“Tehran rejimi Cənubi Azərbaycan fəallarını özlərinə təhlükə kimi görür” 

“İranda Cənubi Azərbaycan fəallarının təqib edilməsi fars rejiminin dövlət siyasətidir”.

Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri Azər Qasımov deyib. 

Partiya funksioneri bildirib ki, Tehran rejimi onları hər zaman öz hakimiyyətlərinə təhlükə görür: 

“İran tarixində dəfələrlə baş vermiş müstəqillik uğrunda Azərbaycan xalq hərəkatları olub. Güneydə yaşayan soydaşlarımız arasında belə bir fikir var. Düşünürlər ki, indiki potensial nəinki İranın Qərb hissəsini, bütöv rejimin idarəçiliyini ələ almağa imkan verir. Yəni belə demək mümkündürsə, cənublu qardaşlarımız İranın parçalanmasının əleyhinədirlər. Tehran hakimiyyəti bunun fərqindədir və bu baxımdan ciddi narahatlıq keçirir. Son iki yüz ilə qədər türklər İranı idarə ediblər. BAXCP və mətbu orqanımız olan “Xalq Cəbhəsi” qəzeti, eyni zamanda partiyanın xüsusi şöbəsi olan “Türk dünyası və cənubi Azərbaycanla iş” üzrə şöbəsi təşkilatımızın adında olan Bütöv Azərbaycan şüarı ilə hər zaman bu məsələləri diqqətdə saxlayırıq. Bu istiqamətdə təbliğat aparırıq”. 

A.Qasımov məsələnin ictimaiyyətdə niyə geniş müzakirə olunmamasına bu cür münasibət bildirib

“Məsələ ondadır ki, güney Azərbaycan mövzusu daha çox siyasi cəhətdən aktiv insanlar arasında müzakirə edilir. PKK terrorçularının İran qolu sayılan PJAK-ın Azərbaycan kəndlərinə hücumu ilə əlaqədar partiyamızın Sumqayıt şöbəsi bəyanat vermək fikrində idi. Ümumiyyətlə, cəmiyyət son zamanlar bütün siyasi hadisələrə laqeyd yanaşır. Ona görə də hesab edirəm ki, problemi fərdiləşdirməyə ehtiyac yoxdur. Biz yenə də öz dəstək mesajlarımızı cənublu qardaşlarımıza çatdırır və hər zaman Bütöv Azərbaycan ideyasının bir gün qalıb gələcəyinə inanırıq!”.

Qeyd edək ki, İranda milli fəal Abbas Lisaniyə 8 il həbs cəzası, ailəsinə isə 2 il sürgün hökmü verilib. Cənubi Azərbaycandakı milli fəallar fars rejiminin qərarına etiraz edərək Lisaninin azadlığını tələb ediblər. Lakin əfsuslar olsun ki, güneydən fərqli olara bu məsələ ictimaiyyətdə geniş müzakirələrə səbəb olmadı. Heç bir partiya və ya vətəndaş cəmiyyəti məsələ ilə bağlı hansısa bəyanat yaymadı.