Rusiyanın vətəndaşlıq təklifi cəlbedici ola bilər, ancaq...

Burada başqa məqamlar var, hökumətin vətəndaşlıq təklif etdiyi şəxslərə hansı şərt irəli sürəcəyi hələ bəlli deyil

Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər. Bu məlumat Rusiyanın “Komsomolskaya Pravda” qəzetində yer alıb. Nəşrin yazdığına görə, SSRİ-də doğulmuş bütün insanlara Rusiya vətəndaşlığı əldə etmək üçün “gözəl fürsət” yaranıb. Artıq xarici vətəndaşlıqdan imtina edilməsi üçün sonsuz sayda sənəd toplamaq lazım deyil. Mənbədə qeyd olunub ki, bununla bağlı hazırlanan qanun layihəsi Dövlət Dumasının Milli İşlər Komitəsi tərəfindən təsdiqlənib. Layihə Rusiya vətəndaşlığını əldə etmək prosesini, xüsusən də rus dilində danışanlar üçün xeyli asanlaşdırır. Təsdiq olunmuş qanun layihəsinə əsasən, mövcud qanunvericiliyə aşağıdakı iki düzəlişlər tətbiq edilməlidir:

- Rusiyada və keçmiş SSRİ ərazisində doğulan insanlar bundan sonra yerli rus dilində danışa bildikləri halda Rusiya vətəndaşı hesab edilirlər. Layihədə başqa bir “müsbət” məqam isə insanların asanlıqla oturma izni ala bilməsinin nəzərdə tutulmasıdır. Beləliklə, xarici vətəndaşlıqdan imtina etmədən, müalicə üçün heç bir sənəd toplanmadan oturum almaq mümkün olacaq. Yaxın gələcəkdə layihənin Dövlət Dumasının digər komitələri tərəfindən nəzərdən keçiriləcəyi, sonra səsverməyə çıxarılacağı gözlənilir. Qəzetin yazdığına görə, layihənin qəbul olma ehtimalı çox yüksəkdir, demək olar ki, yüz faiz”. 

Rus nəşrinin gündəmə gətirdiyi məsələni “Şərq”ə təhlil edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, Rusiyada hazırda 2 milyondan çox azərbaycanlı yaşayır. Politoloqun sözlərinə görə, soydaşlarımızın əksəriyyəti öz işlərini qurmaq və rahat şəkildə çalışmaq üçün qeydiyyat məsələsinə önəm verirlər:

“Rusiya tərəfinin təklif etdiyi vətəndaşlıq bəziləri üçün cəlbedici ola bilər. Çünki bununla həmin şəxslər hansısa rus qadınla evlənmək və onun vasitəsi ilə Rusiyada qeydiyyata düşmək məcburiyyətindən xilas olarlar. Amma burada başqa məqamlar var. Çox güman ki, qanun layihəsini hazırlayanlar ikili vətəndaşlıq məsələsini nəzərə alıblar. Rusiya vətəndaşlığını qəbul edənlər Azərbaycan vətəndaşlığını saxlaya biləcəklərmi?

Almaniya uzun müddət Türkiyədən gələn insanlara ikili vətəndaşlıq verirdi. Lakin daha sonra rəsmi Berlin birmənalı qaydada bəyan etdi ki, türklər iki vətəndaşlıqdan birini seçməlidir, ya Almaniya, ya da Türkiyə vətəndaşı olmalıdır. Rusiya hökumətinin vətəndaşlıq təklif etdiyi şəxslərə hansı şərt irəli sürəcəyi hələ bəlli deyil. İlk dövrdə heç bir şərt olmasa belə gələcəkdə hansısa tələb ola bilər”. 

Analitikin sözlərinə görə, Rusiyanın ən ciddi problemi əhalinin azlığıdır: “Ölkədə demoqrafiya problemi böyükdür, evlənmə halları aşağıdır, nəsilartırma üçün heç bir cəhd edilmir, ikinci uşağın doğulmasına imkan verilmir. Nəticədə əhali sürətlə azalır və işçi qıtlığı yaranır. Rusiya yeganə ölkədir ki, əhali hər il çox böyük ölçüdə azalır.

Moskva hökuməti azalan əhalinin yerini mühacirlər, ələlxüsus da SSRİ imperiyasında yer almış ölkələr hesabına doldurmağa çalışır. Ancaq sirr deyil ki, bu siyasəti həyata keçirən Kremlin əsas arzusu keçmiş sovet imperiyasını başqa formada bərpa etməkdir”.