Hazırda Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedir".

13:36

İlkin məlumata əsasən, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində xəsarət alanlardan 5 nəfəri əcnəbi vətəndaşdır.
Bu barədə APA -nın yerli bürosuna Şəki Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.

İlkin məlumata görə, Ağacın qırılmasına ötən gündən başlayan yağışlı və qeyri-sabit hava şəraitinin səbəb olduğu bildirilir.
13:33
Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata görə, Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya səbəb güclü küləyin olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.