“Türkiyə Amerikanın təzyiqlərinə hazır olmalıdır” - “S-400”lərə görə

“Məsələnin bu həddə gəlib çatmasında ABŞ tərəfinin xətalarının önəmli rol oynadığını qeyd etmək lazımdır”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib

Analitik bildirib ki, Türkiyənin Rusiyadan S-400 ZRK alması niyyəti öncədən bəlli idi: 

“İlk vaxtlar Vaşinqton məsələni ciddiyə almadı. Güman ki, onlar bu cür xəbərlərin Ankara tərəfindən qəsdən mediaya sızdırıldığını və ABŞ-a mesaj xarakterli olduğunu düşündülər. Çünki prezident Ərdoğan Suriyada öz hədəflərinə nail olmaq üçün Rusiya ilə ABŞ arasında ustalıqla manevr etməyə başlamışdı. Bu uğurlu siyasətin nəticəsində əvvəlcə “Fərat qalxanı”, daha sonra “Zeytun budağı” əməliyyatları gerçəkləşdi. Vaşinqton bu siyasətdən məmnun deyildi. S-400 mövzusu ortaya çıxanda öz səssizliyi ilə sanki Ankaraya nümayiş etdirmək istədi ki, Vaşinqton buna inanmır.

ABŞ hökumətlərinin başqa bir xətası isə odur ki, zamanında Türkiyəyə “Patriot” sistemləri satmaq üçün həvəsli davranmadılar. Konqresi bu cür önəmli alqı-satqıya razı salmaqda çətinlik çəkəcəklərini Ankaranın nəzərinə çatdırdılar.

Əgər vaxtında Türkiyəyə “Patriot”ar satılsaydı, problem bu yerə gəlib çıxmayacaqdı. Yaxud S-400 sövdələşməsi barədə söz-söhbətlərin yayıldığı dönəmdə bunun mümkün neqativ nəticələri hazırda olduğu kimi, konkret şəkildə Ankaranın nəzərinə çatdırılsaydı, bəlkə də Türkiyə hökuməti hər hansı sənədə imza atmadan Rusiya ilə danışıqları dayandıracaqdı”.

Siyasi şərhçinin sözlərinə görə, son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri kefiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir

“Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır. “S-400” sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi.

Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin “S-400” məsələsində haqlı olduğunu göstərdi”.

A.Rəşidoğlunun fikrincə, istənilən halda, Türkiyə “S-400” raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır

“Doğrudur, Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni “S-400” raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq.

Çünki Türkiyə Rusiyadan aldığı “S-400” raketlərinə baxmayaraq, Amerikadan da hərbi texnika almağa çalışacaq. Bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək.

Son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək.

Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan “S-400” sistemini almaq istəyir.
Bu məsələdə Rusiya önə çıxır və bütün günahları Ərdoğana yükləmək yanlışdır”.